İnsanlara hürriyət, millətlərə istiqlal!

ƏSİR ƏSGƏRİN YAXINLARI “YENİ MÜSAVAT”a DANIŞDI

1191 28.07.2012 09:42 Ölkə A A

“Yeni Müsavat”ın əməkdaşı dünən əsgərin yaşadığı ünvanda (Xətai rayonu) olub, onun qonşuları və yaxınları ilə danışıb. Əsgərin ailəsinin yaşadığı ünvanda heç kimi tapmaq mümkün olmayıb. Qonşuları bildirdi ki, əsgərin qardaşı və anası Birgül Mədətova evdə yoxdur: “Oğlunun əsir düşməsi xəbərini eşidəndən sonra çıxıb gedib. Deyilənə görə, qohumugildədir. Neçə gündür xəbər yoxdur”.
Əsir əsgərin qonşusu Rəhimə xanım deyir ki, Firuzu sonuncu dəfə 2-3 həftə əvvəl görüb: “Qonşularla salamlaşdı. Dedi ki, hərbi hospitaldan evə məzuniyyətə gəlib. Ondan vəziyyətini soruşduq. Bildirdi ki, bir neçə gün əvvəl qrıjadan əməliyyat olunub. Əsgərliyə getdikdən sonra səhhətində problem yarandığını, əməliyyatdan sonra isə özünü yaxşı hiss elədiyini dedi”.
Firuzun 10 günə yaxın evlərində qaldığını deyən yaxınları onun heç nədən narazılıq etmədiyini vurğuladılar: “Əsgərliyə getdiyi cəmi 4 ay idi. Dedi ki, hərbi hissədə məni incidən yoxdur. Amma düşdüyü hərbi hissənin çətin bir yer olduğunu da demişdi. Biz də ona söz vermişdik ki, tez-tez yanına gələcəyik, dözümlü ol. Heç bir şeydən narazılığı yox idi”.

Başqa bir qonşu isə deyir ki, Firuz məzuniyyətə gəldiyi günlərdə özünü çox sərbəst aparıb: “Həyətdə dost-tanışları ilə söhbət edirdi. Hamı ilə çox mehriban idi. Əsgərliyə gedəndən sonra bir az da kökəlmişdi. Bizə elə gəldi ki, onun heç nədən sıxıntısı yox idi”.
Firuzu uşaqlıqdan tanıdığını deyən Səmayə xanım isə onunla bağlı bunları dedi: “Firuz çox mərifətli, qanacaqlı uşaq idi. Həyətdə qarşısına kim çıxardısa, başını aşağı salardı. Özünə qapalı idi. Ən çox anasını fikirləşirdi. Anası işləyirdi. Uşaqlarını kiçik yaşlarından atasız böyütmüşdü. Birgül onları nə əziyyətlə böyüdüb, bir Allah bilir. Hansısa bir hərbi hissədə atışma olanda onun ürəyi ağrıyırdı. Oğluna görə çox narahat idi”.
Firuzun orta məktəb müəlliməsi isə deyir ki, o, imkansızlıq ucbatından ali məktəbə imtahan verə bilmədi: “Firuz 64 saylı məktəbdə oxuyub. Məktəbdə özünü çox ləyaqətli aparırdı. Universitetə hazırlaşa bilmədi. Anasının imkanı yoxdur. Onun könüllü əsir düşməsinə heç vaxt inanmaram. Erməni tərəfi bu xəbəri yalandan yayıb. Çünki Firuz dərsdə də həmişə deyərdi ki, hərbi xidmətə gedəcək. Özü də qarabağlı idi. Anasıgil Zəngilan köçkünüdür”.

Firuzun yaxınlarından birinin sözlərinə görə, anası deyib ki, bu bazar günü onun yanına gedəcək: “Firuz məzuniyyətdən təzə getmişdi deyə onu evə buraxa bilməzdilər. Anası bizə dedi ki, kiçik oğlu ilə birlikdə həftəsonu onun yanına gedəcək. Çünki Firuz tez-tez anası ilə telefonla danışırdı. Hətta anası oğluna azuqə də hazırlamışdı”.
Əsgərin başqa bir yaxını deyir ki, onlara xəbəri hərbi hissənin komandiri verib. Firuzun xidmət etdiyi hərbi hissədən onun ailəsinə zəng edərək övladlarının hərbi hissəni tərk etməsi barədə məlumat veriblər. Daha sonra isə məlum olub ki, F.Fərəcov ermənilərə əsir düşüb: “Komandir elə bilib ki, əsgər qaçıb evə gəlib. Sonradan məlum olub ki, əsir düşüb. Belə çıxır ki, həmin hərbi hissədə özbaşınalıqdır. Onlar hara baxırdı ki, əsgər əsir düşürdü? Bəlkə də onu aldadıb həmin yerə göndəriblər. Ya da ona hansısa bir təzyiq göstəriblər”.
Qeyd edək ki, əsgərin atası Mirzə Fərəcov ailəsindən çoxdan ayrılıb. Qonşuların dediyinə görə, M.Fərəcovun övladları ilə əlaqəsi var. M.Fərəcov hazırda Daxili Qoşunlarda çalışır və mayor hərbi rütbəsi daşıyır. Ona etdiyimiz zənglər isə cavabsız qaldı.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin mətbuat katibi Şəhla Qəhrəmanova “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, əsir əsgərlə bağlı komitədə heç bir məlumat yoxdur: “Təbii ki, bu məsələ BQXK-nın mandatına uyğun bir məsələdir. Hələ ki, bizdə bununla bağlı hansısa bir məlumat yoxdur. Əsirlə bağlı məlumat olsa, mətbuata da açıqlama veriləcək”.
Müdafiə Nazirliyi mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev də eyni cavabı verdi. O da “Yeni Müsavat”a bildirdi ki, əsir əsgərlə bağlı nazirlikdə yeni bir məlumat yoxdur: “Bu məsələ ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə əlaqə saxlaya bilərsiniz”.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudin Sadıqov isə bu məsələ ilə bağlı BQXK-ya müraciət edildiyini qeyd etdi.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Silahlı Qüvvələrin əsgəri, 1992-ci il təvəllüdlü Fərəcov Firuz Mirzə oğlu qoşunların təmas xəttinin Tovuz rayonu istiqamətində azaraq erməni silahlı bölmələrinə əsir düşüb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR