Eynulla Fətullayev Rusiya TV-də ABŞ kəşfiyyatının Bakıda planlaşdırdığı xüsusi əməliyyatlar haqda danışdı - Video
Rusiya telekanalı "Çar-qrad" Qərbin Türkiyədə hazırladığı dövlət çevrilişi və Qərb siyasi dairələrinin Azərbaycanda sabitliyi pozmaq cəhdləri haqqında material hazırlayıb.
Maraqlıdır ki, Rusiya telekanalının bu materialı bütünlüklə haqqin.az və virtualaz.org-un yazıları və araşdırmaları əsasında hazırlanıb.
Verilişin əsas qonağı isə haqqin.az və virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayev olub və o, Azərbaycanda sabitliyi pozmaq üçün edilən cəhdlərdən danışıb.
Eynulla Fətullayevin sözlərinə görə, 2005-ci ildən başlayaraq Azərbaycanda dövlətin əsaslarını sarsıtmaq üçün cəhdlər olub. Və bu cəhdləri liberalların və milli demokratların əli və ehtiyatları ilə həyata keçirmək istəyiblər.
Jurnalist qeyd edib ki, bütün cəhdlərə rəğmən Ukraynada, Gürcüstanda, Moldova və Qırğızıstanda tətbiq olunan model Azərbaycanda fiaskoya ugrayıb. Buna görə də liberalların və milli demokratların ölkədə sabitliyi pozmaq üçün qüvvələrinin və ehtiyatlarının tükəndiyini görən təşkilatçılar Azərbaycan üçün qeyri-ənənəvi islam təlimini - gülənçiliyi və sələfiliyi tətbiq etməyə başlayıblar.
Eynulla Fətullayev həmçinin qeyd edib ki, son illər Azərbaycanda liberalların qalıqlarının və dini güclərin birləşməsi müşahidə olunur. Başqa sözlə, bir neçə gün əvvəl Bakıda Amerika pulu ilə, qəribə də olsa, daha çox dini şüarların səsləndirildiyi mitinq təşkil olunub.
O da vurğulanıb ki, Türkiyədə Gülənçi təriqətinin darmadağın edilməsindən sonra Azərbaycan hüquq-mühafizə orqanlarının apardıqları araşdırmalar nəticəsində məlum olub ki, buradakı Qərb yönümlü qüvvələrin bir hissəsi Fəthullah Gülənin Türkiyədəki tərəfdarları tərəfindən maliyyələşdirilib.
Jurnalist onu da qeyd edib ki, avqustdan başlayaraq Azərbaycan müxalifəti liderlərinin Avropa və ABŞ səfirləri ilə görüşləri intensivləşib. O da məlum olub ki, Azərbaycanda hökumət əleyhinə son mitinqin təşkili üçün ABŞ səfirliyi tərəfindən 100 000 dollar vəsait ayrılıb və həmin vəsaitin bir hissəsi dini şüarların səsləndirildiyi aksiyada müxalifətçilərə paylanılıb.
Eynulla Fətullayevin fikrincə, amerikalılar artıq başa düşürlər ki, uzun illər ərzində vəziyyəti gərginləşdirə bilmədikləri Azərbaycanda yalnız “dünyəvi qüvvələrin” köməyi ilə qarışıqlıq yaratmaq olar. Məhz buna görə də, indi Azərbaycan hakimiyyətinə qarşı yeni konsepsiyadan - dünyəvi qüvvələrin və islamçıların gücündən istifadə etmək qərarına gəlinib.
Virtualaz.org






