İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ermənistanın Qarabağ məsələsində manevr imkanları tükənir”

1690 22.10.2015 09:30 KİVDF layihələri A A

Rusiyanın başı Suriya və Ukrayna məsələlərinə nə qədər qarışsa da, Dağlıq Qarabağ konfliktinin həllində Moskva həlledici söz sahibliyini saxlayır. Bu amil Azərbaycanın maraqları baxımından, o cümlədən Qarabağ məsələsinə yanaşmada məqbuldurmu ya yox, hələ ki suala daha çox inkari cavab var, nəinki təsdiqi.

Lakin o da faktdır ki, Moskva-Bakı əlaqələrində xüsusən də son illərdə ciddi yaxınlaşma prosesi gedib, Rusiya Azərbaycanın əsas silah təchizatçısı olaraq qalır, mədəni-iqtisadi və digər sahələrdə canlanma var.

Odur ki, belə bir sual da aktualdır ki, bu yaxınlaşma hara qədər gedə bilər və onun münaqişənin ədalətli şəkildə nizamlanmasına pozitiv təsirləri mümkündürmü və yaxud Moskva Bakıya yalnızca silah satmaqla kifayətlənəcək, yoxsa konfliktə yanaşmada Azərbaycanın maraqlarını da nəzərə alacaq?

Siyasi ekspertlərin bu mövzuda maraqlı şərhləri var.

*****
“Bu gün Azərbaycan Qərbin siyasi təzyiqləri nəticəsində Rusiya ilə eyni geosiyasi sektorda yer alıb. Lakin bu, Bakının şüurlu seçimi deyil, reallıqların diktə elədiyi  məcburiyyətdən doğan situasiyadır. Ona görə də yeni şəraitdə iki ölkə arasında əlaqələr dinamik inkişaf eləməyə başlayıb” . 

Bu sözləri rusdilli minval.az saytına müsahibəsində Moskvadakı İqtisadiyyat İnstitutunun elmi əməkdaşı, politoloq Aleksandr Karavayev bildirib. Onun sözlərinə görə, Rusiyanın Azərbaycana silah təchizatını artırmasının özü Bakının mövqeyinin güclənməsinə işləyən yetərincə böyük addımdır: “Ancaq burada çox mühüm bir detalı unutmaq olmaz. Bu da odur ki, Moskva hələ ki Bakı və İrəvana onların müxtəlif sferalarda olmasına rəğmən, öz yaxın müttəfiqləri kimi baxır. Ona görə də Rusiya konflikti elə idarə eləməyi planlaşdırır ki, hər iki müttəfiqi öz orbitində saxlasın. Bu, asan deyil. O fakt ki, Ermənistan KTMT-yə daxildir və Avrasiya İqtisadi Birliyinin üzvüdür, Azərbaycan isə ”Qoşulmamaq hərəkatı" blokunun strategiyasını seçib, bütün bunlar Dağlıq Qarabağ məsələsində Moskva üçün həlledici faktor deyil. Bu fakt əlbəttə ki, ən çox İrəvanı qayğılandırır".

“Bəs ”bərabər çəkili müttəfiqlər" modeli çərçivəsində konfliktin Bakının xeyrinə həlli mümkündürmü" sualına analitikin cavabı belə olub: “Mümkündür, amma bu, uzunmüddətli təkamül məsələsidir. Səbir eləmək lazımdır. Gəlin baxaq görək, son 5 ildə nə dəyişib? Qlobal iqtisadi böhran Ermənistanın blokadasını gücləndirib. Bu fonda Ermənistanda ictimai rəy Bakı ilə kompromis axtarışlarının xeyrinə dəyişib. Öz növbəsində Azərbaycanın hərbi-texniki inkişafı erməni elitasını əsəbləşdirməyə məcbur eləməklə rəsmi İrəvana daha hiss edilən təzyiq faktoruna çevrilib. Bu zaman Ermənistanda müxtəlif səviyyələrdə iqtisadi böhrandan çıxmağın, nəqliyyat dəhlizləri əvəzinə ərazilərin qaytarılması tərəfdarlarının sayı artıb. Yəni İrəvana müxtəlif tərəflərdən təzyiqlər güclənir və manevr üçün imkanlar daralıb. Bütün bunlar reallıqlardır. Digər yandan, Azərbaycanın hərbi əməliyyatları 5 il öncə problemin həllinə gətirə bilərdimi? Şübhə edirəm. Bəs birdən ”proval" olsaydı? Odur ki, Bakı üçün hər halda müsbət dinamika var. Bu üzdən prezident İlham Əliyevin bu mövzuda bir çox çıxışları o anlamda bitir ki, Bakı üçün məsələdə diplomatik resursları hələ tükənməyib".

***** 
Resurslar tükənməyib, ancaq 22 ildir ATƏT-in Minsk Qrupu problemin həllində “bir yerə” çıxa bilmir. Status-kvo dəyişməz qalır və dəyişməz qaldıqca müharibə riskləri də öz əhəmiyyətini sövq-təbii saxlayır. Hər halda, sərt gerçəklik belədir ki, 22 ildə Azərbaycanın işğal altındakı bir kəndi də azad  edilməyib. Bu da tam haqlı olaraq Bakını savaş ritorikasına üstünlük verməyə kökləyir.

Doğrudur, havaların soyuması ilə yeni, genişmiqyaslı hərbi əməliyyatların başlanması ehtimalı azalıb. Lakin bu vasitəçi dövlətlərdə, ələlxüsus da Rusiyada arxayınçılıq yaratmamalıdır. Əksinə, problemi, nəhayət, ölü nöqtədən tərpətmək üçün unikal fürsət kimi qiymətləndirilməlidir. Ən azı ona görə ki, bir daha belə şans ələ düşməyə bilər.
Bir də əgər həmsədr dövlətlər - Rusiya, ABŞ, Fransa həqiqətən də növbəti qaynat müharibə ocağı arzulamırsa, o zaman niyə də postsovet məkanının ən köhnə, ən təhlükəli münaqişəsi kimi Qarabağ məsələsinin həllinə tələsməsin? Axı kim bilməsə də onlar yaxşı bilir ki, istənilən sülhün alternativi müharibədir.  

***** 
“Azərbaycanın regionda rolu artır”. Belə bir fikri isə digər rusiyalı politoloq, “Rusiya qlobal siyasətdə” jurnalının baş redaktoru Fyodor Lukyanov “Vestnik Qafqaza” nəşrinə müsahibəsində deyib. 

“Rusiya ilə Azərbaycanın əlaqələri açıq-aşkar fəallaşıb. Bu, əlbəttə ki, Ermənistanı əsəbləşdirir. Özü də bu o zaman baş verir ki, Moskva daim qeyd edir ki, onun Bakı ilə tamamilə ayrı tip təmasları var, nəinki İrəvanla. Bununla belə, Bakının rolu obyektiv olaraq artır, o cümlədən Yaxın Şərqlə bağlı vəziyyətə görə” - qeyd edib politoloq.

Onun sözlərinə görə, Rusiyanın Ermənistanla bugünkü münasibətləri sadə deyil: “Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulmasından sonra onunla müttəfiqlik əlaqələrinin qurulması indi daha mürəkkəb xarakter alıb. Daima maraqlar balansının qorunması üçün iş gedir”. 

Siyasi təhlilçi hesab edir ki, Rusiyanın Dağlıq Qarabağla bağlı Azərbaycanla Ermənistan arasında dialoqa dəstək verməsi vacibdir. “Səmimi desəm, hələlik Qarabağ probleminin nizamlanma yollarını hələ ki, görmürəm. Yalnız qüvvələr balansını saxlamağın yolları görünür. Ki, hamıda hərbi yolla konfliktin həll edilməyəcəyinin dərki saxlansın. Bu hazırda etmək mümkün olan yeganə işdir, çünki əfsuslar olsun ki, münaqişənin həlli üçün heç bir siyasi zəmin gözə dəymir Bu zaman dialoqa dəstək verilməsi - əgər hətta bu dialoqun nəticəsizliyi öncədən bəllidirsə belə - çox mühümdür” - əlavə edib rusiyalı ekspert.




Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR