İnsanlara hürriyət, millətlərə istiqlal!

Əsgərin əsl ölüm səbəbi gizlədilir - (Fotolar-Video)

6336 24.05.2013 15:44 Son xəbər A A

Öncə onu qeyd edək ki, kənddə çəkiliş zamanı kənd ərazi nümayəndəsi, soyadını öyrənə bilmədiyim Dadaş adlı şəxs və polis rəisi çəkilişə mane olmaq üçün əllərindən gələni etdilər. Onlar kameranı dartıb almaq və jurnalistə qarşı zor tətbiq etməkdən də çəkinmədilər. Yalnız şəhidin qohumlarının və kənd camaatının müdaxiləsi ilə onlardan uzaqlaşa bildim.

Toğrul Abdulzadə 2012-ci ilin yanvar ayında hərbi xidmətə çağrılıb. Goranboy rayonunun N saylı hərbi hissəsində qulluq edən əsgər 54 gün əvvəl postda olarkən baş nahiyəsindən açılan atəşlə yaralanıb. Bir müddət komada yatan əsgər mayın 22-də vəfat edib. Rəsmi məlumatda Toğrul Abdulzadənin əsgər yoldaşı Samir Əliyev tərəfindən öldürüldüyü deyilir. Lakin əsgərin qohumları buna inanmır və əsl qatilin gizlədildiyini düşünürlər. Əsgərin yaxın qohumlarından olan Cavid Cabbarlı musavat.com-a istintaqın düzgün aparılmadığını dedi

"Deyirlər ki, bunu öz yoldaşı vurub. Amma digər yoldaşları deyirlər ki, Samir deyilən o oğlanla Toğrul az-az görüşürmüşlər. Çünki müxtəlif vaxtlarda postda dayanıblar. Böyük hissə deyil ki, bunlar arasında münaqişə olsun, orda cəmi 8 nəfər var idi və onların arasında həmişə mehriban münasibət olub. Əsgərlər belə bir hadisənin niyə baş verdiyini anlamırlar. Hər iki əsgərin təxris olunmağına 3 ay qalırdı. Əgər bunların arasında narazılıq vardısa, elə ilk aylarda dalaşardılar. Bu hadisənin kim tərəfindən törədilməsi şübhəlidir".

Cavid Cabbarlı onu da deyib ki, istintaq tərəfindən Samir Əliyevdən indiyə qədər iki ziddiyyətli ifadə alınıb. Əvvəlki ifadədə hadisənin ehtiyatsızlıqdan törədildiyi, Samir Əliyevin silahı təmizləyərkən bilmədən əsgər yoldaşını vurduğu göstərilib, digərində isə adı çəkilən şəxsin qətli qəsdən törətdiyi qeyd olunub. Samir Əliyev həbs olunandan bir müddət sonra vəkilinə məlumat verib ki, qətli zorla onun boynuna qoymaq istəyirlər.

Dəfn zamanı əsgərin qohumları ilə orda olan hərbçilər arasında söz atışması da yaşandı. Əsgərin qohumları və kənd sakinləri bildirdilər ki, əgər istintaq doğru aparılmasa və qətlin əsl iştirakçısı tapılmasa aksiyalara başlayacaqlar.


Onu da qeyd edək ki, Balıqçılar kəndinə indiyə qədər bir neçə dəfə müəmmalı ölümlərin qurbanı olan əsgərlər gətirilib.

Araz BAYRAMOV

      

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR