İlham Şaban: “Bu ilin aprelində SOCAR tarixində ən dərin quyunu ÜMİD yatağında SOCAR AQŞ qaza bildi”
Azərbaycan iqtisadiyyatının qan-damar sistemi olan neft sənayesinin inkişaf yolu elə əslində Azərbaycanın bir dövlət kimi formalaşmasında, ölkəmizin həm siyasi, həm də iqtisadi baxımdan inkişaf edib dünya dövlətləri arasında yer almasında mühüm rol oynayır. Ölkə ixracının 90 faizdən çoxu neft və neft məhsullarının payına düşür və dövlət büdcəsinin təmin edilməsində, iqtisadiyyatın ayaqda qalmasında, əhalinin sosial rifahının yüksəlməsində neft gəlirlərinin əhəmiyyəti böyükdür. Azərbaycanın bir neft dövləti kimi dünya bazarlarına çıxmasının tarixi isə “Əsrin müqaviləsi”ndən başlanır. Bu mənada “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyi həm də hərbi və iqtisadi baxımdan güclü olan dövlət quruculuğunun 25 illik tarixidir.
1994-cü ildən sonra Azərbaycan nefti epopeyasının yeni parlaq mərhələsi başladı. Həmin il sentyabrın 20-də “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” (AÇG) yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş imzalandı ki, sonradan bu saziş öz əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlandırıldı. Dünyanın ən iri və aparıcı dövlətlərinin neft şirkətləri ilə belə sazişin imzalanması ümummilli lideri Heydər Əliyevin müdrik siyasətinin, uzaqgörənliyinin və siyasi cəsarətinin ifadəsi idi. Saziş demək olar ki, bütün dünya dövlətlərinin Azərbaycana inamını artırdı, sonradan dünyanın ən böyük və tanınmış neft şirkətlərinin ölkəmizə axınına şərait yaratdı. Cari ildə 25 illiyi qeyd olunacaq “Əsrin müqaviləsi” ölkə tarixinin ən parlaq səhifələrindən biridir və müstəqil Azərbaycanın tərəqqisi bu məşhur müqavilə ilə başlanıb. İşlənmənin əvvəlindən indiyədək AÇG-də ümumilikdə 124 neft hasilat quyusu, 44 su və 7 qaz injektor quyusu istismarda olub. Bu ilin yanvar-iyun aylarında isə blokda 7 neft hasilat quyusu qazılıb.
Hazırda transmilli şirkətə çevrilən və ölkə iqtisadiyyatının lokomotivi olan Dövlət Neft Şirkəti axtarış-kəşfiyyat və qazma işləri sahəsində müasir texnologiyalara yiyələnmiş şirkətdir. Tarixi qazma ənənələrinə sadiq qalan və yeni texnologiyaların tətbiqinə önəm verən SOCAR hazırda quyuların qazılmasında müxtəlif üsullardan istifadə edir. Bunlardan biri “rotor” qazımasıdır ki, bu halda quyudibinə endirilmiş balta, qazma boruları ilə birlikdə quyuağzında yerləşdirilmiş rotor vasitəsilə hərəkətə gətirilir.
İkincisi “turbin” qazımasıdır ki, bu zaman balta və onun üstündə yerləşdirilmiş turbin qazma boruları ilə quyudibinə buraxılır. Turbin quyudibində qazma borularının içərisinə yüksək təzyiqlə vurulan yuyucu mayenin enerjisi ilə hərəkətə gətirilir və turbinin fırlanma hərəkəti baltaya ötürülür.
Üçüncüsü isə elektrik qazmasıdır. Bu halda balta, onun üstündə yerləşdirilmiş xüsusi elektrik mühərriki vasitəsilə quyudibində hərəkətə gətirilir.
Qeyd edək ki, SOCAR 2000-ci ildən indiyədək 2,8 milyon metrədək qazma işləri həyata keçirib və 1550-dək hasilat quyusu qazıb. Son 2 ildə isə şirkət qazma işlərinin həcmini 66 faiz artırıb. SOCAR-ın həyata keçirdiyi qazma işlərinin 20 faizədək hissəsini SOCAR AQŞ, 80 faizdən çoxunu Kompleks Qazma İşləri Tresti görüb.
Neft sənayesinin qazma sahəsindəki ən böyük uğurlarından biri SOCAR-ın “Caspian Drilling” şirkətinin dəniz təchizat və logistika bazasında Heydər Əliyev adına ilk 6-cı nəsil üzən yarımdalma qazma qurğusu işə salınması olub. Layihənin dəyəri 1 milyard 116,7 milyon dollar təşkil edib. Qurğu dənizin 1000 metr dərinliyində qazma işlərinin aparılması və 12,2 min metr dərinliyə malik quyuların qazılması imkanlarına malikdir. Onun avadanlıqları 14000 atmosfer lay təzyiqinə davam gətirmək qabiliyyətindədir. Bu göstərici ən dərin quyuları belə qazmağa imkan verir. Bundan əlavə, qurğunun müasir avadanlığı qazma işinin indikindən 4 dəfə daha sürətlə aparılmasını təmin edir.
![]()
SOCAR-ın neft Azərbaycan neft-qaz sənayesinin mühüm tərkib hissəsi olan qazma işlərinin dünya neft-qaz sənayesinə verdiyi töhfələrlə bağlı “Yeni Müsavat”a danışan Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirdi ki, Dövlət Neft Şirkəti artıq 6 kilometrdən daha dərində quyular qaza bilir və bu təcrübəsini dünyanın müxtəlif ölkələrində tətbiq edir: “Bu dərinlikdə qaz hasil edilir, çünki neft adətən 3500-4000 metr dərinlikdə olur. 2013-cü ildən artıq “Bulla”da 6 kilometrdə qədər qazıntı aparıldı və yeni lay qatı aşkar edildi. Bunu dövlət Neft Şirkəti özü həyata keçirmişdi. 2010-cu ilin sonunda “Ümid” yatağında SOCAR AQŞ tərəfindən 6 min metrlik quyu qazıldı. Artıq bir neçə belə quyu var. Bu ilin aprelində SOCAR tarixində ən dərin quyunu ÜMİD yatağında SOCAR AQŞ qaza bildi. Bütün bunlar müasir qazma avadanlıqlarının alınması, yeni texnologiyaların və bu texnologiyalarla işləmək bacarığı olan yüksək ixtisaslı kadrların hesabına aparılır. Məhz bunun sayəsində həmin dərinliklərə baş vurmaq və oradan karbohidrogenlərin hasilatını təmin etmək mümkün olur”.
Ekspertin sözlərinə görə, Azərbaycanda yüksək ixtisaslı , dünya standartlarına cavab verən kadrlar var: “Azərbaycan qazmaçıları ölkə hüdudlarından kənarda da iş görürlər. 2017-ci ildə SOCAR AQŞ Banqladeşdə ilk dəfə qazma işləri həyata keçirdi. Ondan əvvəl Caspian Drilling Company Aralıq dənizində 6 kilometrə qədər kəşfiyyat quyusu qazmışdı. İndi Ukraynada da tenderlərdə iştirak edirlər. Azərbaycan neft alımində pioner olsa da, qazma strategiyası ilə bağlı daha böyük uğurlara imza atıb. 1995-ci ildən buyana xarici şirkətlərin də Azərbaycanda apardığı qazma işlərini onlarla çiyin-çiyinə azərbaycanlı ixtisaslı kardlar həyata keçiriblər. Bunun bir bəhrəsi də odur ki, bu gün Alyaskadan tutmuş Afstraliyanın “Şelf” yatağına qədər hər yerdə azərbaycanlı qazmaçıya rast gəlmək olar. Məsələn, Oil and Gas Jobs saytı var ki, azərbaycanlı ixtisaslı kadrlar öz CV-lərini orada yerləşdirməklə dünyanın müxtəlif ölkələrindən iş təklifi alır və gedirlər”.
Qeyd edək ki, 2017-ci ilin iyulunda “SOCAR-AQŞ” ilk dəfə Azərbaycandan kənarda ilk beynəlxalq tenderdə iştirak edərək qalib gəlib və Banqladeşdə ilk quyunun qazıntısını həyata keçirib. Ötən illər ərzində isə şirkət bu ölkədəki fəaliyyətini genişləndirib. SOCAR-AQŞ şirkətinin baş direktoru Ramin İsayevin mətbuata verdiyi açıqlamalarda qeyd edilir ki, ötən il bir neçə quyuda qazıntı işləri aparılıb. Qeyd edək ki, SOCAR-AQŞ Banqladeşdə qazma işlərinin aparılması üzrə tenderi qazanmışdı və "3+1" formatında bağlanmış müqavilə 4 quyunun qazılmasını nəzərdə tutulurdu. SOCAR-AQŞ-nin Banqladeşdə qurğusu və əməkdaşları var. Xatırladaq ki, “SOCAR-AQŞ” MMC qazma xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilib. Müəssisənin əsas fəaliyyəti müasir texnika və texnologiyalardan istifadə etməklə quyu tikintisinə dair tam xidmətlər paketini təklif etməkdən ibarətdir. Hazırda “SOCAR AQŞ” “Dayazsulu Günəşli”, “Qərbi Abşeron”, “Ümid”, “Bulla” yataqlarında ümumilikdə 5 platformadan 6 qazma qurğusu ilə qazma işləri aparır. SOCAR AQŞ, Dənizdə Neft və Qaz Quyularının Qazılması və Quyu Təmiri Xidmətlərinin Göstərilməsi, Kəmər Endirmə Xidmətləri, Atqıya Qarşı Avadanlıqların və Quyuağzı Avadanlıqların Təmiri və Sınağı Xidmətlərinin göstərilməsi üçün ISO 9001:2015, ISO 14001:2015 və ISO 45001:2018 beynəlxalq standartlarının tələblərinə əsasən sertifikatlaşdılıb. 2017-ci ildə isə şirkət dənizdə neft və qaz quyularının qazılması və quyu təmiri xidmətlərinin göstərilməsi sahəsi üzrə API Spec Q2 Keyfiyyət İdarəetmə Sisteminin tələblərinə əsasən sertifikatlaşdırılıb.
