İnsanlara hürriyət, millətlərə istiqlal!

ETSN rəsmisi: “Çalışırıq ki, istismar müddəti keçmiş nəqliyyat vasitələrinin ölkəyə gətirilməsi və istifadəsi azalsın”

529 16.05.2019 10:00 Ölkə A A

“Havaya atılan çirkləndiricilərin 75 faizdən çoxu avtonəqliyyatın payına düşür”

Avtomobillərdən ixrac olunan zəhərli qazların miqdarının çox olması ciddi problemlərdən biridir. Bugünlərdə məsələ ölkə mətbuatında, sosial şəbəkələrdə müzakirələrə səbəb olub.  Məsələ ilə bağlı  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə  “Yeni Müsavat”a müsahibəsində bir sıra faktları sadalayıb. Musahibəni təqdim edirik:

- Azərbaycanda avtonəqliyyat vasitələrinin ətraf mühitə təsiri ilə bağlı vəziyyət necədir?

- İqtisadiyyatın dinamik inkişafı nəticəsində əhalinin maddi rifah halı yüksəlir. Bu, ölkədə avtonəqliyyat vasitələrinin sayının artmasına gətirib çıxarıb - son 20 ildə 3,5 dəfəyə qədər. Bu isə ekoloji vəziyyətə təsirsiz ötüşmür. Əsasən də hərəkətin intensivliyi ilə seçilən şəhərlərdə vəziyyət daha da acınacaqlıdır.

Statistik göstəricilərə əsasən ölkədə atmosfer havasına atılan çirkləndirici maddələrin 75 faizdən çoxu avtonəqliyyatın payına düşür.

Təəssüf ki, ölkəyə idxal olunan işlənmiş avtomobillərin böyük bir hissəsi uzun müddət istismar olunmuş mənəvi və fiziki cəhətdən köhnəlmiş maşınlardır. Hazırda ölkə minik avtomobili parkında yaşı 10 ildən yuxarı avtomobillərin payı 77%-dir. Avtoparkın 20%-nin yaşı isə 30 ildən yuxarıdır. Müqayisə üçün yaşı 2-dən az olan yeni avtomobillərin payı cəmi təxminən 1% təşkil edir. İldən-ilə bu kimi avtomobillərin ölkəyə gətirilməsi artır. 2016-cı illə müqayisədə 2018-ci ildə avtomobil idxalı 5 dəfədən çox artıb ki, bu da əsasən köhnə avtomobillərin hesabına baş verib. 

Belə avtomobillərin sayının artması ölkə ərazisində, xüsusilə Bakı şəhərində atmosfer havasının çirklənməsində əsas faktorlardan biridir. Bu avtomobillərdən ixrac olunan zəhərli qazların miqdarı normadan artıq olur ki, bu da ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərir. 

Digər məqam ondan ibarətdir ki, belə avtomobillər həm də təhlükəsizlik baxımından narahatlıq doğurur. Tək mühərrik yox, onun banı da təhlükəsizlik standartlarına cavab vermir. Son zamanlar ölkədə avtomobil qəzalarının tez-tez faciə ilə nəticələnməsinin əsas səbəblərindən biri də avtomobillərin köhnə olması ilə əlaqəlidir.

- Digər ölkələrdə bu problemi necə həll edirlər?

- İnkişaf etmiş ölkələrdə köhnə maşınların istismarının məhdudlaşdırılması üçün müxtəlif stimullaşdırıcı tədbirlər görülür. Buraya idxal edilən işlənmiş avtomobillərə fərqli aksiz və gömrük rüsumlarının tətbiqi və müvafiq vergi siyasəti daxildir.

Bundan başqa, Avropa İttifaqında ekoloji baxımdan zərərli tullantılarının miqdarı daha çox olan dizel yanacağı ilə işləyən avtomaşınların dövriyyəsinin azaldılması və tədricən qadağan edilməsi istiqamətində işlər aparılır. Buraya dizel yanacağı ilə işləyən avtonəqliyyat vasitələrinin istehsalı və idxalının azaldılması ilə bərabər, onların günün müəyyən vaxtlarında bəzi ərazilərə girişinə məhdudiyyətlər qoyulması da daxildir. Məsələn, Fransa, Almaniya, Belçika, Avstriya, İtaliya, İspaniya və digər ölkələrdə ekoloji zonalar yaradılır. Bu zonalara yalnız xüsusi ekoloji nişanlara malik olan aşağı emissiyalı nəqliyyat vasitələri daxil ola bilir.

- Bəs problemin aradan qaldırılması üçün sizin təklifiniz nədən ibarətdir?

- İlk növbədə insanların sağlamlığına və təhlükəsizliyinə diqqət yetirməyi, yaxınlarımızın, doğmalarımızın gələcəyini düşünməyi vacib hesab edirik. Çalışırıq ki, istismar müddəti keçmiş nəqliyyat vasitələrinin ölkəyə gətirilməsi və istifadəsi azalsın.  Ətraf mühitə və insan sağlamlığına mənfi təsirin azaldılması məqsədilə ekoloji təmiz yanacaq növləri ilə işləyən avtomobillərdən istifadənin təşviq edilməsi, eyni zamanda nəqliyyat vasitələrinin, xüsusilə dizel mühərrikli avtomobillərin ölkəyə idxalı zamanı istismar müddətinə görə məhdudlaşdırıcı tədbirlərin görülməsi zəruridir.

Biz aidiyyəti qurumlarla birgə qeyd olunan məsələlərin həllinə çalışırıq.

Əli RAİS,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR