İnsanlara hürriyət, millətlərə istiqlal!

Eyyub Hüseynovdan SOS: “Restoranlarda insanlara ən təhlükəli qidalar təklif olunur”

2989 17.12.2018 09:30 Gündəm A A

Eyyub Hüseynovdan SOS: “Restoranlarda insanlara ən təhlükəli qidalar təklif olunur...”

Son zamanlar paytaxt ərazisində restoranların fəaliyyətinə ciddi nəzarət var. Xüsusilə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi restoranların havanı çirkləndirməyinə qarşı sərt mübarizə apararaq, lazımi nəticələrə gəlməkdədir.

Ölkə başçısının sərəncamı ilə Ekologiya və Sərvətlər Nazirliyi məhkəməyə müraciət etmədən, havanı çirkləndirən, müvafiq təmizləyici qurğu quraşdırmayan restoran sahiblərini cərimələyə bilər. Bu xüsusda müəyyən addımlar da atılıb. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Bakı, Sumqayıt, Gəncə və Abşeron yarmadasında müasir standartlara uyğun təmizləyici qurğuları olmayan, havanı çirkləndirən 292 iaşə obyektlərindən atmosferə atılan tullantılarla bağlı monitorinqlər aparılıb. Bu barədə məlumatı nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, ETSN tərəfindən verilən vaxtdan bu günə qədər 223 iaşə obyektində müasir standartlara cavab verən qurğu quraşdırılıb. İki restoran məhkəmənin qərarı ilə bağlanıb. Onlar “Özkardeşlər” və “Qızıl balıq” adlı iaşə obyektləridir". İ.İbrahimova qeyd edib ki, məhkəmə tərəfindən 17 restoranın bağlanması istiqamətində işlər görülür.

Bəzi restoranların təkcə havanı deyil, insanları da zəhərləməsi ilə bağlı indiyə qədər yetərincə məlumat yayılıb. Söhbət mənşəyi məlum olmayan ətlərdən gedir ki, əksər hallarda bu ətlərin son duracağı restoran mətbəxləri olur.

Əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması, insanların sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyəti qurumlarla birgə tədbirləri davam etdirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən mələsə ilə bağlı bildirilib ki, növbəti belə tədbir dekabrın 13-də Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Ağcabədi rayonu ərazisində keçirilib.

Rayonun Avşar kənd sakini Məzahir Rüstəmova məxsus həyətyanı sahəyə baxış zamanı oradan mənşəyi məlum olmayan və natəmiz vəziyyətdə saxlanılan 170 kiloqram ət aşkarlanıb. Ətdən götürülmüş nümunələr ekspertiza keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

Eyyub Hüseynov ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan ekspert Eyyub Hüseynov bildirdi ki, əslində restoranlarla bağlı ciddi tədbirlər görmək lazımdır. Ekspertin fikrincə, bu işlərin hamısı Daxili İşlər Nazirliyinə həvalə edilməlidir: “Əhali məndən hər dəfə soruşur ki, nə üçün aşkar edilən leş ətlərin sifarişçisi tapılmır. Yəni məlumdur ki, bir şeyin tələbi olmasa, təklifi də meydana çıxmaz. Kimdir bunu tələb edənlər? Mənə elə gəlir ki, bu məsələlərdə Daxili İşlər Nazirliyinə maneə olanlar var. Deyim ki, bu sahədə ən uğurlu iş Daxili İşlər Nazirliyi tərəfindən aparılır. Digər dövlət orqanları deyirlər ki, hər əti satmaq olar. Yəni sən at, eşşək, it əti də sata bilərsən. Yalnız bu şərtlə ki, həmin məhsulun üzərinə yazasan ki, nə ətidir. Bu mövqe ilə qəti şəkildə razı deyiləm. Yalnız Daxili İşlər Nazirliyi belə şeyləri ifşa edən zaman, onu ekspertizaya göndərir, hüquqi addımlar atır. Yəni bu qurumun mövqeyi digərləri kimi deyil. Ona görə də nazirliyə məsələ ilə bağlı məncə təzyiq edənlər var. Hər zaman təklif etmişəm ki, məsələ birbaşa olaraq Daxili İşlər Nazirliyinə həvalə edilsin. Bəli, restoranlarda problemlər yaşanır. Bu, heç kimə sirr deyil”.

Ekspert bildirib ki, istehlakçı olaraq özüm-özümüzü aldadırıq: “Bütün dünya istehlakçıları özlərini aldadır. Bunu Beynəlxalq İstehlakçılar Təşkilatının Azərbaycan nümayəndəsi olaraq deyirəm. Kim bizim ömrümüzün uzunluğu barəsində düşünür? Hansı ölkə istəyər ki, onun vətəndaşlarının 50 faizinin ömrü uzun olsun və onlara pensiya ödənilsin. Bunu, heç bir ölkədə istəmir. İstehlakçıları aldatmaq üçün dünyada işlər gedir. Guya həkimlər, dövlətlər dünyada insanların ömrünü uzatmaq üçün işlər aparırlar. Əslində isə bu, belə deyil. Problem Azərbaycandan da yan keçməyib. Məsələ kapitalizmin nəticəsidir. Bəli, restoranlarda insanlara ən təhlükəli məhsullar təklif olunur. Şadlıq evlərində iş başlayan zaman isə dövlət məmuru evinə yatmağa gedir. Ona görə də nəzarət zəifdir. Ölkə başçısı da dəfələrlə bildirib ki, həyatın bütün sahələrində  ictimai nəzarət lazımdır - o cümlədən bu sahədə. Nə qədər ki, ictimaiyyətlə iş aparılmır, bu problem var, olaraq qalacaq. Restoranlarda tüstü ilə yanaşı, bu məsələ də qabardılmalıdır. Çünki əsas məsələ elə budur”.

Əli RAİS,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR