İnsanlara hürriyət, millətlərə istiqlal!

EYNULLA BARƏDƏ YENİ AVROPA QƏRARI

2774 07.12.2010 14:50 Son xəbər A A

“Turan” xəbər verir ki, komitənin 30 noyabr iclası haqda məlumatında deyilir: “Avropa İnsan Hüquqları Konvensiyanın 146-cı maddəsinə uyğun olaraq Avropa Şurası üzvü Avropa İnsan Hüquqları Məhkəməsinin aşkar etdiyi pozuntulara mümkün qədər tez son qoymalıdır. 46-cı maddəyə uyğun olaraq ərizəçi dərhal azad olunmalıdır. Azərbaycan Ali Məhkəməsinin 11 noyabr qərarı Eynulla Fətullayevin azadlığa buraxılması məsələsinin həllinə imkan verir. Lakin narahatlıqla qeyd edirik ki, ərizəçi indiyədək həbsdə saxlanılır və 2007-ci il aprelin 20-dən onun ədalətsiz həbsinin səbəbləri barədə suallar qalır. Azərbaycan hakimiyyətini bu iclasda qaldırılan məsələyə dərhal baxmağa və ərazəçinin həbsinin dayandırılması üçün bütün tədbirləri görməyə, əgər zərurət varsa cəzanın başqa tədbirlə əvəzlənməsinə çağırırıq”.

Avropa Şurası Nazirlər Komitəsi təşkilat üzvü olan ölkələrin XİN rəhbərlərindən ibarətdir. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının yerinə yetirilməsinə nəzarət komitənin mühüm funksiyalarından biridir.

Eynulla Fətullayev 2007-ci ilin aprelində təhqirdə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin ilin oktyabrında terrorçuluqla hədələmə, qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, külli miqdarda vergidən yayınma ittihamları ilə yenidən məhkum olunan jurnalistin cəzası 8 il 6 aya qaldırılıb.

2010-cu il noyabrın 11-də Ali Məhkəmənin Plenumu Eynulla Fətullayev barəsində yeni qərar çıxarıb. Jurnalistin üzərində iki ittiham saxlanıb və ona 2 il 3 ay cəza müəyyənləşdirilib. 3 iyul 2007-ci ildən hesablanan cəza müddəti başa çatsa da, Eynulla Fətullayev üstündə olan narkotik işinə görə azadlığa buraxılmayıb.

2010-cu il iyulun 6-da Qaradağ Rayon Məhkəməsi Eynulla Fətullayevi narkotik vasitə saxlamada təqsirli bilərək 2 il 6 ay həbsə məhkum edib. Bu qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verilib. Noyabrın 5-də Bakı Apellyasiya Məhkəməsi hazırlıq iclasında Eynulla Fətullayev barəsində həbs qətimkan tədbiri seçib.

Ali Məhkəmə Plenumunun noyabrın 11-də Eynulla Fətullayev haqqında qəbul etdiyi qərarlar Avropa İnsan Hüquqları Məhkəməsinin 2010-cu il aprelin 22-də çıxardığı qərarla bağlıdır. Aprelin 22-də Avropa Məhkəməsi Eynulla Fətullayevin 2007-ci ilə aid iki iş üzrə şikayətə baxaraq jurnalistin dərhal azadlığa buraxılması, ona 27 min 822 avro təzminat ödənilməsi barədə qərar qəbul edib. Azərbaycan hökuməti Avropa Məhkəməsinin qərarından Böyük Palataya şikayət versə də, qərar qüvvədə saxlanıb. Ona görə də Ali Məhkəmənin Plenumu bu məsələyə baxmalı olub.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR