Bakıda qətl törətməkdə təqsirli bilinən gənc hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Ağcabədi rayon sakini, 1991-ci il təvəllüdlü Amin Kazımovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Hakim Fikrət Qəribovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib. Prosesdə A.Kazımovun anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası sentyabrın 26-na təyin edilib.
Hadisə bu il martın 4-də Amin Kazımov paytaxtın Nizami rayonu Qara Qarayev prospektində kirayə qaldığı evin qarşısında avtomobilin yuyulması üstündə 52 yaşlı Yaşar Məmmədovu qətlə yetirib. Cinayəti törədən Amin Kazımov hadisədən sonra yaşadığı Ağcabədi rayonuna qaçıb. 25-ci polis bölməsinin əməkdaşları həmin şəxsi elə öz rayonlarında saxlayıb.
Qeyd edək ki, Amin Kazımov Yaşar Məmmədovu əvvəlcə döyüb, daha sonra üzərində olan bıçaqla ona 7 zərbə vuraraq qətlə yetirib. Çoxlu qan itirən yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Həmin hadisə ərazidəki təhlükəsizlik kamerasına da düşüb.
Hadisədən əvvəl qeyd edilən ünvanın qarşısında gözətçi işləyən Yaşar Məmmədov, Amin Kazımova məhəllədə avtomobil yumasını irad tutub. Bu zaman tərəflər mübahisə edib. Saxlanılan Amin Kazımov ifadəsində bildirib ki, Yaşar Məmmədov onu söyüb. Hadisə də məhz həmin söyüş üstündə baş verib.
İlkin Muradov,
Musavat.com






