Evi yanıb, kül olan ailənin faciəsi... - FOTOLAR
Bu gün Bakı şəhəri Əli Bəy Hüseynzadə küçəsində, Anadolu Türk Litseyinə yaxın binada yanğın hadisəsi baş verib. Hadisə nəticəsində ev tamamilə yanıb, kül olub.
Biz hadisə yerinə çatarkən orada yanan evin sahibindən və qonşulardan başqa heç nə gözə dəymirdi. Yanan evin sahibi Əzimova Firəngiz hadisənin baş verməsindən və ciddi xəsarətlər alan oğlu Xanəhməd Xanəhmədovun durumundan danışdı: “Həyətdə idim. Oğlum işdən yorğun gəlib, evdə uzanmışdı. Qəflətən gördüm ki, evin yuxarı mərtəbəsi yanmağa başladı. Uşaqlar bərk qorxdular. Ətrafdaki qonşuları çağırdım. Onlar su daşımağa və yanğını söndürməyə çalışdılar. Amma nə qədər çalışsalar da, mümkün olmadı. Evim tamamilə yanıb, kül oldu. Yanğın elə sürətlə baş verdi ki, əşyalardan heç birsini çıxara bilmədik. Bütün ev əşyalarımız tamamilə yanıb, kül oldu. Qonşuların köməyi olmasa, yanğın ətrafdaki evlərə də keçəcəkdi. Oğlum ciddi yanıq xəsarətləri ilə 1 saylı şəhər xəstəxanasına aparıldı”.
Ev sahibi və qonşular yanğın baş verən zaman aidiyyatı orqanlara zəng etsələr də, lakin onların hadisə yerinə gec gəldiklərini bildirdilər.
Ev sahibi Əzimova Firəngiz bunları dedi: “Yanğın baş verən zaman təcili 112 xidmətinə zəng vurduq. Amma Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin əməkdaşları 4 saatdan sonra gəldilər. Buna səbəb kimi, yolda tıxaca düşmələrini bəhanə gətirdilər. Onlar gələn zaman artıq yanğın qonşuların köməyi ilə söndürülmüşdü. Təcili Tibbi Yardım maşını da gec gəldi. Oğlum 4 saatdan sonra xəstəxanaya aparıldı. Belə diqqətsizlik olmasından dəhşətə gəlirəm. Qalmağa evim yoxdur. Yeganə evim bu idi. Dövlətdən mənə kömək edilməsini xahiş edirəm. Oğlumun körpə uşaqları evsiz qaldı. Çox kasıb vəziyyətdə yaşayırıq. Kirayə ev tutmağa imkanımız yoxdur. Hər kəsdən kömək istəyirəm. Ümidim yalnız sizlərədir”.
Qonşu Xəlilova Sədaqət da hadisə nəticəsində faciəvi duruma düşən ailənin çətin durumundan danışdı: “Xahiş edirəm ki, bu hadisə ilə bağlı ciddi ölçü götürülsün. Nəzərə almaq lazımdır ki, bu işdə dövlət də bilavasitə günahkardır. Çünki biz hadisə haqqında vaxtında xəbər verdik. Amma 112 xidməti gec gəldi. Nəticədə ev yanıb, kül oldu. Evdən bir əşya belə çıxara bilmədik. Bu ailənin maddi durumu çox ağırdır. Ailədə yalnız xəstəxanaya aparılan Xanəhməd işləyirdi. Güclə dolanırdılar. Hökumətdən bu işdə yardımçı olmasını xahiş edirəm. Biz əlimizdən gələn köməkliyi göstərəcəyik”.
Digər qonşu Vüqar baş verənlərdən dəhşətə gəldiyini söylədi: “Evdə idim. Qəflətən qışqırtı səsi eşitdim. Bayıra çıxdığım zaman alovun bütün evi bürüdüyünü gördüm. Əlimizdən nə gəlirdisə, etdik. Xilasedicilərə qalsaydı, indi ətrafdaki binalar da yanıb, kül olmuşdu”.
Qeyd edək ki, yanğın nəticəsində yaşayış evi tamamilə yarasız vəziyyətə düşüb. Ev sakini Xanəhməd Xanəhmədov hazırda 1 saylı şəhər xəstəxanasındadır. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Cavanşir ABBASLI
Fotolar müəllifindir






