Azərbaycanın Rusiya sərhədindən İran sərhədinədək Xəzər dənizi ilə 825 kilometrlik bir məsafədə əhatələnməsi ölkəmizdə çimərlik turizminin inkişafı üçün çox böyük imkanlar yaradır. Mütəxəssislərin fikrincə, bu imkandan istifadə etməklə ildə çimərlik turizmindən külli miqdarda gəlir götürmək mümkün olar. Nəzərə alsaq ki, qarşıdan “Eurovision” yarışması gəlir, deməli təcili tədbirlər görməyin zamanıdır. Çünki necə də olsa, may ayının sonlarında havalar isti keçəcək və ölkəyə gələn turistlər çimərliklərə də üz tutacaq. Mövzu aktual olduğu üçün çimərliklərə baş çəkib həm vəziyyətlə maraqlandıq, həm də ekspertlərin rəylərini öyrəndik.
Qeyd edək ki, son bir neçə ildə Bakı Şəhər Sanitar Epidemiologiya və Gigiyena Mərkəzinin apardığı nəticələrə görə, 10-dək çimərlik, xüsusi ilə Sumqayıt ərazisinəki plyajlar, Sahil və Şıx çimərlikləri istifadəyə yararlı deyil. Digər çimərliklər isə (Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlan, Hövsan) normal siyahısına salınıb.

Ekspert rəyi: Bakının çimərlikləri təhlükə mənbəyidir
Adları “qara siyahı”da olan çimərliklərə baş çəkdik. Vəziyyət heç də ürəkaçan deyil. Buradakı otellerin əməkdaşları çimərliyin təmiz olduğunu desələr də, ətraf zibillik içində idi.
Azərbaycanda olan çimərliklərin nəinki üç-dördü, demək olar ki, əksəriyyətində natəmizlik, zir-zibil başdan aşır. Buna görədir ki, həmin çimərliklərdə bağırsaq çöpü bakteriyalarının miqdarı normadan artıqdır. Cəmi 3-4 çimərlik isə təmiz sayılır. Maraqlıdır, çimərliklərdəki bu təzad nədən qaynaqlanır?
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalovun fikrincə, çimərliklərdəki bu vəziyyətin, qeyri-bərabərliyin müxtəlif səbəbləri var: “Bəzi çimərliklərin yaxşı, bəzilərinin pis olması yerli bələdiyyələrdən asılıdır. Baxır, həmin çimərlik hansı bələdiyyəyə həvalə olunub. Digər tərəfdən, çimərliklərə həm Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həm də Fövqəladə Hallar Nazirliyi nəzarət edir. Digər tərəfdən, çimərliklərdə natəmizlik əsasən əhalinin özündən asılıdır. Əhali gəlib istirahət edir, zir-zibili töküb gedir. Başqa səbəb, çimərliklərin yaxınlıqdakı bağlardan, istirahət guşələrindən kanalizasiya sularının birbaşa dənizə yönəldilməsi ilə bağlıdır. Müvafiq orqanlar buna nəzarət etməlidir. Onlar da bunu etmir. Nəticədə məlum vəziyyət yaranır”.
Azərbaycan Regional İnkişaf Mərkəzinin direktoru Çingiz İsmayılov da deyir ki, çimərlik zonalarında çirklənmənin bu qədər olmasının başlıca səbəbi bütün bağ evlərinin hamısının kanalizasiyasının sahilə açılmasıdır: “Şıx çimərliyində vəziyyət lap pisdir, burada bağırsaq çöplərinin miqdarı normadan dəfələrlə artıqdır. Dənizdə təmiz suda çimmək üçün gərək qayıqla sahildən 1-2 km uzaqlaşasan. Bunu isə turistə təklif etmək təhlükəsizlik baxımından mümkün deyil”. Çimərliklərdə fəaliyyət göstərən otellərin bir neçəsinin meneceri deyir ki, indiyədək çimərliklərə çox az turist gəldiyinin şahidi olublar. “Çünki bizdə bu turizm növünə lazımi diqqət yetirilmir. Ekoloji baxımdan vəziyyət çox ağırdır. Çirkab suları dənizə axıdılır. Normal kanalizasiya sistemi yoxdur”- deyə onlardan biri söylədi.

Çimərlik turizminin potensialından cüzi şəkildə istifadə edilir
İqtisadçı-ekspertlərin fikrincə, bir çimərlik mövsümündə Azərbaycanın Xəzər sahillərində təxminən 8 milyon adamın istirahəti üçün imkan var. Amma statistika göstərir ki, Xəzər çimərliklərindən ildə təxminən yarım milyon nəfər istifadə edir ki, bu da çox cüzi göstəricidir. Mütəxəssislər deyir ki, Xəzər sahili çimərliklərin ərazisinin özəlləşdirilməsi də məsələnin digər problemli tərəfidir. Əslində, hər bir vətəndaş çimərlikdən pulsuz istifadə etməlidir. Lakin paytaxt və ətraf ərazilərdə yerləşən çimərliklərdə istirahət heç də ucuz deyil.
Yalnız dənizdə çimmək pulsuz olan çimərliklərdə xidmətlərin qiyməti aşağıdakı kimidir:
- Masa, stul, çətir - 10-15 manat;
- Uzanmaq üçün ləvazimat - 5 manat;
- Duş - 1-2 manat;
- Skuter - 15 manat;
- Geyimlərin qorunması üçün kamera - 2 manat;
- Paltar dəyişmək üçün yer - 2 manat;
- Park xidməti - 1 manat.
Pullu çimərliklərdə isə giriş 10 manatdan 40 manatadək dəyişir. Bura masa, stul, çətir, bilyard, skuter, duş, paltar dəyişmə otağı, uzanmaq üçün ləvazimat, çardaq, uşaq meydançası, tennis kortu daxildir. Orta hesabla, çimərlikdə 1 günlük istirahətin qiyməti 25-50 manata gəlib çıxır. İstirahət guşələrini işlədənlər qiymətlərin bu yay mövsümündə də artacağını istisna etmədilər.






