Keçmiş baldızını bıçaqlayan şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində ölümə cəhddə ittiham olunan Dinar Təhməzovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihamda yazılır ki, Dinar Təhməzov keçmiş arvadı ilə mübahisə edib. Daha sonra keçmiş baldızı Nuranə Fərzəliyevanı bıçalayıb. Nuranəyə 6 bıçaq zərbəsi vuran Dinar Təhməzov hadisə zamanı sərxoş olub.
İstintaq belə qənaətə gəlib ki, Dinar qonşuların səs-küyə gəldiyini eşidən zaman qaçıb və cinayət əməlini tam başa çatdıra bilməyib.
Dinar elan olunmuş ittihamla razılaşmayıb. O deyib ki, Nuranəni öldürmək niyyəti olmayıb. Müttəhim bildirib ki, ailəsi ilə münasibətləri çox yaxşı olub. Övladlarını və xanımını sevdiyini deyən Dinar Təhməzov ailəsi ilə mehriban yaşadığını deyib:
"Yoldaşım məndən 13 yaş balacadır. Mən onu sevib evlənmişəm. Özüm heyvan və taxta alveri ilə məşğul olmuşam. Biz ailə quranda bunu istəmirdilər. Amma sevgi sərhəd tanımırdı. Biz evləndik və xoşbəxt idik. Yoldaşım namaza başladı. Çox gözəl yaşayırdıq. Baldızım Nuranə də bizim qonşuluqda yaşayırdı. Mən qısqanc idim. Bundan istifadə elədilər. Yalandan deyirlər ki, guya mən narkomanam, hər gün içib arvadımı döyürmüşəm. Amma bir dəfə də belə hadisə olmayıb".
Dinar Təhməzov arvadınından ayrılmasının səbəbkarı kimi baldızını göstərib: "Bir gün öyrəndim ki, yoldaşım məni məhkəməyə verib. Boşanmaq istəyini də baldızımgil onun ağlına saldılar. Məni bu günə onlar saldı. Məni də məhkəməyə çağırdılar. Boşanmaq istəmədiyimi, ailəmi saxlamaq istədiyimi dedim. Mən Qarabağ döyüşçüsüyəm, çox əsəbiyəm. Bundan istifadə etdilər. İmkan vermədilər ki, mən yoldaşımla danışım, dərdləşim. Bir dəfə metroda rastlaşdıq. Səs-küy salıb polis çağırdılar. Çıxıb getdim. Bir neçə gün sonra "20 Yanvar"da metronun çıxışında dönər sifariş vermişdim. Gördüm ki, yoldaşım bacısı ilə gəlir. Onları izləyib evlərinə qədər getdim. Harada yaşadıqlarını öyrəndim. Sonra yoldaşımı görmək üçün həmin evə getdim. Yenə məni əsəbləşdirdi. Dedim ki, məni bu vəziyyətə siz saldınız. Öldürmək məqsədi ilə getməmişdim".
Məhkəmə iclasında zərərçəkmiş Nuranə Fərzəliyeva da ifadə verib.
Zərərçəkmiş deyib ki, Dinar Təhməzov yalan danışır: "Bacımla aralarında sevgi olmayıb. Valideyn razılığı ilə evləniblər. Hər gün də evlərində dava-dalaş olub. Hamısı da qısqanclığa görə. Deyirdi ki, kimsə sənə baxır, niyə filankəsə salam verirsən? Balaca uşağa da salam verəndə söz-söhbət yaradırdı".
Nuranə söyləyib ki, bacısı özü boşanmaq istəyib: "Razılıqla boşandılar. Hadisə günü də mən evə gedirdim. Məhəllədə hiss elədim ki, kimsə məni izləyir. Arxaya baxdım ki, Dinar gəlir. Yanında da bir nəfər var idi. Sonra evə çatdım. Bir neçə dəqiqə sonra evdən çıxıb marketə getdim. Marketdən çıxanda Dinar qabağımı kəsdi. Dedi ki, burada nə edirsən? Elə bunu deyəndən sonra bıçağı çıxarıb vurmağa başladı. Əvvəlcə bud nahiyələrimə vurdu. Mən yerə yıxıldım. Bədənimə vurduqlarını dəqiq xatırlamıram. Qonşu qapını açanda bu qaçdı. Təcili yardıma zəng eləmədim. Sonra özüm bir az sürünüb evə getdim. Təcili yardıma zəng elədim".
Nuranə söyləyib ki, sonuncu bıçaq boğazına vurulub: "Qonşu çıxanda qaçmaq anında sonuncu bıçağı boğazıma çəkdi ki, ölüm. Əgər qonşu gəlməsə, yenə də vuracaqdı".
Suallara cavab verən Nuranə Fərzəliyev bildirib ki, Dinarın uşaqları görmək niyyəti olmayıb: "Biz özümüz də uşaqları onun yanına göndərmişik. Uşaqları ona göstərməməyimiz yalandır".
Hadisə bu ilin may ayında baş verib. Ağcəbədi rayon sakini D.Təhməzov həyat yoldaşı ilə boşandıqdan sonra uşaqlarını görmək üçün başçısının evinə gedib.
D.Təhməzov Bakıda keçmiş baldızı Nuranə Fərzəliyeva ilə uşaqlarını görmək üstündə mübahisə edib. Mübahisə zamanı N.Fərzəliyevanı bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Qeyd edək ki, D.Təhməzovun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsədən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilir.
İlkin Muradov
Musavat.com






