İnsanlara hürriyət, millətlərə istiqlal!

“Əsrin müqaviləsi”nin 25-ci ili

762 20.09.2019 08:35 İqtisadiyyat A A

1994-cü ilin sentyabr ayının 20-də 6 müxtəlif ölkəni təmsil edən 11 neft şirkəti ilə imzalanmış saziş Azərbaycanın taleyini dəyişdi: 287 milyon ton mənfəət nefti, 265 milyard investisiya...

Bu gün Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi layihəsi üzrə müqavilənin imzalanmasının 25 ili tamam olur. 1994-cü il sentyabr ayının 20-də Azərbaycan hökuməti ilə səkkiz ölkəni təmsil edən bir qrup beynəlxalq neft şirkəti arasında “Azəri-Çıraq-Günəşli Hasilatın Pay Bölgüsü” haqqında saziş imzalanıb. Bu saziş sonradan “Əsrin müqaviləsi” kimi tanınıb.

“Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku istifadəyə verilən gündən (1997-ci il) bu günə qədər ümumilikdə 492 milyon ton neft hasil edilib. Hasil edilən neftin 287 milyon tonu mənfəət nefti olaraq  Azərbaycan dövlətinə, qalanı müqavilə iştirakçısı olan şirkətlərə(o cümlədən müqavilədə 10 faiz payı olan SOCAR-a) çatıb.

Təkcə bu ilin yanvar-avqust ayları ərzində AÇG-dən 18 milyon ton neft hasil edilib. Bu neftin 13 milyon tonu Azərbaycanın mənfəət neftidir. Bu, yataqlar blokundan hasil edilən ümumi neftin 75 faizini təşkil edir.

İndiyədək AÇG-dən 161 milyard kubmetr səmt qazı əldə olunub ki, bunun da 44 milyard kubmetri pulsuz olaraq Azərbaycan dövlətinə verilib.

Əsrin müqaviləsi ile ilgili görsel sonucu

2001-ci ildən ötən dövr ərzində neft və qaz sazişləri çərçivəsində Dövlət Neft Fonduna daxilolmalar bütövlükdə 148,3 milyard ABŞ dolları təşkil edib. Bu vəsaitin 95,61 milyard dolları dövlət büdcəsinə transfert olunub, daha 9,3 milyard dolları ölkə daxilində həyata keçirilən müxətlif layihələrə yönəldilib. Hazırda ARDNF-in aktivləri 42,5 milyard dollar təşkil edir.

Layihənin icrası çərçivəsində Azərbaycan neftini dünya bazarına çıxaran Bakı-Tiflis-Ceyhan Əsas İxrac Kəməri çəkilib. Bu kəmərlə indiyədək 3.3 milyard barel AÇG nefti dünya bazarlarına daşınıb. 2006-cı ildən bəri AÇG nefti ilə yüklənmiş 4,300 tanker Ceyhan terminalından yola salınıb.

 “Əsrin müqaviləsi” üzrə hasilat və digər əsaslı işlərə 2019-cu ilin ikinci rübünün sonunadək 36 milyard dollar sərf olunub.

AÇG layihəsi  çərçivəsində bir platforma - Çıraq platforması yenidən qurulub, yeddi təzə platforma tikilib, dünyanın ən böyük neft və qaz terminallarından biri - Səngəçal terminalı inşa edilib, Xəzər dənizinin dibində mürəkkəb sualtı boru xətləri şəbəkəsi yaradılıb.

2017-ci il sentyabr ayının 14-də AÇG sazişi 2049-cu ilin sonunadək uzadılıb. Yeni müqaviləyə əsasən SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırılıb. Həmçinin beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəmək barədə öhdəlik götürüblər.

Müqavilənin uzadılmasının ardınca, 2019-cu il aprel ayının 19-da AÇG-nin işlənməsinin növbəti addımı olan 6 milyard dollarlıq yeni layihəyə - Azəri-Mərkəzi-Şərqi (ACE) layihəsinə sanksiya verilib. Bu layihə hazırda tikinti mərhələsindədir və layihədən ilk neftin 2023-cü ildə əldə olunması gözlənilir.

