İnsanlara hürriyət, millətlərə istiqlal!

Əslən Qazaxdan olan Vaqifi Şuşaya aparan səbəb - tarixçidən açıqlama

2274 02.09.2021 09:50 Gündəm A A

Tofiq Mustafazadə: “O, Qazaxda deyil, Şuşada məşhurlaşmışdı, çünki... ”

30-31 avqust tarixlərində Şuşada çox möhtəşəm Vaqif Poeziya Günləri keçirildi. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi önündə keçirilən tədbir Şuşa işğaldan azad edildikdən sonra ilk dəfə idi ki, təşkil olunurdu. İki gün davam edən poeziya günləri çərçivəsində çıxışlar, ədəbi simpozium, sərgilərin açılışı oldu.

Xatırladaq ki, 14 yanvar 1982-ci ildə Molla Pənah Vaqifin məqbərəsinin və Şuşada Poeziya Evinin təntənəli açılışı olub. Mərasimdə iştirak edən mərhum prezident Heydər Əliyev hər il Vaqif Poeziya Günlərinin keçirilməsi barədə göstəriş verib. Beləcə, hər il avqust ayında  Azərbaycanın mədəniyyət xadimləri Vaqif Poeziya Günlərində bir araya gəliblər. Ənənəyə çevrilən bu poeziya günləri şairin vətəni Qazaxdan başlayıb Şuşada yekunlaşıb. Ta ki, 1992-ci ilə qədər. Şuşa işğal olunandan sonra  erməni qəsbkarları Molla Pənah Vaqifin məqbərəsini dağıdıblar. Təbii ki, Vaqif Poeziya Günlərinin keçirilməsi də mümkün olmayıb.

30 ildən sonra bu mədəniyyət hadisəsinə yeni nəfəs verildi. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Molla Pənah Vaqifin büstünün və Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa, yenidənqurma işlərindən sonra açılışını edib. Prezident İlham Əliyev çıxışı zamanı təxminən 40 il əvvəl məqbərənin açılışı zamanı yaşadığı təəssüratları bu cür bölüşüb:

İlham Əliyev 39 il sonra Heydər Əliyevin şəkil çəkdirdiyi yerdə | İnter  Press

“Təxminən 40 il bundan əvvəl, bax, bu yerdə atam durmuşdu, mən isə o tərəfdə durmuşdum. Şaxtalı-qarlı havada Vaqifin məqbərəsinin açılışı idi. Ondan sonra ikinci dəfə 1982-ci ilin iyul ayında - iyulun 29-da atamla bərabər ikinci dəfə Şuşaya gəlmişdim. O vaxt Vaqif Poeziya Günləri keçirilirdi.  Bu gün isə ikinci dəfə Vaqifin məqbərəsinin açılışını biz qeyd edirik. Vaqif Poeziya Günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri ki, hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır. Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və yenidən biz nəfəs almağa başlamışıq”.

Əlbəttə ki, məhz Molla Pənah Vaqifin Qarabağ xanının vəziri olması Azərbaycan dövlətçiliyinin bu ərazilərdə mövcudluğunu, yerini sübuta yetirən amillərdən biri kimi bu addımın atılması mühüm xarakter daşıyır.

Şuşada Azərbaycan tarixində, həm də ədəbiyyatında mühüm rolu olan Vaqifin adı ilə bağlı tədbirlərin keçirilməsi bu tarixi şəxsiyyətin həyatı və yaradıcılığını bir daha xatırlatmağa sövq edir. Maraqlıdır ki, Molla Pənah Vaqif əslən qazaxlıdır və həyatının 42 ili Qazaxla bağlı olub. Sonralar Şuşaya gedərək, Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin baş vəziri vəzifəsinə yüksəlir.

Lakin tarixi hadisələrin ardınca hakimiyyətə xanın qardaşı oğlu Məhəmməd bəy gəlir və o, Vaqifi oğlu Əli bəylə birgə edam etdirir. Vaqifin evi talan olunur, əlyazmaları yandırılır.

Bəs əslən Qazaxdan olan Vaqifi Şuşaya aparan səbəb nə olub?

DƏYƏRLİ USTADIMA (Tofiq Mustafazadə 70) | Azərbaycan Tarix Qurumu

Tofiq Mustafazadə

Mövzu ilə bağlı tarix üzrə elmlər doktoru, professor, Qarabağ xanlığının tədqiqatçısı Tofiq Mustafazadə “Yeni Müsavat”a danışıb: “Bildiyiniz kimi, xanlıqlar dövründə tez-tez xanlar, bəylər arasında davalar, basqınlar olurdu, nəticədə bəzən köçürülmələr baş verirdi. Vaqifin də mənsub olduğu ev Qazaxdan köçürülmüşdü. Həmin vaxt Vaqif Şuşaya gələrək burada yaşamağa başlamışdı. Hansı ki, o dövrlər Şuşa Azərbaycanın mədəniyyət mərkəzi idi. Beləliklə, Vaqif əvvəlcə müəllimlik edib, yəni dərhal xanın vəziri vəzifəsinə keçməyib. Şuşada Vaqif məktəbi yaranmışdı. Elə o vaxt da el arasında belə bir söz yaranmışdı, ”Hər oxuyan Molla Pənah Vaqif ola bilməz". Sonralar İbrahimxəlil xan onun haqqında eşidərək, sarayına dəvət edir.

Vaqif sarayda vəzir olmaqla yanaşı, ədəbiyyatla da dərindən məşğul olur. Bunu ədəbiyyatçılar daha yaxşı bilir, Vaqif həmin dövrdə Azərbaycan ədəbiyyatına realizm şeir növünü gətirib.

Tarixdən də məlumdur ki, Vaqif sarayda vəzir işləyərkən çox böyük dövlət əhəmiyyətli işlər görüb. Lakin aqibəti faciəli olub, siyasi məqsədə görə boynu vurdurularaq öldürülür. Beləliklə, Şuşa Vaqif üçün çox böyük əhəmiyyətə malik olub. O, Qazaxda deyil, Şuşada məşhurlaşıb, Şuşada öldürülüb, orada dəfn olunub".

Tofiq Mustafazadə  Şuşada Vaqifin məqbərəsinin yenidən acılmasından, onun adına olan poeziya günlərinin keçirilməsinin əhəmiyyətindən də söz açıb:

“Bunlar bir daha dünyaya sübut, mesajdır ki, Şuşa Azərbaycanın qədim torpağıdır. Əgər Vaqifin məqbərəsi Şuşadadırsa, deməli, bura birmənalı olaraq Azərbaycan torpağıdır”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR