“Evimin parketləri Almaniya istehsalı idi” - Xətaidə yanan bina ilə bağlı məhkəmə olub
Avqustun 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisindəki 9 mərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı təqsirləndirilən Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun (iyulun 13-də həbsxanada ürək tutmasından dünyasını dəyişib) cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbirinin verdiyi xəbərə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər ifadə verib.
Qeyd edək ki, zərərçəkmişlər uzun müddətdir, məhkəmə prosesinə könüllü şəkildə gəlmədiklərindən onların zorla gətirilməsi ilə bağlı məhkəmə qərar çıxarmışdı. Keçirilən məhkəmə prosesində 10 nəfər zərərçəkmiş ifadə verib.
Zərərçəkmiş kimi tanınan bina sakinlərindən Zahidə Ağamalıyeva ifadəsində bildirib ki, verilən kompensasiya onu qane etməyib, ev təmirdən sonra uçub tökülüb: “Biz evi öz pulumuzla təmir etmişik”.
İfadə verən Yeganə Səmədova heç kimdən şikayətçi olmadığını, ona verilən kompensasiyadan razı qaldığını deyib.
Növbəti ifadə verən Əminə Ənsərova bildirib ki, hadisə zamanı ev tamamilə yanaraq külə dönüb: “Bu, 63 ailənin başına gələn bir bəla idi. Şükür ki, ölüm olmadı. Ən böyük təsəllimiz budur”.
Ə.Ənsərova verilən kompensasiyadan və evlərindəın təmirindən isə narazı qaldığını deyib: “Yanğından əvvəl evimizi super şəkildə təmir etmişdik. Evin parketləri Almaniya istehsalı idi. Ancaq bütün evlərin hamısını eyni qaydada təmir etdilər. Bu, məni qane etmədi və evi yenidən öz hesabımıza təmir etdik. Bircə onlardan xahiş etdik və parketi gətirdilər”.
Zərərçəkmiş Ş.Kazimov yanğından sonra serroz xəstəliyinə tutulduğunu və mənəvi zərər gördüyünü deyib: “Bu işi görənlərə yazıqlar olsun. Çox məsuliyyətsiz iş görüblər. Binanın üzlənməsi üçün gətirilən materialın qalıqları binanın yanına yığılmışdı. Həmin qalıqların altından kabel keçirdi. Həmin yanğın da elə həmin yerdə başlayıb”.
Verilən kompensasiyadan razı qalmayan zərərçəkmişlərdən biri də Balaşxan Hümbətov olub. O, ifadəsində yanğın zamanı bütün əşyalarının yanıb külə döndyünü bildirib: “Təsəvvür edin ki, qab-qacaq, paltar, bir sözlə bütün əşyalar yanıb. Düşünün ki, verilən 15 min manata bunların hamsıını necə almaq olar? Həbs edilənlərdən də şikayətçi deyiləm. Allah onların qapısını açsın”.
Zərərçəkmişlər ifadə verdikdən sonra hakim bildirib ki, senytabrın 6-na növbəti məhkəmə prosesi təyin edilib. Həmin prosesdə sonuncu dəfə olaraq zərərçəkmişlər ifadə verəcək. Sonrakı prosesdə şahidlər ifadə verəcək.
Qeyd edək ki, hadisə ötən il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda baş verib. Həmin ünvanda TNH şirkəti tərəfindən fasadında “poliuretan” materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb.
Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə aparılan baxış, axtarış, götürmə və s. istintaq hərəkətləri ilə TNH şirkətinin fəaliyyətinə, istehsal etdiyi “poliuretan” məmulatının keyfiyyət və istehsal texnologiyasına dair zəruri materiallar, həmçinin iş üçün əhəmiyyət kəsb edən digər sənədlər müvafiq qaydada maddi sübut kimi götürülüb.
Ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə yanğın təhlükəsizliyi qaydalarını kobud surətdə pozaraq, Xətai rayonu ərazisində yerləşən və qeyd edilən yaşayış binasına və bina sakinlərinə külli miqdarda maddi ziyan vurulmasına səbəb olan əməllərinə görə “TNH” şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək, barələrində Nəsimi Rayon Məhkəməsinin qərarları ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Sonradan həbs-qətimkan tədbirinin müddəti artırılıb.
Bildirək ki, əvvəlki məhkəmə proseslərində çıxış edən təqsirləndirilən şəxslər özlərini təqsirli bilmədiklərini deyiblər.
F.Sadıqov TNH şirkətinin rəhbəri olmadığını, özünün “Astoriya” MMC adlı tikinti şirkətinin olduğunu və Bakıda bina tikintisi ilə məşğul olduğunu deyib. O, şirkətin rəhbəri olan Məmməd Vəliyevin Azərbaycanı tərk etdiyini söyləyib.
İlkin Muradov,
Musavat.com






