Şəxsən özünün sədrliyə iddiasının olub-olmadığına gəlincə, Əli Orucov hələ ki, bu barədə qərar vermədiyini vurğuladı: “İndiki dövrdə müxalifət partiyasının sədri olmaq çox ağır məsuliyyətdir. Azərbaycan reallığında bu ağır yükü arzu olunan səviyyədə daşımaq çox çətindir. Ona görə də mən namizədliyimi verib-verməməklə bağlı ölçüb-biçirəm. İmkanlarımı dəyərləndirirəm”.
“Etibar Məmmədovun yenidən AMİP-ə sədr gətirilməsi ehtimalı varmı” sualına Əli Orucov belə cavab verdi: “Etibar bəyin AMİP-ə sədr qayıdacağını düşünmürəm. Etibar Məmmədovun hansısa səbəblərdən partiya sədrliyinə qayıtması mümkün deyil. Çünki Etibar Məmmədov AMİP-də sədrdən yüksək statusdadır-partiyanın lideridir. Hətta onun istənilən vaxt fövqəladə qurultay çağırmaq səlahiyyəti də var. Sədrin isə belə bir səlahiyyəti yoxdur. İkincisi, Etibar bəy 2004-cü ildə sədrlikdən istefa verərkən bəyan etmişdi ki, gənclərə yol açır. Açığı Etibar Məmmədovun fəaliyyəti dövründə partiyanın funksionerləri onun kölgəsində qalırdı. Etibar bəy istefa verməklə funksionerlərə, o cümlədən gənclərə önə çıxmaq şəraiti yaradıb. Artıq rəhbərlikdəkilərin xeyli hissəsi gənclərdən ibarətdir. Etibar Məmmədova da təşəkkür edirik ki, çətinliyə düşəndə bizə məsləhətlərini əsirgəmir”.






