İnsanlara hürriyət, millətlərə istiqlal!

Evsizlər üçün əlçatmaz olan ipoteka kreditləri: dünyada və bizdə faizlər

2143 15.08.2019 10:10 İqtisadiyyat A A

Ekspert bildirdi ki, Azərbaycanda ipoteka kreditləri ilə bağlı vəziyyət, hələ ki, ürəkaçan deyil

Azərbaycanda kredit faizləri yüksək olduğu kimi, ipoteka kreditlərinin faizi də dünyanın əksər ölkələri ilə müqayisədə yüksəkdir. Belə ki, ipoteka krediti dünyanın çox ölkəsində evə qovuşmaq üçün ən yaxşı vasitələrdən sayılır. Məsələn, Danimarkada 0 faizlə ipoteka krediti verməyə başlayıblar. “Nordea Bank Abp” belə addım atmaq qərarına gəlib. Bank pullarının geri qayıtması üçün 20 il gözləməyə hazırdır. Aşağı faizlə kreditlərin verilməsi Danimarkada təsadüfi hadisə deyil. Məsələn, “Realkredit Danmark” 30 illik 0,5 faizə razıdır. Azərbaycanda isə ipoteka kreditləri 14 faiz civarındadır. Digər kredit növləri ilə müqayisədə bu, ölkə üzrə ən ucuz kredit növü sayılsa da, ipoteka müddətinin sonunda bəzən müştəri evin qiymətinin 120 faizi qədər də əlavə ödəmiş olur.

Son açıqlamaya görə, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 26 min 848 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 324 milyon 736 min 210 manatdan çoxdur.

Bəs, görəsən, ekspertlər ipoteka kreditlərinin şərtlərindən razıdırlarmı?

Bu barədə “Yeni Müsavat”a danışan iqtisadçı-ekspert Vüsalə Əhmədova bildirdi ki, bu kreditlər adətən rəsmi əməkhaqqı yüksək olan vətəndaşlara verilir və nəticədə  əhalinin əksər qismi üçün əlçatmazlıq təşkil edir: “İpoteka kreditləri üzrə 2018-ci ilin bəzi statistik göstəricilərinə nəzər salsaq görərik ki, həmin ildə İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 392 milyon manat həcmində ipoteka krediti verilib. Verilən ipoteka kreditlərinin 109 milyon manatını güzəştli, 283 milyon manatını isə adi ipoteka kreditləri təşkil edib. Kredit götürənlərin iş yerlərinə görə pay bölgüsünə nəzər salsaq, onların 21 faizi hərbi sahədə, 20 faizi bank və sığorta qurumlarında, 13 faizi energetika sektorunda, 9 faizi hüquq-mühafizə orqanlarında, 4 faizi yerli və xarici dövlət qurumlarında çalışanlardır. Güzəştli şərtlərlə ipoteka krediti alanların isə 73,7 faizini hərbi qulluqçular, 11,8 faizini dövlət qulluqçuları təşkil edir”.

Vüsalə Əhmədova ile ilgili görsel sonucu

Ekspert bildirdi ki, Azərbaycanda ipoteka kreditləri ilə bağlı vəziyyət, hələ ki, ürəkaçan deyil: “İllik faiz dərəcələrinin yüksək olması kreditin aylıq məbləğinin haradasa orta aylıq əmək haqqına bərabər olmasına və hətta ondan da yüksək olmasına gətirib çıxarır. Kredit faizlərinin yüksək olmasından əlavə, şərtlər də kifayət qədər ağırdır. Məsələn, ipoteka kreditləri üzrə ödəniləcək aylıq məbləğ borcalanın aylıq məcmu gəlirinin 70 faizindən çox ola bilməz, bundan başqa, aylıq ödənişlərin həcmi ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun 50 faizindən az götürülə bilməz. Borcalanın yaşı qanunvericiliklə müəyyən olunmuş pensiya yaş həddindən çox olmamalıdır, daşınmaz əmlak, ipoteka ilə təmin edilən kreditin həcmindən az olmamaq şərtilə sığortalanmalıdır,  ipoteka krediti almaq istəyən şəxsin gecikmiş cari kredit öhdəlikləri olmamalıdır və s”.

V.Əhmədova həmçinin vurğuladı ki, ölkədə büdcə vasitəsilə sosial ipoteka kreditlərinin verilməsi mexanizmi təkmilləşdirilməlidir: “İpoteka krediti götürənlərin aylıq gəlirinə nəzər salsaq, onların 51 faizinin məvacibi 1101 manatdan yüksəkdir, 17 faizinin maaşı 701-900 manat, 16 faizinin 901-1100 manat, 12 faizinin 501-700 manat arasında dəyişir. Rəqəmlərdən də göründüyü kimi, göstərilən məvaciblər ölkədəki orta aylıq əməkhaqqını kifayət qədər üstələyir. Orta və aşağı gəlir qrupundan olan insanların da ipoteka kreditlərindən yararlanması üçün loyal ipoteka siyasətinin həyata keçirilməsi şərtdir. Ölkədə büdcə vasitəsilə sosial ipoteka kreditlərinin verilməsi mexanizmi təkmilləşdirilməlidir”.

İqtisadçı onu da diqqətə çatdırdı ki, Avropa Birliyi ölkələrindəki ipoteka kredit faizlərinə nəzər salsaq görərik ki, bu ölkələrdəki faizlər daha çox simvolik xarakter daşıyır: “Avropa ölkələri əsasən sosial ipoteka modelini mənimsəyib desək yanılmarıq. İpoteka faizləri burada bazar qanunları ilə tənzimlənir və əsasən 5 faizdən yüksək olmur. Məsələn, Almaniyada illik ipoteka kredit faizləri 0,90 faiz ilə 1,99 faiz arasında dəyişir. Almaniyada ipoteka ilə 200 min avro dəyərində bir mənzil alsanız, banklar sizə illik 0,90 faiz, ən çox halda isə 1,48 faiz ilə kredit verəcək. Belə olduqda kreditin aylıq ödənişləri 150 avro, ən yüksək halda 246 avro təşkil edəcək. Mənzil üçün ilkin ödəniş etsəniz, bu məbləğ daha da az ola bilər. Kreditin 25 illik olduğunu nəzərə alsaq, müddətin sonunda alman vətəndaşı evin dəyərindən əlavə olaraq banka 45 min avro ödəmiş olur. Düşünək ki, həmin məbləğə Azərbaycanda ipoteka ilə ev alınıb. Vətəndaşımız ən yaxşı halda illik 8 faizlə banka hər ay 2.542 manat ödəməlidir. Müddətin sonunda isə evin dəyərindən əlavə olaraq banka 762.920 manat ödəmiş olacaq”.

İqtisadçı hesab edir ki, vətəndaşlarımız banklara aldıqları evin dəyəri ilə eyni məbləğdə və əksər hallarda da evin dəyərindən dəfələrlə yüksək faiz ödəmək məcburiyyətində qalırlar: “Bundan əlavə, mənzillərin hazırkı bazar qiymətləri də ölkənin mövcud iqtisadi vəziyyətini əks etdirmir. Mərkəzi Kəşfiyyat İdarəsinin (Central Intelligence Agency) ”The World Factbook" ölkə sıralamasında illik 14 faizlik ipoteka faiz dərəcəsi ilə Azərbaycan 184 ölkə arasında 136-cı sırada yer alır. Hətta Slovakiya (3,9%), Malta (4,18%), Latviya (4,5%), Çexiya (4,5%) və Estoniya (5,1%) kimi ölkələrdə illik ipoteka faiz dərəcələri bizdə olduğundan dəfələrlə aşağıdır. İllik 1,48% ilə Yaponiya və Almaniya siyahıya liderlik edirlər. Bu səbəbdən də, istər Avropa ölkələrində və istərsə də Yaponiyada, eləcə də ABŞ-da satılan evlərin 90 faizindən çoxu ipoteka krediti vasitəsilə satılır".

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR