İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın yeni hökuməti Qarabağ klanının səhvlərini təkrarlayacaqmı?

731 22.12.2018 10:20 KİVDF layihələri A A

Paşinyan hakimiyyəti bu suala qıza zamanda cavab verməli olacaq; “kartlar”ın açılması yaxınlaşır; rusiyalı ekspert: “İrəvanın danışıqları uzatmaq üçün resursu qalmayıb...”

İki gün sonra 2018-ci ilin sonuncu həftəsinə daxil olacağıq. Əfsus ki, başa çatmaqda olan il də Qarabağ probleminin həlli baxımından dönüşə səbəb olmadı və itirilmiş daha bir qiymətli il kimi tarixə düşdü. Sülh danışıqlarını irəli aparmaq üçün vasitəçi dövlətlərin heç birindən ciddi təşəbbüs, diplomatik həmlə olmadı. İşğalçı erməni qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmasını tələb edən BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı 4 məlum qətnaməsi bu il də onların yadlarına düşmədi.

Bu da o anlama gəlir ki, münaqişə zonasında müharibə riski yeni ilə adlayır. Hərçənd, bu il bəzi pozitiv, kövrək ümidlər yaradan gəlişmələr də qeydə alındı. İlk növbədə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın yeni rəhbəri Nikol Paşinyan arasında Düşənbədə Qarabağla bağlı görüşü xatırlatmaq lazım gəlir. Bunun nəticəsi kimi, təmas xəttində gərginlik azaldı, Bakı Ermənistanda hakimiyyətə gəlmiş yeni qüvvələrə şərait yaratdı ki, parlament seçkilərini keçirsin, hökuməti formalaşdırsın. Bir şərtlə ki, seçkilərdən sonra İrəvan Dağlıq Qarabağ məsələsində əvvəlki xunta rejimindən, Qarabağ klanından fərqli olaraq, konstruktiv mövqe tutsun.

*****

Azərbaycanın bu jestinə düşmən tərəfin necə cavab verəcəyini yeni ilin ilk aylarında görəcəyik. Bir sıra ekspertlərə görə, artıq legitimlik qazanmış Paşinyan hökumətinin gələn il Qarabağla bağlı hansısa pozitiv addım atması istisna deyil. O sırada Ermənistanın yeni rəhbərliyinin Dağlıq Qarabağdakı separatçı rejimi birbaşa danışıqlara qoşmaq kimi absurd tələbindən birdəfəlik imtina edəcəyi gözlənilir. Bir sözlə, İrəvan nəhayət, Qarabağla bağlı gələn il çətin seçim etməlidir.

karabakh osce ile ilgili görsel sonucu

Ümidverici məqamlardan biri kimi o da diqqətçəkicidir ki, Azərbaycan prezidenti İlham Əliyev Bakıda Rusiya xarici işlər naziri Sergey Lavrovla son görüşü zamanı 2019-cu ilin Qarabağ məsələsinin nizamlanması baxımından ümidverici il ola biləcəyini söyləyib. “Dağlıq Qarabağ münaqişəsinin həll yollarının axtarışı 2019-cü ildə Azərbaycan üçün əsas vəzifə olaraq qalacaq”. Bunu isə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanın xarici işlər naziri əvəzi Zoqrab Mnatsakanyanla Milanda axırıncı 3 saatlıq görüşünün nəticələrindən danışarkən bildirib. Maraqlıdır ki, o, erməni həmkarı ilə bu məsələdə qarşılıqlı anlaşma əldə edildiyini də söyləyib.  Bundan əlavə, Rusiya XİN sözçüsü Mariya Zaxarova Dağlıq Qarabağ ixtilafının həllində real irəliləyiş üçün hansısa “kreativ ideyalar”ın olduğunu deyib.  

*****

“Artıq elə bir situasiya yaranıb ki, Ermənistan sözün hərfi mənasında və gözgörəti Qarabağ danışıqlarını bundan sonra da uzatmaq üçün resurs və rıçaqlarını itirir”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu 2019-cu il Qarabağ gözləntiləri ilə bağlı rusiyalı siyasi şərhçi Mixail Belyayev “Vestnik Kavkaza” portalındakı şərhində yazıb. Onun sözlərinə görə, artıq Ermənistanda seçkilər bitib və Paşinyan yüksək reytinqi ilə mahiyyət etibari ilə özünün xarici siyasətdəki manevr imkanlarını daraldıb: “Eyni anda təmas xətti boyu misli görünməmiş sakitlik hökm sürür və bu fakt Bakıda da, İrəvanda da etiraf edilır. Əlamətdardır ki, Ermənistanın Müdafiə Nazirliyi dekabrın əvvəlindən bu günədək 7 erməni hərbçisinin ağır yaralanmasına görə bu insidentlərdən heç biri ilə bağlı məsuliyyəti Azərbaycan tərəfinin üzərinə qoymayıb. Yəni daha ”cəbhə xəttində sabitsizlik"dın danışmağa dəymir və Azərbaycanı atdığı addımlar kontekstində militarizmdə suçlamaq da getdikcə daha problematik olur".

karabakh osce ile ilgili görsel sonucu

Siyasi təhlilçiyə görə, yaranmış vəziyyətdə Paşinyan hökumətinin istifadə edə biləcəyi sonuncu “kart” - “dqr”in müstəqil mövqeyi ətrafında oynamağa cəhd ola bilər: “Ancaq Paşinyanın özü lap əvvəldən formatın dəyişməsinə və tanınmamış qurumu danışıqların müstəqil tərəfi kimi nizamlama prosesinə qoşa, bunu nizamlama gündəliyinə gətirə bilməyib. Yeri gəlmişkən, guya Dağlıq Qarabağın müstəqil mövqeyindən dəm vurub bu zaman öz oğlunu həmin əraziyə hərbi xidmətə göndərmək də Nikol Paşinyanın separatçı rejimin ”müstəqilliyini" vurğulamaq üçün bir elə uğurlu üsulu deyil. İndi artıq qəti şəkildə aydın olub ki, əvvəllər olduğu kimi, yenə danışıqlar müstəsna olaraq, Bakı və İrəvan arasında gedəcək. Yəni danışıqlar prosesində “dqr”in hər hansı iştirakından danışmağa dəymir".

Analitik məqaləsində daha sonra yazır: “Nəhayət, Nikol Paşinyan hökumətinin özü daxili siyasi səbəblərdən danışıqları uzadıb, Dağlıq Qarabağ mövzusunda əbədi şəkildə ”parazitlik etməyi" özünə rəva görə bilməz. Necə ki, bunu Qarabağda müharibə dalğasında Ermənistanda hakimiyyətə gəlmiş Robert Köçəryan və Serj Sərkisyanın başçılıq elədiyi Qarabağ klanı edirdi. Seçkiöncəsi verdiyi hay-küylü vədlərin reallaşması üçün yeni Ermənistan hökumətinə xarici sərmayələr və Azərbaycanla Türkiyənin blokadasını götürmək lazımdır. “Oliqarxları silkələmək”lə büdcəni zənginləşdirmək strategiyası açıq-aşkar özünü doğrultmayıb. Üstəlik, Paşinyan rəsmi şəkildə bəyan edib ki, ölkədə daha oliqarx qalmayıb. Beləliklə, Azərbaycan XİN-in ehtiyatlı nikbinliyi əsaslı görünür. Ermənistan daxilində siyasi sabitliyin saxlanması halında növbəti ildə Bakı və İrəvanın konfliktin nizamlanmasında irəli getmək üçün unikal şansı yaranacaq. Bəs tərəflər ondan istifadə etməyə hazırdırmı? Sualın cavabı yüksək səviyyədə keçiriləcək ilk görüşdən sonra məlum olacaq".

*****

Öz növbəsində politoloq Eldar Namazov hesab edir ki, Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı hələlik Paşinyan ortalığa əvvəlki hakimiyyətdən fərqli bir mövqe qoymayıb (axar.az). “Rəqibləri onu ittiham edir ki, Paşinyan Qarabağ münaqişəsi ilə bağlı məsələlərdə güzəştə getməyə hazırlaşır, amma bununla bağlı Paşinyan hələ addım atmayıb”, - deyə o bildirib.

karabakh osce ile ilgili görsel sonucu

Politoloqun sözlərinə görə, Ermənistan cəmiyyətində Qarabağ probleminin həlli ilə bağlı çox ciddi ideoloji və siyasi mübarizə son nəticəyə gəlib çıxmalıdır: “Burada iki xətt var. Birincisi ondan ibarətdir ki, Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyini tanımayacaq, ermənilər yalnız müvəqqəti status ideyası ilə kifayətlənib, mərhələli planla sülh prosesinə başlamalıdırlar. Bunun da nəticəsində işğal olunmuş ərazilər azad olunmalı, qaçqınlar öz doğma yurd-yuvalarına qayıtmalı və Qarabağın status məsələsi isə açıq məsələ kimi gələcəyə qalmalıdır. Bu xətti Levon Ter Petrosyan hər zaman müdafiə edirdi. Ona qarşı bütün hücumlar və kampaniyalar da məhz buna görə olurdu. Başqa bir xətt isə Köçəryan və Sərkisyanın xəttidir. Bu xəttə görə heç bir güzəşt ola bilməz, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini tanımasa, heç bir sülh prosesindən söhbət gedə bilməz. Bu da nəticədə gətirib ona çıxarır ki, müharibə ehtimalı artıq qaçılmaz olur”.

Analitikə görə, Azərbaycan Ordusu 2016-cı ilin aprel döyüşlərində öz üstünlüyün nümayiş etdirəndən sonra ermənilər başa düşüblər ki, böyük ehtimalla, yeni müharibədə də onların məğlubiyyəti qaçılmazdır. “Nəinki Dağlıq Qarabağ müvəqqəti status alacaq, ümumiyyətlə, Dağlıq Qarabağ Azərbaycanın ərazisində öz yerli idarəetmə strukturlarını formalaşdıracaq. Burada da Azərbaycan qanunlarını qəbul edən, hakimiyyətini tanıyan erməni əhalisi qalacaq. Bu iki xətt arasında müəyyən mübarizə 1998-ci ildən bəri gedir. Yəni ilk dəfə mərhələli plan həmsədrlər tərəfindən təklif olunandan sonra bu mübarizə getməkdədir. 1998-ci ildə bu təklif veriləndə Levon Ter Petrosyan bunu dəstəklədi və buna görə də o, hakimiyyəti itirməli oldu. O dövrdən məxməri inqilaba qədər hesab olunurdu ki, Levon Ter Petrosyan xətti məğlub tərəfdir. Bu xətti Ermənistanda çox az adam dəstəkləyir. Paşinyan hakimiyyətə gələndən sonra isə Köçəryan və Sərkisyan tərəfdarları çox ehtiyat edirlər ki, Paşinyan öz nüfuzundan istifadə edib Levon Ter Petrosyan yanaşmasını bərpa edəcək və bununla da Ermənistan cəmiyyətində bu məsələ ilə bağlı geniş diskussiyalara start veriblər” - politoloq bildirib.

Onun sözlərinə görə, Köçəryan və Sərksiyan tərəfdarları  ona görə narahatdır ki, dalbadal beynəlxalq aləmdən də onlara bununla bağlı mesaj gəlir. “Məsələn, ABŞ-ın Ermənistandakı keçmiş səfiri bəyanat verdi ki, Ermənistanda işğal olunmuş torpaqların azad olunması ilə bağlı diskussiyalar aparılmadan heç bir sülh prosesindən söhbət gedə bilməz. Ardınca indi bəlli olur ki, KTMT-nin üzvləri də - Lukaşenko təkcə öz adından yox, eyni zamanda Putinin də adından danışdığını təsdiqlədi - ermənilərə təklif ediblər ki, işğal olunmuş 5 rayonu azad etsinlər. Yəni bütün bu informasiyalar üst-üstə düşür. Beynəlxalq ictimaiyyət tərəfindən açıq bəyanatlar verilir ki, Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş torpaqlar azad olunmalıdır. Digər tərəfdən, ölkənin daxilində də yeni hakimiyyətin uzun illər Petrosyanın komandasında olması, Ter-Petrosyanla isti münasibətləri faktı da Petrosyanın xəttinin bərpa olunacağını istisna etmir. Dediyim kimi, bu irinləmiş yaradır, gec-tez bu yara partlamalıdır. Yəqin ki, biz şiddətli daxili mübarizənin pik nöqtəsini qarşıdakı günlərdə görəcəyik. Hələ bütün kartlar açılmayıb. Ancaq proses sürətlə buna doğru gedir”, - deyə ekspert sonda əlavə edib.

Siyasət şöbəsi

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR