Amma bu məqamda diqqəti çəkən ən önəmli nüanslardan biri heç şübhəsiz ki, bu qələbənin Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında oynayacağı roldur. Gələn il başda yüzlərlə jurnalist olmaqla böyük bir əcnəbi axınının Azərbaycana gəlişini nəzərə alanda bizim də üzərimizə təbliğat vasitələrini son sürətlə işə salmaq düşür. Bəs hansı mərhələlər, hansı sürətlə? Kim hansı işi görməlidir ki, strategiya uğurlu olsun?
Heç şübhəsiz ki, bəzən “dünyaya səsimizi çatdıra bilməməkdən” şikayətlənsək də, sözügedən musiqi yarışmasındakı qələbə ölkəmizə əlavə şans verir. Bu şans KİV-lər, PR xidmətlərinin də rəhbərliyi ilə genişmasştablı bir kampaniyanı mütləqləşdirir. Biz də ekspertlərin dəyərləndirməsi və təklifləri ilə Avroviziya qələbəsini həm də təbliğat vasitəsinə çevirməyin yollarını müzakirə etdik.
Arif Əliyev: “Qarabağla bağlı sərgilər, musiqi gecələri...”
“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev hesab edir ki, əgər Azərbaycan bu tədbirə hərtərəfli hazırlaşsa, bu, ölkədə demokratik mühitin genişlənməsi baxımdan müsbət təsir verəcək. Müsahibimizin fikrincə, bu da Qarabağ probleminə hərbi müdaxilədən çox təsir edən məsələdir: “Əgər həmin mühitdə, Azərbaycana yığışan insanlar demokratik, inkişaf edən mühit görsələr, bu, onların Azərbaycana yanaşmasında, Qarabağ məsələsindəki mövqeyinə təsir edəcək. O ki qaldı, piar məsələsinə, biz bundan effektli şəkildə istifadə etməliyik. Əgər söhbət təkcə buklet paylamaqdan, ya da kimlərinsə yaxasından yapışıb haqlı olduğumuzu deməkdən gedirsə, bunun heç bir nəticəsi yoxdur. Amma Azərbaycanda əlavə olaraq Qarabağla bağlı sərgilər keçirmək mümkündür. Əcnəbilər birbaşa təbliğatla maraqlanmır. Amma sərgiyə, Qarabağ musiqisi gecəsinə getməyə meyllidilər. Bu cür yanaşma tərzləri olacaqsa, şüuraltı təsir formasında bunlardan istifadə etmək olar”.
A.Əliyev hesab edir ki, bu cür emosional məqamların ön plana salınması təbliğatda müsbət effekt verə bilər. Müsahibimizin sözlərinə görə, təbliğatın effekti də onun necə qurulmasından asılı olacaq: “Bunun üzərində düşünmək lazımdır. Bu, heç də Avroviziya müsabiqəsinə hazırlaşmaqdan asan məsələ deyil”.
Osman Gündüz: “Milli internet resurslarını möhkəmlətmək lazımdır”
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də hesab edir ki, Azərbaycan təbliğat üçün bu uğurlu məqamdan maksimum çox istifadə etməlidir. Onun sözlərinə görə, ilk növbədə müəyyən olunmalıdır ki, milli internet resursu hesab olunacaq hansı resurslar var. Müsahibimiz dedi ki, onları “raskrutka” etmətə, dayanıqlılığını möhkəmlətməyə ehtiyac var: “Bir il internet üçün qısa müddətdir. Dayanıqlı, keyfiyyətli, milli internet resursları müəyyən olunmalıdır. Bunun dayanıqlılığının artırılması, tanıdılması üçün planlar müəyyən olunmalıdır. Azərbaycanın internet resursları nöqteyi-nəzərdən təxmini siyahı olmalıdır. Bundan başqa, internet resursun özü, onun tanıdılması baxımdan prioritetlər müəyyən olunmalıdır. Ondan sonra onun üzərində işlər aparıla bilər”.
O.Gündüz hesab edir ki, Azərbaycanın interneti potensialından səmərəli istifadə olunmalıdır. Onun sözlərinə görə, burada hər hansı ideoloji fərq qoyulmamalıdır. Müsahibimiz həmçinin bu təbliğat kampaniyası zamanı Azərbaycanda çoxdan bu sahədə çalışanların potensialından istifadə olunmalı olduğunu dedi: “Azərbaycan internetində dəyərli insanlar var ki, hələ dialap dövründən bu sahədə çalışırlar. Onların potensialından istifadə edilməlidir”.
Qabil Hüseynli: “Gələn İl Azərbaycanı təmsil edəcək iştirakçı Qarabağla bağlı mahnı oxuya bilər”
Politoloq Qabil Hüseynli də bu prosesdə təbliğat faktoruna böyük önəm verir. Onun sözlərinə görə, dünyada dini və sivilizasiya faktorları rol oynasa da, ermənilər hər zaman təbliğat kartından istifadə ediblər. Müsahibimiz xatırlatdı ki, qarşı tərəf olmayan bir hadisəni, adi köç hadisəsini, ordakı susuzluqdan, xəstəlikdən dünyasını dəyişən 200 min nəfəri 1.5 milyon nəfərə qədər “artıraraq” bunu bir xalqın soyqırımı kimi təqdim ediblər. Politoloq onların bunu təbliğat hesabına etdiklərini də vurğuladı: “Sonra da bunu tərcümə etdilər, bir az da sızladılar. Beləliklə də təbliğat öz işini gördü. Ümumiyyətlə, təbliğat dünyada hər zaman böyük rol oynayıb, inqilaba gətirib, insanların beynini formalaşdırıb. Amma təbii ki, söhbət yaxşı qurulmuş, yaxşı mütəxəssis tərəfindən inandırıcı şəkildə təqdim olunan təbliğatdan gedir. Naşı bir adamın dilindəki təbliğat hər zaman əks təbliğata çevrilə bilər”.
Q.Hüseynli hesab edir ki, Avroviziya qələbəsindən Qarabağ təbliğatı baxımdan maksimum yararlanmaq lazımdır. Onun sözlərinə görə, ilk növbədə bir təbliğat porqramı hazırlanmalıdır: “Bu, həm təşkilatı, həm təbliğati, həm də siyasi tədbirlərdə nəzərə alınmalıdır. Azərbaycanda keçiriləcək Avroviziya müsabiqəsində Azərbaycan təmsilçisi Qarabağ problemini təcəssüm etdirən, bunu musiqi janrının dili ilə çatdıran, Azərbaycanın başına gətirilən müsibəti yığcam və emosional, bir az siyasiləşdirilmiş formada özündə ehtiva edən bir musiqi əsəri ilə çıxmalıdır. Bu, görünən tədbirlərin bir hissəsidir”.
“Xarici qonaqlar qaçqın düşərgələrinə aparıla bilər”
Politoloqa görə, təbliğatın digər bir qolu da bu sahə üzrə ixtisaslaşmış şəxslərin qonaqları müşayiət etməsidir: “Ölkəyə çoxlu musiqiçilər, siyasilər gələcək. Onlarla işləyən adamlar səriştəli olmalıdır. Demirəm ki, musiqiçilərlə musiqidən yox, Qarabağdan danışmaq lazımdır. Amma bunu səriştəli şəkildə etmək lazımdır. O qədər diqqətlə, peşəkarlıqla bu işi görmək lazımdır ki, bu, qabarıq şəkildə görünməsin. Tutaq ki, gələn qonaqları Şəkiyə aparırlar. Yevlax yolu ilə gəlib, Qarabağdan söz açır, bu mövzu ətrafında geniş diskussiya aparırlar. Özü də qonağı müşayiət edən ekskursiyaçı yox, desant atılmış, bu sahə üzrə ixtisaslaşmış adamlar bunu etməlidir. Həmin qonaqlar çox həvəslə Qarabağ haqda maraqlı məlumata qulaq asacaq, beləliklə də real həqiqətləri görəcəklər”.
Q.Hüseynli onu da dedi ki, təbliğat üçün xarici qonaqların qaçqın düşərgələrinə aparılması da maraqlı ideyadır. Müsahibimizin sözlərinə görə, Şəkidə gözəl istirahətdən sonra qaçqın düşərgəsinə baş çəkilməsi müsbət nəticə verə bilər: “Amma bunu ustalıqla etmək lazımdır, turistlərin öz arzusu ilə belə bir səfər düzənlənsə, effekti böyük olar. Bunun özü də əyani surətdə böyük rol oynaya bilər. Paytaxtın özündə bununla bağlı təbliğat qrupları işləməlidir. Bu, bələdçi qismində də ola bilər, hotel xidmətçisi qismində də, ofisiant qismində də. Təbliğat qrupuna tədbirin keçirildiyi yerin personal xidməti də daxil ola bilər. Onlara qabaqcadan təlim keçilməlidir. Qarabağ həqiqətlərini dəqiqliklə bilməli, çatdırmağı bacarmalı və sözün həqiqi mənasında təbliğatçı kimi formalaşdırılmalıdılar”.
Təbrik çıxışında dövlət başçısı Qarabağ problemini qabarda bilər
Müsahibimizin daha bir təklifi isə final mərasimi ilə bağlıdır. Q.Hüseynli bildirdi ki, Bakıda keçiriləcək Avroviziya müsabiqəsi sona çatıb, qaliblər elan ediləndə onları dövlət başçısı da qəbul edir. Politoloqun fikrincə, həmin təbrik çıxışı zamanı ölkənin siyasi rəhbərliyi hər şeyi ümumiləşdirərək, ölkənin uğurları ilə yanaşı, Qarabağ problemləri, onun həllinə mane olan məqamlar barədə də iştirakçılara fikirlərini çatdıra bilər: “Təbii ki, bu, qısa bir formada ola bilər. Bir var bir təbliğatçı bu həqiqətləri desin, bir də var siyasi xadim. Bu daha da inandırıcı və beyinlərə sirayət edici olur. Biz bu müsabiqədən daha qələbə gözləmirik. Bunun bir tərəfi turizm və iqtisadi gəlirləri olacaqsa, digər gəlir isə Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üzərində köklənməlidir. Ölkəyə gələn xarici qonaqlar bizim teatrımıza, muzeylərimizə gedəcəklər. Ona görə də həmin vaxta qədər ölkə başdan-başa Qarabağ əhvalında olmalıdır”.
Yaxın bir ildə telekanalların üzərinə düşən vəzifə...
Bu arada vacib olan bir məqam da həmin ərəfədə telekanalların veriliş siyasəti olmalıdır. Mütəxəssislər hesab edir ki, gələn il ölkəmiz müsabiqəyə ev sahibliyi edərkən telekanallarda da Qarabağ mövzusu hakim olmalıdır. Vizual media bu sahədə çap mediasından daha böyük effektə malik olduğu üçün ekspertlər telekanalların üzərinə böyük yük düşdüyünü düşünür. İlk məqam isə yaxın bir ildə Qarabağ dərdi ilə bağlı çoxlu sayda sənədli, bədii filmin çəkilməsi, bunun tərcüməsi və dublyajının həyata keçirilməsidir. Neyçün ki, təkcə sərgi və muzeylərlə yüksək səviyyəli nəticədən danışmaq mümkün deyil. Vizual effekt isə hər zaman öz nəticəsini göstərib.
Ekspertlər eyni zamanda hesab edir ki, telekanalların həmin ərəfədə vahid bir strategiya ilə işləməsi üçün - söhbət Qarabağla bağlı sənədli və bədii filmlərin, təbliğat materiallarının növbəli sistemdə işıqlandırılmasından gedir - vahid bir proqram olmalıdır. Bunun üçün Milli Teleradio Şurasında bir komissiya yaradıla, ölkədə fəaliyyət göstərən bütün telekanallara isə vahid proqram paylana bilər. Bu halda təbliğatın bütün qollarından yararlanmaq mümkündür.
Qarabağ günləri, Qarabağ konsertləri....
Müsabiqənin baş tutacağı tarix isə təbliğat baxımdan xüsusi əhəmiyyət daşıyır. Piar mütəxəssisləri hesab edir ki, xarici qonaqların gözünü yormasın deyə, müsabiqə tarixindən bir neçə ay öncə Qarabağ təbliğatı başlamalıdır. Qarabağ günləri, Qarabağa həsr olunmuş konsert proqramları ölkənin bölgələrində keçirilə bilər. Bu təbliğatın effekti isə onu xaricdən izləyən əcnəbilərin gözündə bilinəcək. Sözügedən mərasimlər ölkədə Qarabağ ağrısı, Qarabağ probleminin nə dərəcədə aktual olduğunu bir daha nümayiş etdirəcək.