Neft sənayesinin qazma sahəsində əldə edilən bu uğurların nəticəsi olaraq artıq, Cənub Qaz Dəhlizi kimi qlobal əhəmiyyətli meqa layihənin üç seqmenti – “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) və TANAP-ın Əskişəhərə qədər olan hissəsi istismara başlayıb. Dəhliz vasitəsilə ilk qaz – 1,1 milyard kubmetrdən çox həcmdə Türkiyə bazarına nəql edilib. Əlbəttə ki, qarşıdakı illərdə bu rəqəmin daha da yüksələcəyi və ildə 6 milyard kubmetrə çatacağı gözlənilir.
“SOCAR Polymer” kompleksinin polipropilen zavodu, Türkiyənin Əliağa yarımadasında “Star” neft emalı zavodu, Egey dənizinin ən böyük konteyner limanı olan “Petlim” istifadəyə verilib. Yüksək texnoloji tələblər səviyyəsində daha bir dəniz özülü daxili imkanlar hesabına inşa edilərək “Bulla dəniz” yatağında quraşdırılıb istismara verilib.
SOCAR demək olar ki, bütün qitələrdə əməliyyatlar həyata keçirir. Xarici bazarlarda əldə etdiyimiz gəlirlər artıq ölkə daxilində əldə edilən gəliri üstələyir. Hər il yeni sahələrə və yeni bazarlara qədəm qoyur, biznesi genişləndirilir. Mayeləşdirilmiş təbii qaz (LNG) bazarına 2017-ci ildə daxil olan şirkət cəmi bir il ərzində bu yanacaq növü üzrə qlobal ticarət dövriyyəsini 4 dəfədən çox artırıb. Azərbaycan neftçilərinin müstəqillik dövründə kəşf etdiyi “Ümid” yatağında hasilat artırılır. Yatağın tammiqyaslı işlənilməsi üçün əlavə olaraq, “Ümid-2” platformasının tikilməsi, 2020-ci ilin sonlarında isə həmin platformadan ilk quyunun qazılması planlaşdırılır. “Babək” perspektiv strukturunda 2020-ci ildə qazılması nəzərdə tutulan axtarış quyusunun yeri artıq müəyyənləşdirilib. Bundan başqa, “Aypara” kimi perspektivli sahələrdə də axtarış qazması üçün hazırlıq işləri görülür.
Son 2 il ərzində SOCAR qazma işərinin ümumi həcmini 66 faiz artırıb. Azərbaycan qazmaçıları və hasilatçıları Xəzər dənizinin geoloji baxımdan ən mürəkkəb yataqlarında işlədiklərinə baxmayaraq, 2015-ci ildən bəri “Bulla Dəniz” və “Ümid“ yataqlarında 1000 atmosferə yaxın təzyiq altında 6000 metrdən çox dərinlikdə 4 quyu qazaraq, təhvil veriblər. “Ümid” yatağında qazılan yeni quyunun dərinliyi isə artıq 6810 metrə çatdırılıb, onun qazılması yaxın zamanda tamamlanacaq.
Yeni yataq və perspektivli strukturların işlənilməsi qarşıdakı illərdə və onilliklərdə Azərbaycanda təbii qaz hasilatını qat-qat artırmağa, neft hasilatını stabilləşdirməyə imkan yaradacaq. Gələcək illər üçün ARDNŞ-in strateji hədəfləri ölkənin daxili tələbatını tam ödəmək, enerji təhlükəsizliyini davamlı olaraq təmin etmək, Azərbaycanda və xarici ölkələrdə yeni investisiya imkanlarını araşdırmaq, dəyər zəncirimizi təkmilləşdirərək, gəlirləri daha da artırmaqdır.
Qarşıdakı illərdə həyata keçiriləcək layihələr ölkənin enerji təhlükəsizliyini təmin etməklə yanaşı, Azərbaycanın iki qitənin arasında strateji enerji mərkəzinə çevrilməsinə imkan verəcək.
Qeyd: “SOCAR-AQŞ” MMC və Azərbaycan Mətbuat Şurasının “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyi münasibəti ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur.
Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”






