İnsanlara hürriyət, millətlərə istiqlal!

“Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan sürətli inkişaf mərhələsinə daxil oldu

840 20.09.2019 18:13 Yazarlar A A

“Əsrin müqaviləsi”nin imzalanmasından 25 il ötür!

Bütün neftçilərimizə, iqtisadçılarımıza, diplomatlarımıza... bir sözlə, bu müqavilənin imzalanması üçün zamanında xidmət göstərmiş, gerçəkləşməsi üçün zəhmət çəkmiş, bugünü üçün məsuliyyət daşıyan, gələcəyi üçün şərəflə çalışan hər kəsə, hər kəsə salam-sayğı və alqış!

Əlbəttə, “Əsrin müqaviləsi” deyilincə ağla ilk gələn o böyük adı, böyük imzanı – Heydər Əliyevi xüsusi ehtiramla anırıq! Ruhu şad olsun!

Bəli, 25 il öncə 1994-cü il, sentyabr ayının 20-də bütün yollar Bakıya gətirirdi, ekranlar Bakını göstərir, radiolar Bakı deyir, qəzetlər Bakı yazırdı. Xəzər qıyısındakı paytaxt Bakının pəncərələri Xəzər havasına açılan “Gülüstan” sarayında, adına dəniz deyilən bu – dünyanın ən böyük gölünün “Azəri-Çıraq-Günəşli” yataqları üzrə imzalar atılırdı! – Müvafiq neft-qaz blokunun kəşfiyyatı və işlənməsi üzrə müqavilə tarixə “Əsrin müqaviləsi” olaraq keçməkdəydi! – Ekranlar göstərir, radiolar səsləndirir, qəzet-jurnallar yazırdı..! Ən yeni dövr tarixinin qəlbi Bakıda döyünürdü...

Təsadüfi deyil ki, bir qədər sonra, Azərbaycan Prezidentinin (16.08.2001-ci il tarixli) Fərmanı ilə 20 sentyabr Azərbaycanda “Neftçilər günü” – neftçilərin peşə bayramı kimi rəsmiləşdirildi. Mübarək olsun!

25 il öncə Bakıda Qərbin iri neft şirkətləri ilə bağlanmış tarixi neft müqaviləsi özündə hansı anlamları daşımaqda, nələri ifadə etməkdədir? – Bu müqavilə, dövlət müstəqilliyinə yenicə qovuşmuş respublikamızın yeni tarixinin yeni – şanlı səhifəsini açdı!

Bütün dünyada tanınmış bu sənədin imzalanması, onun gerçəkləşməsi müstəqil dövlətimizin özünəxas iqtisadi inkişaf, sosial tərəqqi konsepsiyasını təşkil edən neft strategiyasının həyatiliyinin parlaq təcallası, çiçəklənməsiydi. – “Azərbaycan dünyaya Günəş kimi doğacaq!” deyən Ümummilli liderin uzaqgörənliyi “Əsrin müqaviləsi” ilə bir daha təcəssüm etdi.

Nüfuzli ekspertlərin, tanınmış ailmlərin ötən illər ərzində yayınlanmış fikrlərini ümumiləşdirsək, deyə bilərik ki, “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan Respublikası özünün yeni inkişaf erasına daxil oldu.

Məhz Ümummilli liderin böyük səyləri sonucunda “Əsrin müqaviləsi”nin imzalanması respublikamızın güclü iqtisadi potensialının formalaşmasında müstəsna rol oynadı; bununla da, bölgənin, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfələr verilmiş oldu.

Gəlin “Əsrin müqaviləsi”nin rəsmi qaynaqlarda əks olunmuş göstəricilərinə bir də nəzər salaq:

-Dəyəri 7,4 milyard ABŞ dolları olan “Əsrin müqaviləsi”ndə respublikamızla yanaşı 6 ölkə (ABŞ, Böyük Britaniya, Rusiya, Norveç, Səudiyyə Ərəbistanı, Türkiyə) təmsil edən 11 neft şirkəti iştirak edib;

-İlkin hesablamalara görə, “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsində çıxarıla bilən neft ehtiyatı 511 milyon ton olsa da, sonralar yeni qiymətləndirmələrlə neft ehtiyatı daha çox – 1.072 milyard ton həcmində müəyyən edilib;

-“Əsrin müqaviləsi”ndən sonra 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 saziş imzalanıb;

-Müqavilənin bəndlərini nəzərdə tutulan müddətdə icra etmək və artan neft hasilatını xalqlararası bazarlara daşımaq üçün yeni neft kəmərləri tikilib istifadəyə verilib. (Bu kəmərlərdən ən çox müzakirə mövzusu olunanı, 1768 kilometr uzunluğundakı “Bakı-Tiflis-Ceyhan”dır. Çoxlarının əfsanə hesab etdiyi bu, əsas neft kəmərinin təməlləri 2002-ci ildə Ümummilli lider Heydər Əliyevin davamlı səyləri sonucunda atılıb. Öz qlobal önəmi ilə seçilən kəmər, respublikamızın enerji dəhlizinə çevrilməsi yönündə tarixi addım idi. Artıq 13 ildir ki, qardaş Türkiyənin Ceyhan limanından Azərbaycan nefti nəql edilməkdədir);

-2017-ci ilə qədər Azərbaycanın dənizdəki neft ehtiyatlarının işlənilməsinə təxminən 33 milyard dollar yatırım qoyulub və “Azəri-Çıraq-Günəşli”dən 3,2 milyard barrel neft çıxarılıb. Həmçinin “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan ümumilikdə 30 milyard kubmetr səmt qazı hasil edilərək, Azərbaycan hökumətinə verilib.

***

Bugün neftçilərimizin peşə bayramı – Neftçilər Günüdür. Nə yaxşı ki bu bayram günündə yalnız keçmişdən danışmırıq, bugündən, gələcəkdən danışa bilirik. Bu gün həm hesabat günüdür, həm də, gələcəyə yönəlik plan-proqram günüdür.

Bu gün Prezident İlham Əliyevin başçılığı ilə uğurla davam etdirilən neft strategiyası respublikamızı bir çox parametrlər üzrə lider ölkə səviyyəsinə yüksəldib.

2017-ci il sentyabrında “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilə qədər uzadılıb. (Bu sazişin bir hissəsi olaraq ARDNŞ-in “Azəri-Çıraq-Günəşli”dəki iştirak payı 11,65%-dən 25%-ə qaldırılılıb və tərəfdaş xarici şirkətlər Azərbaycan Dövlət Neft Fonduna 3.6 milyard dollar bonus ödəmək öhdəliyi götürüb. “Azəri-Çıraq-Günəşli”yə növbəti 32 il müddətində 40 milyard dol-lardan artıq yatırım qoyulması proqnozlaşdırılır.)

“Azəri-Çıraq-Günəşli” neft yataqları blokunun 2050-ci ilə qədər işlənməsini nəzərdə tutan yeni saziş XXI yüzilliyin müqaviləsidir. – Necə deyərlər, “Əsrin müqaviləsi”ndən “Yeni əsrin müqaviləs”inə!..

Yeni müqavilə ölkəmizin və dövlət neft şirkətimizin 1994-cü ildən bəri artan maliyyə və texnoloji potensialını əks etdirməklə yanaşı, xarici tərəfdaş şirkətlərin Azərbaycan iqtisadiyyatına, Azərbaycanda siyasi sabitliyə, təhlüksizliyə olan güvənini də ifadə edir.

Yada salaq ki, 2010-cu ildə “Ümid” və “Babək“, 2011-ci ildə isə “Abşeron” yatağında iri həcmli qaz ehtiyatları aşkar edildikdən sonra (böyük “Şahdəniz” qaz yatağı da nəzərə alınmaqla), ölkəmizin rəsmi təsdiq olunmuş təbii qaz ehtiyatı 2,6 trilyon (!) kubmetrədək artıb. Bu isə respublikamızın yalnız neft deyil, yaxın gələcəkdə dünyanın qaz ixrac edən əsas ölkələrindən birinə çevrilmək potensialının göstəricisidir.

“Əsrin müqaviləsi” həm də yeni transmilli enerji layihələrinin həyata keçirilməsində özünəməsxus rol oynayıb. Prezident İlham Əliyevin siyasi qətiyyəti sayəsində, Azərbaycanın liderliyi ilə həyata keçirilən yeni layihələr ölkəmizin iqtisadi qüdrətinin, siyasi çəkisinin yüksəlməsini təmin edib.
Prezident İlham Əliyev prinsipial, milli maraqlara əsaslanan düşünülmüş siyasəti və alovlu vətənpərvərliyi sayəsində daha bir önəmli layihənin – “Cənub Qaz Dəhlizi”nin gerçəkləşməsini təmin edib.

Bəs bu dəhlizin önəmi hansı göstəricilərlə ifadə oluna bilər? – Gəlin birlikdə diqqət edək. – “Cənub Qaz Dəhlizi”:

1) Qarşıdakı 100 il ərzində Azərbaycan xalqına xidmət edəcək və milli iqtisadiyyatın inkişafında mühüm faktor olacaq;

2) Azərbaycanın bölgədə, Avropada önəminin daha da artmasını, Azərbaycanla Qərb ölkələri arasında münasibətlərin daha yüksək dərəcəyə qalxmasını şərtləndirəcək;

3) Azərbaycanın təkcə enerji ixrac edən ölkə olmadığını, həm də enerji nəql edən, tranzit ölkə kimi önəm daşıdığını göstərəcək;

4) Avropanın enerji təchizatının şaxələndirilməsində ciddi faktora çevriləcək;

5) Ölkələr arasında qarşılıqlı yararlı işbirliyinin inkişafına töhfələr verəcək; bölgədə təhlükəsizliyin, sabitliyin təmin olunmasına müsbət təsir göstərəcək və s.

***

Xəzərin Azərbaycan sektorunun karbohidrogen ehtiyatlarının hasil edilməsi, çatdırılması ilə bağlı layihələr sayəsində respublikamızın bölgədə, Avropada önəmi daha da artıb, ölkəmiz Avropanın, ümumən dünyanın enerji təhlükəsizliyində özünəməxsus rola yiyələnərək, ciddi tərəfdaşa çevrilib.

Neft müqavilələrindən əldə edilən gəlir Azərbaycanın simasını büsbütün dəyişdirib. Sosial layihələrə, elmin, təhsilin, mədəniyyətin inkişafına yönəldilmiş gəlirlər, sonucda insan kapitalına yatırılmış olub.

Və bu qazanclar, müsbət göstəricilər, bir sözlə, əldə edilən gəlirlər, gəlinən son mərhələni ifadə etmir – hər sonrakı Neftçilər Günündə daha başqa yeniliklərdən, imkanlardan danışmağa əsaslar var!

Dövlətimizin bayrağı uca, iqtisadiyyatımız güclü, vətəndaşımız bəxtiyar olsun!

Əkbər QOŞALI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR