İnsanlara hürriyət, millətlərə istiqlal!

Əxlaqsızlıq edən telefon, internet deyil, adamlardır!

1629 20.02.2024 21:53 Ölkə A A

Sosial baxımdan bütün dünyada gərginlik, qarışıqlıq var. İnsanların şüurunda, davranışlarında elmin, tibbin hələlik baş açmadığı dəyişiklər baş verir. Gözlənilməz reaksiyaları, qəddarlıqları, aqressiyanı kimi GMO qidalarla əlaqələndirir, kimisi bəşəriyyəti saran müharibələrin psixologiyalara mənfi təsiri ilə izah edir, kimisi texnoloji yeniliklərin beyinlərdə yaratdığı fəsadlara bağlayır, kimisi də sosial-iqtisadi problemlərə işarə edir və s...


Şübhəsiz, bunların hamısının rolu var və insan cəmiyyətləri, xüsusilə gənc, orta nəsil tam fərqlidir. Pisdir, yaxşıdır, perspektivdə nələrlə qarşılaşacağıq, bunu proqnozlaşdımaq da mümkün deyil.

Fakt budur ki, bəşəriyyət yeni minilliyin, yeni əsrin əvvəllərində gərgin bir mərhələ yaşayır.
Dünyanın bir parçası kimi, Azərbaycanda da belədir.
İnsanları ən çox cəmiyyətdəki aqressiya, qəddar davranışlar və onların səbəbləri narahat edir, düşündürür.
Diqqət daha çox yeniyetmə və gənclərə yönəlib.

Əhməd Əhmədov adlı gəncin bütün ailə üzvlərini qətlə yetirməsindən sonra fevralın 19-da yeniyetmə qızların iştirakı ilə baş vermiş biabırçı hadisənin məlum videosu yayıldı. Bütün ölkə indi bundan danışır və çoxları iki ünvanı qamçılayır – məktəbi, müəllimləri və sosial şəbəkələri.
Məktəbi, müəllimi qınamaq, ittiham etmək, asıb-kəsmək asandır. Ancaq məktəbin, müəllimin dərdini dinləyə bilərikmi? Bilirsiniz aqressiv, anormal ailələrdən gəlmiş uşaqlar məktəbin, müəllimin başına hansı oyunları açırlar? Müəllimlərin əksəri sözün əsl mənasında sinir xəstəsi olub...


Razıyam, məktəblərdə vəziyyət ideal deyil və çox şeyləri dəyişmək lazımdır. Ancaq cəmiyyətin özü daha bərbaddır, cəmiyyəti müalicə etmək, sağaltmaq lazımdır...
Bəli, yenə də bu prosesdə məktəbin, müəllimin üzərinə yük düşəcək. Ona görə də məktəblərin, müəllimin nüfuzunu, səlahiyyətini artırmaq lazımdır. Məktəbə o imkan verilməlidir ki, çətin tərbiyə olunan uşaqları müvafiq müəssisəyə göndərməyə ixtiyarı çatsın. Habelə, dövlət belə müəssisələr yaratmalıdır. Məktəblərdə, siniflərdə tərbiyəvi mühiti korlayan uşaqlarla ayrıca təhsil müəssisəsi məşğul olmalıdır...
Problemli, aqressiv uşaq yetirən ailələrlə bağlı isə xüsusi dövlət proqramları hazırlanmalıdır. Bu ailələr hansısa uyğun mexanizmlə nəzarətə alınmalı, onlarla daim işlənilməlidir. Belə ailələrdə travma, anormal əxlaqla böyüyənlər cəmiyyətə bəla yetişir, hər birimizi bu bəla yaxalaya bilər...
Neqativ hadisələrin günahkarı qismində telefonları, interneti, sosial şəbəkələri ittiham etmək də nəticə verən deyil.
Hər hansı neqativ halın görüntüsü yayılanda deyirlər ki, ölkədə filan sosial şəbəkə (Tik-tok və s.), məktəblərdə telefon qadağan edilməlidir.
Sirr deyil və narahatedicidir, xüsusən Tik-tokda xeyli tərbiyəsizliklə məşğul olan adamlar var. Bu səhifələr bloklanmalı, o cür iş aparanlar cəzalandırılmalıdır. Ancaq istənilən halda günahkar internet, telefon deyil.

Məgər, məsələn, sonuncu əxlaqsız davranışı, bir qıza həmcinsləri tərəfindən işgəncə verilməsini cansız telefon özü törədib və çəkib? Ya Tik-tok düz-qoş edib yayıb olmayan şeyi?! Problem internetdə, Tik-tokda, telefonda deyil!
Problem odur ki, əxlaqsız, savadsız, cahil ailələr, onların övladları artıq bol-bol "məhsul", "bəhrə", nəticə verir. İnternet, telefon sadəcə cinayətləri ifşa edir, göstərir...
Tutaq ki, telefon, internet yoxdur və bu yaramazlıq baş verib. Onda heç bu cinayətlərdən xəbər tutub tədbir də görülməsi mümkün olmayacaqdı. Heç olmasa internet, telefon hesabına bunları bilirik və cəza olur...
Nə qədər ki, problemi cəmiyyətin savadsızlığında, sosial gərginliklərin artmasına qarşı proqramların azlığında yox, texnoloji yeniliklərdə, internetdə görəcəyik, daha da bərbad duruma düşəcəyik.
Sadəcə, texnoloji yeniliklərdən normal, faydalı istifadə etməyi bacaran cəmiyyət qurmalıyıq!
Necə ki, bıçaq cərrah əlində şəfa, cani əlində bəladır, texnoloji yenilik də eynisidir.
Tv-lərdə, sosial şəbəkələrdə böyük səhifələr üzərindən sağlam düşüncələrin formalaşması, müsbət, adekvat təbliğatların aparılması üçün ciddi layihələr olmalıdır. İnsanları onların toplaşdıqları yerə gedərək maarifləndirmək lazımdır. Bunun mexanizmləri işlənməli və gecikmədən reallaşmalıdır. Məsələn, adamlar Tik-tokda cəmləşibsə, normal təbliğatı orada aparmağa başlamalıyıq.
Sabah insanlar haradadırsa, ora getmək artıq şərtdir. Yoxsa işlər çətin olacaq...
İnsan, cəmiyyət elədir ki, onun özbaşına formalaşması mümkün deyil. Tarix boyunca bütün mədəni, demokratik dəyərlər ilkdə inzibati metodlarla formalaşdırılıb. Məsələn, Almaniyada 70-80 il öncə növbə mədəniyyəti necə formalaşıb bilirsiz? Növbəni pozanı döyüblər, hətta bəzilərini güllələyiblər də! Beləcə, ənənəni yaradıblar.
Heç bir ənənə, heç bir normal mühit özbaşına yaranmır. Uyğun qaydada əmələ gətirmək lazımdır...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR