İnsanlara hürriyət, millətlərə istiqlal!

Əvəz Zeynallının açıqlaması aranı qatdı-BAXCP-dən sərt reaksiya

1615 26.06.2018 08:20 Siyasət A A

Elçin Mirzəbəyli: “Daşları yerindən tərpədəndə altından nələrin çıxa biləcəyi barədə düşünmək lazımdır”

Mərhum prezident Əbülfəz Elçibəyin 80 illik yubileyi ilə bağlı yaradılan komitə və keçirilən tədbirlərdə AXCP lideri Əli Kərimlinin iştirak etməməsi diqqət çəkib. Bununla bağlı “Yeni Müsavat”a açıqlamasında komitənin üzvü, jurnalist Əvəz Zeynallının səsləndirdiyi bəzi fikirlər isə müzakirələrə səbəb olub.

Ə.Zeynallı açıqlamasında Elçibəyin silahdaşlarından tək Ə.Kərimlinin deyil, BAXCP sədri, deputat Qüdrət Həsənquliyevin də yubiley tədbirlərində iştirak etmədiyini bildirib. Onun bu fikirləri əks tərəfin etirazına səbəb olub.

Bununla bağlı “Yeni Müsavat”a açıqlama göndərən BAXCP sədrinin müavini Elçin Mirzəbəyli Ə.Zeynallının fikirlərinin həqiqətdən uzaq olduğunu söyləyib: “BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Əbülfəz Elçibəyin 80 illik yubileyi ilə bağlı keçirilən tədbirlərə qatılmaması barədə bəzi şəxslərin iddiaları həqiqəti əks etdirmir. Nəzərinizə çatdırım ki, BAXCP sədri yubiley tədbirlərinə ilk gündən hərtərəfli dəstək verib və partiyanın İdarə Heyətinin rəsmi nümayəndəsi yubiley tədbirləri ilə bağlı keçirilən bütün toplantılarda iştirak edib. İyunun 22-də BAXCP sədri hamı ilə birlikdə Fəxri Xiyabanda olub və Əbülfəz Elçibəyin məzarının ziyarəti zamanı keçirilən anım mərasimində çıxış edib.

mirzəbəyli ile ilgili görsel sonucu

Mərasimdən sonra Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə BAXCP sədrindən başqa partiya rəhbərliyində təmsil olunan hər kəs iştirak edib. Qüdrət Həsənquliyev isə Milli Məclisdə ATƏT-ə üzv ölkələrin nümayəndələrindən ibarət  heyəti ilə görüşdə iştirak etdiyi üçün və bu görüş milli maraqlarımızın müdafiəsi baxımından olduqca mühüm əhəmiyyət daşıdığı üçün BMM-də keçirilən tədbirə qatıla bilməyib. Bu barədə Təşkilat Komitəsinə məlumat verilib. Hər halda, Əbülfəz Elçibəyin xatirəsini əziz tutan insanlardan onun yubileyi ilə bağlı tədbirlərdə BAXCP-nin nə qədər fəal iştirak etdiyi barədə məlumat almaq mümkündür.

Bundan əlavə, iyunun 24-də BAXCP-nin rəhbərliyində təmsil olunan şəxslər, partiyanın rayon təşkilatlarının sədrləri və Ali Məclis üzvləri Əbülfəz Elçibəyin məzarını ziyarət ediblər. Daha sonra partiyanın mərkəzi mənzil-qərargahında BAXCP Ali Məclisinin Əbülfəz Elçibəyin 80 illik yubileyinə həsr olunmuş xüsusi iclası keçirilib.

BAXCP-nin mərkəzi qərargahında olan istənilən şəxs burada Əbülfəz bəyin xatirəsinin necə əziz tutulduğunu görə bilər. Bu baxımdan, vaxtilə Əbülfəz Elçibəyin haqqında təhqiramiz yazının rəhbərlik etdiyi mətbu orqanında yer almasına bilərəkdən şərait yaradan və Əbülfəz bəyin tərəfdarlarının, eləcə də kütləvi informasiya vasitələrinin təmsilçilərinin haqlı, yumşaq desək, etirazlarından məhz mənim sayəmdə xilas olan şəxslərə bu barədə ehtiyatla danışmağı tövsiyə edərdim. Biz təcrübəli və yetkin adamlarıq. Daşları yerindən tərpədəndə altından nələrin çıxa biləcəyi barədə də düşünmək lazımdır. Əbülfəz Elçibəyin 80 illik yubileyi ilə bağlı keçirilən tədbirlər ətrafında qalmaqal yaratmağı doğru hesab etmirəm".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR