İnsanlara hürriyət, millətlərə istiqlal!

“Evdə acından ölməkdənsə, küçədə donmaq daha yaxşıdır” - REPORTAJ, FOTOLAR

2207 22.11.2016 18:37 Reportaj A A
İki gündür ki, ölkədə havanın temperaturu kəskin şəkildə aşağı düşüb. Bakıda artıq qış fəslinin əlamətləri hiss olunur. Temperatur 0 dərəcədən də aşağı enib.

Normal hava şəraitinin olduğu günlərdə belə, paytaxt Bakıda insanlara diqqət etdikdə, onların sanki harasa tələsdiklərini düşünürsən. Çünki küçədə hər kəs başını aşağı salıb, getdiyi ünvana doğru iti addımlar atır. Havanın soyuması isə şəhərdəki bu tempi bir qədər də sürətləndirib. İnsanlar bu soyuq günlərdə özlərini qorumaq üçün mümkün qədər çalışırlar ki, açıq havada az vaxt keçirib, qapalı yerlərdə olsunlar.

Lakin paytaxtda soyuqdan, istidən asılı olmayaraq, məcburən gününü küçədə keçirib, pul qazanaraq ailəsini dolandıranlar da az deyil. Bəs soyuq havada onlar nə edirlər?

Musavat.com-un əməkdaşı olaraq, onların bir qismini sizə təqdim etməyə çalışdıq. Paytaxtda “küçədən pul çıxaranlar” daha çox xırda ticarətlə məşğul olanlar və müxtəlif peşə sahibləridirlər. Onlar üçün havanın necə olması heç nəyi dəyişmir.  Söhbətimiz əsnasında bildirdilər ki, artıq bu cür həyata öyrəşiblər. Çünki başqa variantları da yoxdur. Səbəb isə odur ki, əgər bir gün işləməsələr, ac qalarlar.

Həmsöhbətimiz tərəvəz satıcısı Aqşin bildirdi ki, hər gün səhər saat 6-dan Nardarandan müxtəlif növ göyərti gətirərək, metronun “Neftçilər”, “Qara Qarayev” stansiyaları ətrafında satır. Aqşin soyuqdan qorxmadığını söyləsə də, göyərmiş yanaqları, büzüşmüş çiyinləri onu ələ verirdi. Bu mənzərəni Aqşin kimi arabada tərəvəz satan digər şəxslərin də simasından müşahidə etdik. 

Onların əksəriyyəti isə işlərindən deyil, işsizliklərindən şikayətləndilər: “Özüm Nardaranda yaşayıram. Türkan, Maştağadan göyərti gətirib, şəhərdə satıram. Əksər göyərti satanlar, malı qeyd etdiyim qəsəbələrdən götürürlər. Ancaq bizə bir yerdə dayanıb satmağa çox zaman icazə verilmir. Ona görə də elə olur ki, əlimizdə malımız qalıb, xarab olur. Biz də tullayırıq çölə... Yəni demək olmaz ki, ticarət yaxşı gedir. Baxın, arabanın altındakı yeşiklərdə hamısı xarab olmuş məhsullardır.  Normal iş olsa, biz də gedib işləyərik. İş yoxdur, biz də çalışırıq ki, az da olsa pul qazanıb özümüzü  saxlayaq. Hava soyuyanda insanlar çölə az çıxdıqları üçün müştəri də az olur. Ancaq bizim evdə oturmaq kimi üstünlüyümüz də yoxdur. Evdə oturub acından ölüncə, elə burada dayanıb soyuqdan donuruq də... Özüm subay adamam. 30 yaşım var, ancaq evlənmirəm. Özümü güclə saxlayıram. Ailəmi necə saxlayacam? Evdə bir yaşlı anamdır, bir də mən... Gündəlik 5-10 manat xeyir olanda sevinirik”.

Qazanclarını küçədə xırda ticarətdən çıxaranlar, daha çox metro girişlərinin  yaxınlığında dayanırlar. Öyrəndik ki, buna səbəb təkcə həmin ərazilərdə insanların çox sıx olması deyil, kiçik ticarətlə məşğul olanlar metro keçidlərindən həm də qızınmaq üçün istifadə edirlər. 

Metronun “Gənclik” stansiyasının yaxınlığında dayanıb, Lənkərandan Bakıya limon satmağa gələn nənələr də bu qəbildəndirlər. Onlarla söhbətimiz zamanı öyrəndik ki, əllərini donmamaq üçün bir-birinə sürtən, ağarmış saçlarını qalın örtüklə örtüb, köhnə palto geyinən bu nənələrin birinin 74, digərinin isə 76 yaşı var. Hər gün səhərdən axşama qədər qeyd etdiyimiz metro stansiyasının girişində lavaş və limon satırlar. Söylədilər ki, piyada keçidində onlara satışa icazə vermirlər. 

Ona görə də soyuqdan donsalar da, məcburən işlərindən qalmırlar: “Soyqudan donmamaq üçün növbə ilə düşüb piyada keçidində qızınırıq. Limonu Lənkərandan gətiririk, öz həyətimizin məhsuludur. Kənddə iş olmadığı üçün ailəmizin dolanışığı yaxşı deyil. Ona görə də gəlib burada 5 dənəsi 1 manata limon satırıq. Çox soyuq olanda malımız əlimizdə qalır, biz də məcbur olub bir az da ucuz qiymətə satırıq. Əlbəttə ki, soyuq bizə də təsir edir. Çox soyuq olanda üşüməmək üçün butulkaya isti su doldurub, oturduğumuz yerdə onu qucaqlayıb qızınırıq. Nə edək...”

Yuxarıda təqdim etdiklərimiz küçədə qara-borana baxmadan, halal zəhməti ilə pul qazananlardır. Bir də var ki, Bakı küçələrində özlərindən ssenari qurub, bunu insanlara danışaraq pul qazanmağa çalışanlar... 

Onlara daha çox metronun “20 Yanvar”, “Elmlər Akademiyası” və “28 May” stansiyalarının yaxınlığında rast gəlmək olur. Son zamanlar isə sayları xeyli dərəcədə artıb. 

Ancaq sayları çox olsa da, ssenariləri bir-birilərinə çox bənzəyir. Əksəriyyəti qarşısına çıxandan 1 manat istəyərək bildirir ki, rayona getməlidir, ancaq pulunu oğurlayıblar.  

“28 May” metrostansiyasının yaxınlığında bizə də yaxınlaşıb, eyni ssenarini danışdılar. Orta yaşlı kişi cinsinin nümayəndəsi söylədi ki, rayona getməlidir, ancaq telefonu və pulu oğurlanıb. Polisə yaxınlaşıb, bu barədə məlumat verməyini söylədiyimizdə isə “lazım deyil” deyib, iti addımlarla bizdən uzaqlaşdı.

Əli Rais,
Musavat.com,
Fotolar müəllifindir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR