İnsanlara hürriyət, millətlərə istiqlal!

Etibar Erkinin qətlə yetirilməsindən 16 il ötür

6366 14.01.2015 09:10 Ölkə A A

Azərbaycanda Xalq Biliciləri və Ekstrasensləri İttifaqının, Parapsixoligiya və İlahiyyat İnstitutunun yaradıcısı, ekstrasens Etibar Erkin (Məmmədəliyev) 1948-ci il avqustun 3-də Qazax rayonunda anadan olub. 1971-ci ildə Politexnik İnstitutunu bitirib, 1980-89-cu illərdə Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində işləyib.

Mühəndis, rəssam, jurnalist, şairliklə yanaşı, irfani elmlərə də maraq göstərib. 1981-ci ildə Moskvadan Bakıya gəlmiş yoqların məsləhəti ilə SSRİ Elmlər Akademiyası Fəlsəfə İnstitutunda akademik A.Spirkinin rəhbərlik etdiyi xüsusi qrupda təhsil alıb. Fövqəlduyum qabiliyyəti təsdiq edildikdən sonra o, 1989-cu ildə Azərbaycanda “İnsan və Elm Mərkəzi”ni yaradıb. Yaratdığı Xalq Biliciləri və Ekstrasensləri İttifaqının nizamnaməsində göstərilir ki, məqsəd Azərbaycanda qeyri-adi duyuma, ekstrasens qabiliyyətə malik olan şəxsləri, eləcə də bu sahəyə aid olan bilgiləri üzə çıxarıb, onların birgə fəaliyyətini həyati xidmətlərə yönəltmək və enerji informasiya mübadiləsi üzrə antiinsani, antihumanist təcrübələrə, cadugərliyə, sehrbazlığa qarşı mübarizə aparmaqdır. 


Mərhum ekstrasensin xatirəsinə yazılan “Etibarın dünyası, dünyanın etibarı” (elmi məqalələri və proqnozları), Səbuhi Rəhimlinin “Böyük şərin düşməni”, Gülarə Munisin “İtkin” kitabları, Rita Odinokovanın - “İlahi mənbə” povesti yazılıb. 

1999-cu il yanvarın 14-də E.Erkin və iki oğlu Bayıl qəsəbəsində yerləşən evində qətlə yetirilir. Qətlin “Ceyşullah” radikal dini qruplaşma tərəfindən törədildiyi elan olunur. E.Erkinin qətlinin əsas səbəbi də məhz onun görücülük qabiliyyəti və güclü parapsixoloq olması ilə bağlı idi. Ancaq mərhumun yaxınları bu versiyanı inandırıcı saymırlar. Vaxtilə E.Erkinin öldürülməsinin üstünü açmağa yaxın olan tanınmış kriminalist Rövşən Əliyevin qətlindən sonra bu barədə danışmaq çoxları üçün təhlükə mənbəyi görünür. 

Ekstrasensin qətlinin “Ceyşullah” tərəfindən həyata keçirilməsi versiyası da ortaya atılıb. O zaman belə məlumatlar var idi ki, Etibar Erkini öldürən “Ceyşullah” dini təşkilatının üzvü ekstrasensi guya şeytani əməllərlə məşğul olduğu üçün öldürdüyünü elan edib. Həmin şəxs hazırda ömürlük həbsdədir və əfv olunmaq üçün bir neçə dəfə müraciət edib. Hazırda Azərbaycan həbsxanalarında “Ceyşullah”ın üzvü olan xeyli məhbusun cəza çəkdiyi bildirilir.

Daha sonra E.Erkinin qətlində Hacı Məmmədov qrupunun əli olması ilə bağlı versiyalar ortaya çıxsa da, bu günə qədər digər müəmmalı qətllərdə olduğu kimi bu işin də istintaqı ilə bağlı şübhələr qalır. Bu gün də ekstrasensin gerçək qatillərinin kimliyi sual altındadır. Keçmiş polis zabiti, akademik Ziya Bünyadovun qətlini araşdıran istintaq qrupunun üzvü Salman Əliyev AzadlıqRadiosuna müsahibəsində ekstrasensin qətli işinin Hacı Məmmədovla bağlayıb: “Etibar Erkini (Azərbaycan Ekstrasenslər Birliyinin sədri) götürək.

Bu adamı ”Ceyşullah"ın öldürdüyünü deyirlər. Ceyşullah Allahın qoşunu deməkdir. Bunların Etibar Erkinlə hər hansı problemi olubsa, onu istənilən vaxt və yerdə qətlə yetirərdilər. Amma Allahın adından hərəkət edən təşkilat onun iki oğlunu necə qətlə yetirə bilərdi? İkincisi, adətən qapını tanıdığına açırsan. Və ya polisə... Başqa məsələlər də var. Mən ikisini dedim sadəcə. Hacı Məmmədovun dəstəsinin törətdiyi cinayətlərin üslubu ilə Etibar Erkinin qətlə yetirilməsi üslubu yüzdə yüz üst-üstə düşür. Mən bu qətldə Hacı Məmmədovdan şübhə edirəm. Ola bilər “Ceyşullah”dan da iz itirmək üçün istifadə ediblər..."

Qeyd edək ki, bu il E.Erkinin 67 yaşı tamam olur. Bununla bağlı mərhumun yaxınları və dostları hər il olduğu kimi, bu il də anım tədbirləri həyata keçirməyi, mərhumun məzarının ziyarət olunmasını planlaşdırırlar.

KƏNAN

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR