“Ermənistan beynəlxalq münasibətlərdə tam məğlubiyyətə uğrayıb”.
Musavat.com -un məlumatına görə, bu barədə Ermənistan Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri, vaxtilə Dağlıq Qarabağa dair danışıqlarda Ermənistan tərəfindən xüsusi nümayəndə olmuş David Şahnazaryan News.am-a açıqlamasında deyib.
“Ölkə bütün istiqamətlərdə - iqtisadi, sosial, investisiya siyasəti üzrə uğursuzluğa tuş gəlib. İlk növbədə də xarici siyasət tam iflas olub. Ermənistan bu gün nəinki strateji müttəfiqi Rusiya ilə ən aşağı səviyyəli əlaqələrə malikdir, eyni situasiya ABŞ-la münasibətlərdə də müşahidə olunmaqdadır. Birləşmiş Ştatlarla əlaqələrin gündəmi, ümumiyyətlə, yoxdur. ATƏT-in Minsk Qrupunun üçüncü həmsədr ölkəsi olan Fransa isə keçən il Azərbaycanla əlaqələri aktivləşdirib və hətta hərbi-texniki sahə üzrə olduqca geniş miqyaslı proqramla həyata keçirir. Yəni rüsvayçı mənzərə təkcə Qarabağ məsələsində deyil, həm də bütövlükdə xarici siyasətdə özünü aydın göstərir” – D.Şahnazaryan bildirib.
Sabiq təhlükəsizlik şefinin sözlərinə görə, Nikol Paşinyan “inqilabı” xarici siyasətə də gətirib və bunun nəticəsində Dağlıq Qarabağ məsələsində Bakıya unikal imkan yaradıb: “O necə deyirdi, “mən Qarabağ məsələsində mikro-inqilab eləmişəm və hər şeyi yenidən başlamaq lazımdır”. Bu da Azərbaycana olduqca sərfəli idi. Bakı belə fürsəti ağlına da gətirə bilməzdi. Paşinyan 2018-ci ildən bəyan edir: bizim üçün status və təhlükəsizlik daha vacibdir. Bu – qüsurlu yanaşmadır. Çünki cavabında Azərbaycan dəfələrlə bəyan edib: “Yaxşı Qarabağ mənim tərkibimdə olacaq, siz hansı təhlükəsizliyi istəyirsiniz? Gəlin, bunu müzakirə edək”. Mahiyyət etibari ilə elə bunu da müzakirə edirlər. Halbuki “arsax”ın beynəlxalq səviyyədə tanınmasına hədəflənmək lazımdır. Ona görə ki, beynəlxalq tanınma artıq özündə ən yüksək təhlükəsizliyi daşıyır. Əgər təhlükəsizlik məsələsi status məsələsindən ayrı götürülürsə, demək, danışıqlar mərhələli plan üzrə gedir”.
Bundan əlavə, Şahnazaryana görə, Ermənistanın xarici siyasət komandası çox zəifdir. “Az qala, hər addımbaşı gülünc halların şahidi oluruq. XİN və nazir birbaşa dələduzluq edir. Və belə vəziyyət bütün sahələrə, hər yerə xasdır: Paşinyan hakimiyyətinin səriştəsizliyi və savadsızlığı ümumxalq fəlakətinə çevrilib”, - deyə erməni politoloq sonda əlavə edib.
Siyasət şöbəsi,
Musavat.com






