İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın yeni xülyası – silah ixracatçısından silah istehsalçısına çevrilmək

2185 16.06.2017 20:05 Son xəbər A A

İrəvanın Bakı ilə ayaqlaşması mümkün deyil, çünki...

SSRİ-nin çöküşündən bu yana iqtisadiyyatı hələ də rüşeym halında qalan və bütünlüklə Rusiyanın asılılığında olan, eyni zamanda sürətlə boşalan Ermənistanda ara-sıra “iqtisadi sıçrayış”la, hərbi göstəricilərlə bağlı elə sərsəm ideyalar, rəqəmlər səslənir ki, yada yalnız “Ac toyuq yuxusunda darı gərər” Azərbaycan atalar məsəli düşür.

Məsələn, ötən ay prezident Serj Sərkisyan yeni parlamentin açılışı zamanı çıxışında Ermənistanda kritik həddə çatmış emiqrasiya, ölkənin sürətlə boşalması mövzusunda danışarkən 2040-ci ilədək ölkə əhalisinin sayını 4 milyon çatdırmaqla bağlı hökumət qarşısında vəzifə qoymuşdu. Eyni zamanda həmin dövrədək ÜDM-ın təqribən 5% artımına nail olmağı hədəf kimi elan etmişdi.

Sitat: “Ötən 25 ildə demoqrafik situasiyanın gedişini bir sıra obyektiv və subyektiv faktorla müəyyən edib. Nəticələr isə olduqca həyəcanlı, qəbuledilməzdir. Qarşıdakı on illiklər üçün bizim ən böyük vəzifəmiz məhz Ermənistanda demoqrafik situasiyanı ciddi şəkildə dəyişmək olmalıdır. Bu istiqamətdə işləri üç müstəvidə aparmaq gərəkdir: 1. Emiqrasiyanın dayandırılması; 2.Doğum faizinin artırılması və ömrün uzadılması; 3. Ölkədən emiqrasiya edənlərin qayıtması üçün şəraitin yaradılması”.

O vaxt az qala, bütün ciddi yerli iqtisadçı ekspertlər, sosioloqlar Sərkisyanın hədəf kimi elan elədiyi bu göstəricilərə müharibə və blokada vəziyyətində olan Ermənistanda nail olmaq üçün resursların olmadığını bildirmiş, buna görə Sərkisyan hətta lağa qoymuşdular. Onu da demişdilər ki, əksinə, 2040-cı il üçün əhalinin sayı 2 milyon nəfərə düşə bilər - əgər Ermənistan təcili köklü islahatlara gedib öz iqtisadiyyatını qurmasa. Bu isə bilavasitə Dağlıq Qarabağ probleminin həllindən keçir...

Belə absurd və reallaşması mümkün olmayan iqtisadi istəklərin ardınca indi də Ermənistan özünün hərbi-sənaye kompleksinin yaratmaq xülyasına düşüb. Yəni öz ordusunun hərbi-texniki ehtiyacının bir hissəsini özü ödəmək, silah istehsal edən ölkəyə çevrilmək məsələsi.

Musavat.com-un məlumatına görə, Ermənistan hökumətinin son iclasında belə bir sənəd qəbul edilib. Həmin sənəd ölkənin hərbi-sənaye və hərbi-texniki siyasət strategiyasına əsaslanan tədbirlər proqramını nəzərdə tutur. Əsas hədəf Ermənistan silahlı qüvvələrini yerli hərbi məhsullarla təmin eləməkdir. Əslində anlaşılandır: Qarabağ məsələsində ədalətli sülhdən qaçan Ermənistan gec-tez müharibəyə tuş gələcəyini və Azərbaycandan layiqli hərbi zərbə yeyəcəyini yaxşı bilir.

Bu xüsusda aravot.am saytında siyasi şərhçi Ayk Gevorkyan bir qədər də ironik tərzdə yazır: “Öz silahlarımızın istehsalı üçün hərbi-sənaye kompleksini (HSK) inkişaf etdirmək lazımdır. Məqsəd şübhəsiz ki, çox yaxşıdır. Ermənistan sadəcə olaraq, HSK yaratmağa və öz silahlarının əksəriyyətini özü istehsal etməyə məhkumdur. Texniki və nəzəri cəhətcə bu – mümkündür. Hər halda ortada İsrail nümunəsi var: 70 il öncə səhrada yaradılan balaca bir dövlət bu gün dünyanın ən yaxşı tanklarından birini istehsal edir. Dünyada özü üçün tank istehsal etmə lüksünə malik ölkələri barmaqla saymaq olar – biz hələ yüksək texnologiyalı silahları demirik. İsrailin kəşfiyyat aparmaq və hücum üçün nəzərdə tutulmuş pilotsuz uçan aparatları dünyada ən yaxşılarından sayılır (işğalçı qüvvələr ötən ilin aprelində bunu artıq öz dərilərində hiss ediblər –red.). Ancaq problem ondadır ki, hərbi-sənaye kompleksi əlahiddə yaradıla və inkişaf etdirilə bilməz. Ona iqtisadiyyatın ayrıca seqmenti kimi baxmaq və iqtisadiyyatın ümumi vəziyyətinə rəğmən, onu ayrıca seqment kimi inkişaf etdirmək olmaz. Bizim kasıb iqtisadiyyatımız öz çiyinləri üzərinə belə bir hərbi sənaye kompleksinin ağır yükünü götürə bilməz”.

Azərbaycan isə işğalçı Ermənistandan fərqli olaraq, bu sahədə də düşmən ölkəni böyük ölçüdə qabaqlayır. Təkcə elə Azərbaycanda İsrailin köməyi ilə istehsalına başlanmış “Zərbə” pilotsuz aparatları yada salmaq kifayətdir. Yüngül silahların istehsalına isə biz çoxdan başlamışıq. Azərbaycan eyni zamanda ermənilərin “qorxulu yuxu”suna çevrilmiş bir sıra başqa silahların istehsalı sahəsində son vaxtlar mühüm uğurlar əldə edib. Bu yöndə İsrail, qardaş Türkiyə, Pakistanla yeni əməkdaşlıq sazişləri imzalanıb və yenilərinin imzalanması gözlənilir.

Bütün bunlar, şəkk-şübhəsiz ilk növbədə Azərbaycan iqtisadiyyatının dayanıqlı və rentabelli, bütövlükdə ölkənin varlı olması sayəsində mümkün olub. Hər şey də elə iqtisadiyyatdan başlamırmı?

Məsələ də ondadır ki, heç Ermənistanın əsas müttəfiqi Rusiya da işğalçı ölkədə birgə silah istehsalında maraqlı deyil. Çünki söhbət həm də kommersiya-biznes maraqlarından gedir. Kasıb və acından ölən Ermənistan Rusiyanın bu maraqlarını qarşılaya bilməz. Ümumiyyətlə, Kremlin satelliti olan bir marionet ölkənin hərbi-sənaye kompleksi ola bilməz. Əks halda, Ermənistan daha Rusiyadan vassal asılılığında olmazdı ki.

Hərbi sənaye kompleksi yalnız müstəqil, baş tutmuş dövlətlərdə olur. Ən önəmlisi, hərbi-sənaye kompleksi olmayan bir ölkə - Ermənistan belə bir kompleksi olan ölkənin – Azərbaycanın ərazisini uzun müddət işğal altında saxlaya bilməz.

Musavat.com
Siyasət şöbəsi

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR