Qəhrəmanlığın yaşı olmur. İnsanın Vətən sevgisi elə kiçik yaşlarından başlayır. Zaman keçdikcə, insan yaşa dolduqca bu sevgi də kamilləşir. Amma etiraf edək ki, döyüş vaxtı ailəsini, övladını bəhanə edib, hərbidən yayınanlar olur. Bununla belə hər zaman “məni cəbhə xəttinə aparın” deyən oğullarımız olub və bu gün də var. Elə bugünümüzü onlara, həmin qəhrəmanlara borcluyuq. Bu borcumu anlayıb, Allahverdi Piriyevi xatırlamasaq olmazdı.
Allahverdi Piriyev kimdi?
Allahverdi Qəhrəman oğlu Piriyev 24 fevral 1961-ci ildə Qərbi Azərbaycanın Soyuqbulaq kəndində anadan olub. Allahverdi burda boya-başa çatıb, 1978-ci ildə orta məktəbi bitirib. 1979-cu ildə Sovet ordusunda bir il xidmət etdikdən sonra öz istəyi ilə imtahan verərək yüksək balla Ulyanovsk Hərbi Ali Tankçılar məktəbinə daxil olub. 1984-cü ildə buranı bitirdikdən sonra Rusiyada tağım komandiri kimi xidmət edib. 1992-ci ildə Azərbaycana gələrək könüllü Milli Ordu sıralarına daxil olub. Bir müddətdən sonra isə cəbhə bölgəsinə göndərilməsini xahiş edib. 1992-ci ilin dekabr ayında 708-saylı hərbi hissə komandirinin texnika və hərbi silahlar komandirinin müavini kimi Ağdam rayonuna göndərilib.
"Döyüş bölgəsinə göndərmək üçün rüşvət istədilər"
- Allahverdi bəy, bildiyim qədər milli orduda könüllü xidmət etmək sizə elə də asan başa gəlməyib. Həmin vaxt nə baş vermişdi?
-Əvvəla salam bütün Vətənsevərlərə. Mənim üçün bu gün danışmaq o qədər də asan deyil. Bəli, Rusiyadan vətən eşqi ilə döyüşə gəlsəm də, bu o qədər də asan olmadı. Amma eybi yox, belə çətinliklər olur. Əsas odur ki, qürurluyam, Qarabağda erməni ilə üz-üzə döyüşmüşəm. Vətənə qayıdanda kapitan rütbəm vardı. O vaxtlar ordu tam formalaşmamışdı deyə hamımız əziyyət çəkirdik. Elə oldu ki, məni 708-saylı hərbi hissəyə göndərdilər, mən isə səhvən başqa hissəyə getdim. Problem də elə burda yaşandı. Belə ki, Qatır Məmmədin yanına gəldim, əsgər salamı verdim. Düzü mən onu tanımadım. O da bundan əsəbləşərək məni zirzəmiyə saldırdı və iki gün orada qaldım. Mənə dedi ki, ağlın başına gəldi? Mən isə ağlımın hər zaman yerində olduğunu dedim. Cavabımı xoşlamayan Qatır Məmməd məni oradan uzaqlaşdırmaqla bağlı əsgərlərə əmr verdi. Elə ayrılanda tankçılarla rastlaşdım və aid olduğum hərbi hissəyə gələrək döyüş yoluma başladım. Qatır Məmməddən sonra məni Müdafiə Naziriliyində də peşman etdilər. Səbəb isə faciəli idi. Döyüş bölgəsinə göndərmək üçün məndən rüşvət istədilər. Amma sonradan səhvlərini başa düşüb, özləri axtarıb geri çağırdılar.
"Gətirdiyim mərmilərlə bizimkilər erməniləri külə döndərdilər"
- Cəbhəyə getdiyiniz ilk vaxtlarda tanınmış komandirlərdən kim vardı?
- Döyüş vaxtı tanınmış hərbçilərlə bir yerdə xidmət etmişəm. Cəbhəyə getdiyim ilk vaxtlarda orada indi təqaüddə olan polkovnik -leytenant Talıb Məmmədov vardı. Məni də ona müavin göndərdilər. 1992- ci ilin iyun ayından cəbhə boyu böyük döyüşlər başladı. Ermənilərin sıradan çıxarılan silah, canlı texnikasını təmir etdirib döyüş meydanına salaraq yenidən düşmənə qarşı istifadə edirdim. Həmin vaxtlar bunun nə demək olduğunu keçmiş zabitlər yaxşı bilər. Ermənilərdən götürülən ən azı 200 texnikanı orduya verdim. 1993-cü ilin yanvar ayında Prezidentin fərmanı ilə könüllü taborlar ləğv olunaraq hərbi hissələrin tərkibinə verildi. Həmin vaxt Qatır Məmmədin, Nadir Qasımovun, Şirin Mizəyevin Xalq Cəbhəsi taborları həmçinin Xocalı divizyonu bizim tabeliyimizə verildi. Ən ağır döyüşlər Ağdam rayonunun Şelli kəndi uğrunda oldu. Tabor komandiri Abbas Məlikov mənə zəng etdi ki, təcili mina mərmiləri lazımdı. Çevik davranıb ona istədiyi mərmiləri gətirdim. Həmin vaxt ermənilər pulemyotla bizimkiləri atəşə tuturdu, göz açmaq mümkün deyildi. Gətirdiyim mərmilərlə bizimkilər erməniləri külə döndərdilər. Mənim əsas işim döyüşçüləri hər cür silahla təchiz etmək idi. Indi düşünün, silah olmasa belə sən bu işi birtəhər yoluna qoymalısan yoxsa əsgərimiz tələf ola bilərdi. Həmin döyüşdə ermənilər bizimlə əlaqə yaradıb yaralı və ölülərini çıxarmağı xahiş etdilər. Bizim komandir isə bunun tələ olduğunu düşünüb, yerdə qalan iki minamyot mərmisini də onların təcili yardım maşınına atdı. Biz 4 nəfər itki vermişdik, həmin gün ermənilərin isə ən azı 200 əsgəri gəbərmişdi.
"iki əsgərimizi arxadan "Surətin türemşikləri" vurmuşdu"
3 gündən sonra ermənilər üç istiqamətdən hücuma keçdilər. Güclü artilleriya bizi atəşə tutsa da, geri çəkilmədik. Hətta istəsək belə çəkilə bilməzdik. Çünki əsgərlər qaçmasın deyə, komandir arxa ərazilərimizi minalatdırmışdı. Yuxarıdan Abbas Məlikova geri çəkilmək əmri gəldi. Həmin vaxtlar bizim iki əsgərimizi arxadan özümüzünkülər yəni, "Surətin türemşikləri" vurmuşdu. Yəqin bilirsiniz də Surətin əsgərlərinin çoxu həbsxanadan azad olunub, vuruşan beyinsizlər idi. Bu məsələ ilə əlaqədar komandir zabitləri yığaraq iclas keçirirdi. Elə bu vaxt rütbəsiz bir şəxs içəri girib, özünü təqdim etmədən komandirə dedi ki, buradan Stepanakertə qədər neçə kilometrdi? Komandir ona əsəbləşərək “Stepanakert” yox, oranın adı Xankəndidi cavabını verdi. Onun bu tonda danışmağı komandiri özündən çıxardı. Məlum oldu ki, o, 709 saylı hərbi hissənin komandiridir və bizə köməyə gəlib. O, 130 ədəd BMD maşını, 3500 silah gətirmişdi. Bu adam heç uzaqlaşmamış alçaq boylu bir nəfər də gəldi və polkovnik Namazovu soruşdu (adını unutmuşam).Və bildirdi ki, onu bura Lələ göndərib. Məlum oldu ki, Lələ, Surət Hüseynovdur. Namazov Rusiyadan könüllü döyüşə gələn az saylı polkovniklərdən idi. Surəti də, həmin adamı da söyüb ordan uzaqlaşdı və Rusiyaya geri döndü. Bax, bu Surətkimilərin xeyri bu vətənə ancaq bu qədər oldu. Onun əsgərləri qudurğanlıq edirdi. Hara gedirdilərsə oranı viran qoyurdular, özbaşınalıq edirdilər. Surətin adamları hətta məni də vurmaq istəyirdilər, erməni tərəfə yox, özümüzə atırdılar. Elə oldu ki, satqın Surətin adamları hər şeylərini atıb qaçdılar.
İstifadəsi qadağan idi, amma ermənilər...
- Ağır döyüşləriniz nə vaxt oldu?
- Ağdamda hər gün ən azı 50-70 nəfər şəhid olurdu. Bir gün məscidə 28 nəfər şəhid gəldi. Onları yuyub çatıra bilmirdilər, özüm də kömək etdim. Ən dəhşətli döyüşlərdən biri də 1992-ci il 26 dekabrda oldu. Ermənilər Mərcili, Yusifcanlı kəndinə hücuma keçdi, orada artilleriya rəisi Vüqarı vurdular, amma onu erməni yox özümüzünkülər öldürmüşdü. Adamı vurub silahını da götürmüşdülər. Sonra mən onun silahını Qatır Məmmədin taborunda bir nəfərdə gördüm. Döyüşdüyüm müddətdə mənə ən pis təsir edən onun ölümü olmuşdu. Şəhid olan zabit çox savadlı idi. Daha sonra ermənilər Qızıl kəngərliyə daxil oldu. 1993-cü ildə bizi ermənilərə qarşı kəşfiyyata göndərdilər, orda atışma oldu, biz dörd nəfər idik, həmin iki əsgər bizi qoyub qaçdı. Yanımdakı zabiti ermənilər kürəyindən vurdular. Düz dörd kilometr yolu o zabiti belimdə daşıdım. Dünyada istifadəsi qadağan olunmasına baxmayaraq ermənilər 5-45 mərmisindən istifadə edirdilər, həmin zabiti də elə öldürmüşdülər. Həmin vaxtlarda rayon camaatı da soyuğunçuluq edirdi. Ona görə də biz qalib gələ bilmirdik. Əsgərlərimiz qaçanda silahları da aparırdılar. Mən gedib rayonlardan 1000 ədəd silah yığıb dövlətə təhvil verdim. Daha sonra əfv imzalandı. Və bildirdilər ki, kim özü vuruşmağa qayıtsa, bağışlanacaq. Elə də oldu, yüzlərlə adam cəbhəyə qayıtdı və apardığı silahları da təhvil verdi. Daha sonra mən Qızıl Kəngərlidə yaralandım. Atışmada ayaqlarımı minamyot biçdi. Həmin "askollar" bu gün də ayaqlarımdadır. Hospitaldan çıxanda qanım axırdı. O vaxtki zabitlər həm savadlı, həm də ürəkli idilər. Hələ bu dediklərim bildiklərimin mində biridir. Nəhayət, 1994-cü ildə ikinci kontuziyadan sonra Bakıdakı Salyanski məktəbə müəllim kimi göndərdilər. Bugün şagirdlərimdən general olanı da var. Daha sonra Şəmkir korpusuna gəlib, 2001-ci ildə tərxis oldum.

- Allahverdi bəy, indinin gəncinə nə tövsiyyə edərdiniz?
- Vətəni sevsinlər, əks təqdirdə, uğurlu ola bilməyəcəklər. İlk tərbiyə evdən başlayır. Valideynlər övladlarına Vətəni sevməyi aşılasınlar. Oğlum da hərbçi olacaqdı, amma ürəyində qüsur olduğundan xidmət edə bilmədi.
Nihad Cəbrayıl,
Musavat.com










