“Evim yıxıldı, balam əlimdən getdi...” - Binəqədidə yanan bina ilə bağlı məhkəmədən REPORTAJ
“Ayılanda uşağımı soruşdum. Öldüyünü demədilər. Dedilər ki, şüşənin altındadır. Bir həftə sonra bildim ki, uşağım ölüb”.
Bunu Binəqədidə çoxmərtəbəli binada baş verən yanğınla bağlı davam edən məhkəmə prosesində zərərçəkmiş Şahnaz Qəniyeva deyib.
Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilən məhkəmə prosesində musavat.com-un müxbiri də iştirak edib.
Məhkəmə prosesində zərərçəkmişlər ifadə verib. İlk ifadə verən bəzi iddialarda, vəkilərin fikirlərində şübhəli şəxs kimi adı çəkilən, bina yanan zaman özünü 15-ci mərtəbədən atan Yaşar Nəcəfovun anası Kifayət Nəcəfova olub.
Yaşar Nəcəfzadənin anası ifadəsində heç kimdən şikayətinin olmadığını deyib: “Evim yıxılıb, tufağım dağılıb. Daha nə danışım? O cür balam əlimdən getdi. Savadlı, ağıllı balam. Vətənpərvər oğul idi. Müharibəyə gedib şəhid olsa idi, məni belə yandırmazdı. 5 dəqiqənin badına getdi. Heç kimə qarşı şikayətim və tələbim yoxdur. Onsuz da mənə olan olub”.
Azyaşlı övladını itirən Şahnaz Qəniyeva da məhkəmə prosesində zərərçəkmiş kimi ifadə verib.
O, yanğın zamanı başına gələnləri danışıb: “Yatmışdım. Uşağım məni oyatdı ki, ev yanır. Uşağı götürüb qapıdan çıxmaq istəyəndə gördüm ki, hər yer tüstüdür. Məcbur evə qayıdım arxa tərəfdə olan balkona çıxdım. Orada alov yox idi. Qışqırıb kömək istədim. Amma tüstü var idi. Birə işləmiş huşumu itirdim. 4 saat sonra xəstəxanada gözümü açdım. Uşağı soruşanda dedilər ki, müalicə alır. Ancaq bir həftə sonra bildim ki, ölüb”.
Yanğın zamanı binada olanlardan biri də Hilal Rəsulov olub.
Zərərçəkmiş kimi ifadə verən H.Rəsulov hadisə zamanı bir qadının və uşağın öldüyünü gördüyünü deyib: “Ev yananda istədim dama çıxım. Ancaq qapı bağlı idi. Yuxarı mərtəbəyə qalxanda özünü binadan atan Yaşarı gördüm. Yanında qadın və uşaq var idi. Onlar ölən ana və bala idi”.
Məhkəmənin davamında təqsirləndirilənlərdən “Global Construction” MMC-nin təsisçisi Mahmudov Miryusif Mircəfər oğlunun səhhəti pisləşib. Məhkəmədə fasilə elan olunub və təcili tibbi yardım çağırılıb.
M.Mahmudov tibbi yardım aldıqdan sonra proses davam etdirilib. Məhkəmədə Təhsil Nazirliyinin əməkdaşı da zərərçəkmiş kimi ifadə verib.
O, qonaq gəldiyi zaman maşının yandığını deyib: “Yanğın baş verən binanın yanında iş yoldaşım yaşayırdı. Onu maşınla götürməyə getmişdim. Çağırdı ki, gəl çay içək, sonra gedək. Bir də gördük ki, bina yanır. Maşını yanan binanın yaxınlığında saxlamışdım. Yanğın zamanı da maşınım yanıb”.
Təqsirləndirilən Miryusif Mahmudovun vəkili İlhamə Həsənova vəsatətlə çıxış edib. O, müvəkkilinin səhhətində porblemlərin olduğunu, bu gün də təcili yardımın çağırıldığını əsas gətirərək onun müalicə müəssisəsinə yerləşdirilməsini istəyib.
Hakim vəsatətə münasibət bildirərkən deyib ki, məhkumun hara köçürülüməsi məhkəmənin səlahiyyətində deyil. Ancaq hakim bildirib ki, məsələ ilə bağlı təcridxanaya məktub göndəriləcək.
Prosesin davamında hakim bildirib ki, digər zərərçəkmişlər məhkəməyə gəlmədiyindən təqsirləndirilənlərin ifadəsini dinləmək olar. Lakin təqsirləndirilənlərin vəkilləri buna etiraz edib.
Məhkəmə prosesi iyulun 28-də davam etdiriləcək.
Qeyd edək ki, qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktorun müavini Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçisi Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin idarə heyətinin sədr müavini Əsgərov Ələkbər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəm oğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi vəzifəsində işləmiş rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq, onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.
Xatırladaq ki, rəsmi məlumata görə, yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
İlkin MURADOV,
Musavat.com






