Hindistanda 10 il bundan əvvəl məktəbdən evə qayıdan zaman bir kişi tərəfindən edilən evlilik təklifini qəbul etmədiyi üçün üzünə kislota tökülən Pramodini Roulun həyatı darmadağın olub.

Uzun müddət reanimasiyada qalan gənc qız 4 il yatağa məhkum olunmuş vəziyyətdə yaşayıb, 5 dəfə əməliyyat olunub. Bundan başqa, böyük psixoloji zərbə alıb. İllərdir dərd çəkən gənc qızın xəstəxanada qarşısına çıxan şəxs onun həyatını tamamilə dəyişdirib.
“A24.az” bildirir ki, 25 yaşlı gənc motosikletlə gedərkən məktəbdən evə gələn Pramodini Roulun üzünə kislota töküb. Səbəbi isə Roulun evlilik təklifini qəbul etməməsi olub.

Ailəsi tərəfindən “rani” yəni “şahzadə” olaraq adlandırılan gənc qız aylarla reanimasiyada qalır. 4 il yataq xəstəsi olaraq yaşayır. Bundan sonra isə başına daha pis hadisə gəlir.

Belə ki, gözləri görməyən qız xəstəxanadan tez evə buraxıldığı üçün infeksiyaya yoluxur, ayaqları tutulur. Həkimlər isə “şahzadə”nin yenidən gəzə bilməsi üçün ən azı 4 il gözləməli olduqlarını deyir.

10 il əziyyət çəkən və 5 dəfə estetik əməliyyat olunan Roul bütün bunlara baxmayaraq hazırda çox xoşbəxt günlər yaşayır. O, müalicə olunduğu xəstəxanada tanış olduğu Saroj Kumar Sahooya aşiq olub. Bir ildir ki, Hindistanın paytaxtı Dehlidəki evlərində birlikdə yaşayan cütlük yaxında evlənməyi düşünür.

Roul “Sarof mənim şahzadə kimi davranır. Mənim onu sevdiyim qədər, o da məni sevir. Xoşbəxt həyat yaşamağım üçün məni davamlı olaraq cəsarətləndirir. Onunla qarşılaşdığım üçün çox xoşbəxtəm. Çox anlayışlı bir insandır və hər zaman yanımdadır” deyir.