Prezidentin köməkçisi Əli Həsənov: ile ilgili görsel sonucu

Prezidentin köməkçisi Əli Həsənov: “”Əsrin müqaviləsi" Azərbaycanın siyasi və iqtisadi qüdrətini artıraraq, sonrakı illərdə onun təşəbbüsü və liderliyi ilə regionun və Avropanın enerji təhlükəsizliyini təmin edəcək neçə-neçə yeni transmilli enerji və nəqliyyat layihələrinin həyata keçirilməsinə şərait yaratmışdır. Qeyd edilməlidir ki, 2010-cu ildə “Ümid” və “Babək”, 2011-ci ildə isə “Abşeron” yatağında böyük qaz ehtiyatları aşkar edildikdən sonra, nəhəng “Şahdəniz” qaz yatağı da nəzərə alınmaqla Azərbaycanın təsdiq olunmuş təbii qaz ehtiyatı 2,6 trilyon kubmetrə kimi artmışdır. Bu isə o demək idi ki, Azərbaycan təkcə neft deyil, həm də yaxın gələcəkdə dünyanın böyük həcmdə əsas qaz ixrac edən ölkələrindən birinə çevrilmək potensialına malikdir.  Əminliklə demək olar ki, yaxın gələcəkdə “Cənub Qaz Dəhlizi” Azərbaycan iqtisadiyyatının inkişafında mühüm amilə çevrilərək, ölkəmizin regionda və Avropada geoiqtisadi əhəmiyyətini bir qədər də artıracaq, Avropanın enerji təchizatının şaxələndirilməsində və enerji təhlükəsizliyinin təmin olunmasında ciddi faktora çevriləcək".

SOCAR prezidenti Rövnəq Abdullayev: ile ilgili görsel sonucu

SOCAR prezidenti Rövnəq Abdullayev: “”Əsrin müqaviləsi" Azərbaycan iqtisadiyyatının aparıcı qüvvəsi olan qədim neft-qaz sənayesində yeni dövrün başlanğıcını qoydu. Kontrakt sahələrində dünya standartlarına uyğun ən yüksək texnika və texnologiyanın tətbiq olunması neft-qaz sənayesinin modernləşdirilməsi baxımından çox mühüm əhəmiyyət kəsb edir. Nəzərə alınmalıdır ki, AÇG yataqlar bloku olduqca mürəkkəb geoloji quruluşa malikdir. Belə bir çətin zonada cəmi 25 il ərzində nisbətən sadə bir platformada icra olunan İlkin Neft Layihəsindən nəhəng tammiqyaslı işlənmə mərhələsinə keçilməsində və belə böyük uğurlar qazanılmasında texnoloji yeniliklərin müstəsna rolu olub. Ötən müddətdə ölkəyə ümumilikdə təqribən 265 milyard, neft sənayesinə 101 milyard ABŞ dolları həcmində investisiya qoyulub".

İlham Şaban: ile ilgili görsel sonucu

Neft sənayesi üzrə ekspert, “Neft” Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban: “Bu müqavilə Azərbaycan iqtisadiyyatının böyük tənəzzüldən çıxaraq, inkişaf yoluna qədəm qoymasında müstəsna rol oynayıb. Müqavilənin icrası nəticəsində əldə olunan neft gəlirləri hesabına ölkədə iqtisadi geriləmə artımla əvəz olunub. Eyni zamanda infrastrukturun yenidən qurulması, bu sahədə böyük layihələrin həyata keçirilməsinə imkan yaradıb.

”Əsrin müqaviləsi" Azərbaycanla dünya arasında əlaqələrin qurulması üçün bir körpü rolunu oynayıb. Bu körpüdən ilk növbədə həm ölkə daxilində, həm də xaricdə aktiv qurumlar və insanlar yararlandı. Aktiv qurum deyəndə mən Azərbaycan Dövlət Neft Şirkətini, aktiv insanlar deyəndə isə öz üzərində çalışıb müasir çağırışlara uyğun fəaliyyət göstərməyi bacaran, müqavilənin icrası zamanı ölkəyə gələn xarici şirkətlərə öz xidmətlərini sata bilən insanları nəzərdə tuturam. Əlbəttə, heç də hamı belə bacarıqlara sahib deyil. Dünyanın heç bir yerində əhalinin bütün təbəqələri eyni bacarıqlara sahib deyil. Buna görə də hökumətin vəzifəsidir ki, əhalinin belə təbəqələrinin ehtiyaclarını qarşılamalarına şərait yaratsın. Bu ildən etibarən hökumət bu istiqamətdə cəhdlər edir“.

İ.Şabanın fikrincə, “Əsrin müqaviləsi” olmasaydı, “Şahdəniz” açılsaydı belə, oradan əldə olunan qazı Avropaya çatdıracaq Cənub Qaz Dəhlizi də olmazdı: “Bu müqavilə bütövlükdə Xəzər regionunun dünyaya açılmasında həlledici rol oynadı. Müqavilə bu sahədə mültiplikator rolunu oynadı. İndi Xəzərin neft hasil olunan bütün sektorlarından neft dünya bazarına Bakı-Tiflis-Ceyhanla çıxarılır. Eyni zamanda Azərbaycanın özünün də dünya ilə əsas bağı bu kontrakt və onun arxasınca gətirdiyi digər kontraktlar üzərindəndir. Bu gün qeyri-neft sektorunda hansısa sahənin neft sektoru qədər inkişaf etdiyini, ölkəmizi dünya ilə əlaqələndirdiyini söyləmək mümkün deyil”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR