“Ev heyvanlarına qoyulmuş gömrük rüsumu sahibkarları müflis edir” ... İt bazarından REPORTAJ, FOTOLAR
Hər həftənin bazar günü Nəsimi rayonu ərazisində yerləşən "Təzə bazar"ın mənzərəsi fəqli olur. Həftə sonu heyvan ticarəti ilə məşğul olanlar, öz ev heyvanlarını satışa çıxarmaq istəyənlər bu bazara toplaşıb müştəri yolu gözləyirlər. Camaat arasında bazar “it bazarı” kimi tanınır. Müxtəlif növdə ev heyvanları, it, pişik, dovşan, dekorativ quşlar, balıqlar və heyvan yemləri satılır. Bazara əsasən xarici ölkələrdən heyvanlar gətirilir. Lakin Azərbaycanda da cins it və pişiklər yetişdirib bazara çıxaranlar az deyil. Həftənin bazar günü təşkil olunan “it bazarı”nda istənilən növdə cins itlər tapmaq olar. Qiymətlərə gəlincə 1 yaşlı “Qafqaz afçarkası” 600 manata, “layka”lar 300-500 manata, “Pikines” cinsli pişiklər 100 -300 manata təklif olunur.
Bazarda itlərlə yanaşı quşlara da maraq az deyil. Tutuquşu, bülbül, göyərçinvə digər dekorativ quşlar da az deyil. Qiymətlər 10 manatdan başlayır. Bazarda ən bahalı quşun qiyməti 2500 manatdır. Hər qiymətə, hər növ ev quşları tapmaq mümkündür. Misal üçün alman sərçəsi adı ilə tanınan, gündəlik həyatda gördüyümüz boz sərçənin oxşarı olan ilan quş 20-50 manata təklif olunur. Danışan tutuquşuların qiyməti isə 700-2500 manat arasında dəyişir. Tutuquşuların qiymətlərində olan fərqi onların mahnı oxuması və danışması ilə ölçülür. Ən bahalı tutuquşu İran tutuquşusudur. Bu xüsusi öyrədilmiş quşları İran və Türkiyədən gətirilir.
Lakin iş adamları xarici ölkələrdən ev heyvanları gətirərkən gömrükdə problemlə qarşılaşır. Satıcılarında dediyinə görə, hər heyvan başına itlərdən 40-50, pişiklərdən isə 15-20 manat rüsum alınır.
Adının çəkilməsini istəməyən satıcılar da gömrükdə hər heyvan başına rüsum alındığını dedilər: "Heyvanları əsasən Rusiyadan və Türkiyədən gətiririk. Gətirdiyimiz itlərin, pişiklərin sayına görə gömrükdə pul ödəyirik. Təqribən 1 həftə əvvəl Rusiyadan 10 dənə cins it gətirdim. Rusiyanın Sedaka gömrüyündə demək olar ki, pul tələb olunmur. İstəsələr də bizim pulla 10-15 heyvana 10-20 manat verib rahat şəkildə keçirik. Lakin bizim gömrükdə isə vəziyyət fərqlidir. İt, pişik sayına görə pul alınır. Hər bir sənədi qaydasında olsa belə, müxtəlif bəhanələr gətirərək icazə vermirlər. Nəticədə məcbur qalıb rüşvət verməli oluruq. Lakin qanunla heyvanlar üçün heç bir ödəniş tələb olunmur. Yeri gəlsə ödəniş etməyə razıyıq, lakin bu işi insafla görmək lazımdır. 10 ədəd 300 manatlıq it üçün hər it başına 50 manat almaq ədalətsizlikdir. Gətirdiyimiz heyvanların sağlamlığı haqqında kağızları və pasportlarına kimi təqdim edirik. Min bir bəhanə gətirərək xəstədir deyirlər".
Müxtəlif növ pişiklərin satışını həyata keçirən başqa bir satıcı isə devalvasiyadan sonra alıcıların azaldığını dedi: " Ayda 2-3 dəfə Rusiyadan tanınmış cins pişiklər gətirirəm. Şotlandski Vestexua, Türkiyənin məşhur Van pişiyi, Mops Bakıda ən çox sevilən və satılan ev heyvanlarıdır. Bu pişikləri Rusiya bazarlarından bizim pulla 80-100 manata alıb, bazarda 200-250 manata təklif edirik. Son aylar alıcılıq azaldığı üçün tez satmaq üçün aşağı qiymətdə veririk. Alıcı azlığından 3-4 bazar heyvan satmadığımız günlər olub. Bu isə bizim büdcəmizə mənfi təsir edir. Dolların bahalaşmasından sonra heyvan yemləri də bahalaşdı.60-70 manata olan yemlər 120-130 manat oldu. Bu səbəbdən bazara çıxardığımız heyvanı evə qaytarmaq onu günlərlə saxlamaq çətindir ".
Satıcı onu qeyd etdi ki, qiymətlərin xarici ölkələrlə baha olmasının səbəbi gömrükdə ödənilən məbləğlə bağlıdır: “Qiymətlərin baha olması gömrük xərcləri ilə əlaqədardır. Son zamanlar 15-ə yaxın pişik gətirmişdim. Hər dəfə gələndə gömrük məntəqəsində 250-300 manat ödəməli oluram. Elə vaxt olur ki, güzəştlər də edirlər. Bütün heyvanlara bir qiymət deyirlər, onu ödəyirik. Bu səbəbdən də ölkəyə heyvan gətirib satmaq sərfəli iş sayılmır. Ölkəyə gətirdiyimiz heyvanları gömrükdən keçirməmiş sağlamlıq durumlarını, hər hansı xəstləliyin olmamasını yoxlayıb gətiririk. Əks halda bizə daha da başa gələr. Yəni xəstə heyvan olduğunu bilsələr "qiymət oxuya bilərlər".
Bazarda olarkən onu da öyrəndik ki, bu həftəyə olan it bazarına icazə verilməyib. PPX əməkdaşları pərakəndə şəkildə heyvan satışı həyata keçirənləri bazardan uzaqlaşdırıblar. Yalnız mağazalarda satış aparanlara toxunulmayıb.
Toğrul adlı satıcı deyir ki, heyvan satışı ilə bağlı tələblərə əməl etməyənlər cəzalandırılır: “ Ev heyvanlarını antisanitar şəraitdə saxlayanlar cəzalandırılır. Bəzən heyvanları çirkli, rütubətli yerlərdə saxlayıb satış həyata keçirirlər. Bu səbəbdən heyvanların qəfəsiz satışını həyata keçirənlərə nəzarət olunur. Vaxtlı vaxtında heyvanların yemləri, suyu və qəfəslərinə diqqət olunmalıdır. Bizdə çalışırıq ki, bütün bu amilləri nəzərə alıb, heyvanların da hüquqlarını qoruyaq”.
Məğrur Mərd
Fotolar müəllifindir






