İnsanlara hürriyət, millətlərə istiqlal!

Evimizə gələn paslı su - səbəb...

1188 22.10.2019 08:45 Ölkə A A

Anar Cəbrayıllı: “Elə binalar var ki, orada anbarlar illərdir ki, yuyulmur”

Bakıda əhaliyə verilən içməli suyun tərkibi məsələsi tez-tez müzakirələrə səbəb olur. Redaksiyamıza şikayət edən sakinlər bildirirlər ki, evlərində su krantını açdıqları zaman bəzən pas, palçıq gəlir, süzgəclərdə zibil toplanır. Sakinlər bildirirlər ki, su qaynanılan zaman da xeyli ərp yığılır. Bəzi ekoloqlar hesab edirlər ki, suyun çirkli olmasının səbəbi Kür çayıdır. Hətta ekoloqlar tərəfindən Kür çayının suyundan imtina təklifləri də səslənib. Bildirilir ki, Kür çayı ona görə çirklənir ki, Ermənistan öz mis mədənlərinin tullantılarını çayın mənbəyinə tökür,  Gürcüstanda isə Tiflis şəhərinin kanalizasiyası təmizlənmədən çaya axıdılır.

Bu səbəbdən Bakıda əhaliyə verilən suyun anbarlarda filtrasiyadan normal keçirilmədiyi üçün orqanizmə zərərli olduğu iddiası var.

Mütəxəssislər bildirirlər ki, evlərə gələn suyun çirkli olması, köhnə xətlərlə bağlı da ola bilər. Bəs içməli suyun tərkibi araşdırılırmı?

Azərbaycanda qida təhlükəsizliyi məsələsi ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məşğul olur. Məsələ ilə bağlı AQTA-dan “Yeni Müsavat”a bildirildi ki, içməli suyun tərkibinin yoxlanılması səlahiyyəti onlara aid deyil:

Anar Cəbrayıllı ile ilgili görsel sonucu

“Bu işlə ”Azərsu" ASC məşğul olur", - deyə qurumdan bildirildi.

 “Yeni Müsavat”a danışan “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, Bakıya bütün mənbələrdən tamamilə içməyə yararlı su verilir: “Ceyranbatan və Kürdən gələn suyu təmizləyici qurğularda təmizləyib, emal edib əhaliyə veririk. Lakin Şollar suyunu təmizləmirik. Çünki təmizləməyə gərək yoxdur. Bizə də belə şikayətlər gəlir ki, krantdan gələn suyun tərkibində pas, palçıq var. Ən çox da bu cür şikayətlər yeni tikililərdə yaşayan sakinlər tərəfindən gəlir. Yeni tikililərdə yaşayan sakinlər, sadəcə olaraq, binaya nəzarət edən komendantdan tələb etməlidirlər ki, anbarları ildə 1 dəfə yuyub-təmizləsinlər. Anbarlara standartlara görə ildə ən azı 1 dəfə yuyulmalıdır. Bizim tərəfimizdən heç bir yerə təmizlənməyən su verilmir. Əgər kimsə şikayətçidirsə, suyun tərkibindən şübhə edirsə ”Azərsu" ASC-yə müraciət etsin və suyun tərkibini yoxlayaq, su anbarına baxsınlar. Elə binalar var ki, orada anbarlar illərdir ki, yuyulmur. Anbar yuyulan zaman ən azı sakinlər 1 gün susuz qalır. Ona görə sakinlər özləri də anbarın yuyulub-yuyulmamasını öyrənə bilərlər. Əgər anbar uzun müddətdir yuyulmursa, bu cür çirkli suyun onların krantına gəlməsi mümkündür. Biz anbara qədər verilən suya cavabdehik. Anbardan evlərə verilən suya, onun tərkibinə məsuliyyəti biz daşımırıq. Bunlara nəzarəti Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi etməlidir. Onların nəzarəti altında da anbarlar yuyulmalıdır. Bu gün bizim şəbəkəmizlə insanlara verilən suyun keyfiyyəti ilə bağlı heç bir problem yoxdur. “Azərsu” il ərzində 16 mindən çox su nümunəsi yoxlayır. Bizdən də başqa suyun keyfiyyətinə nəzarəti Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi həyata keçirir. Onlar da ürəkləri istədikləri yerdən nümunələr götürüb, özlərinə aid laboratoriyada yoxlayırlar. Onların da yoxlamalarından heç bir problem çıxmayıb".

Mütəxəssislər bildirirlər ki, kalsium, maqnezium, natrium mineralları içməli suyun tərkibində mütləq olmalıdır. Suya vurulan xlor  isə mikrobları öldürür. Lakin ərpin yaranmasının səbəbi xlor və ya palçıq deyil. Mütəxəssislər bildirirlər ki, tərkibində mineralların miqdarı çox olan suyu qaynatmaq mənasızdır. Çünki bütün minerallar çaydanda ərpə çevrilir. Əgər çaydanda ərp əmələ gəlirsə, deməli, siz tərkibində kalsium və ya başqa bir mineral çox olan sudan istifadə edirsiniz. Belə suyu qaynatmadan içmək lazımdır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, bu gün dünya əhalisinin 2 milyardı kanalizasiya suları qarışmış su içir. Bu vəziyyət insanların xolera, dizenteriya, tif və s. xəstəliklərə yoluxması ilə nəticələnir. ÜST dünyada ən çox xəstəliklərin suda yarandığı və su ilə yayıldığı qənaətindədir.

Əli RAİS,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR