İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın növbəti cinayəti - hibrit savaşı tarixdə və bu gün

1593 08.11.2020 11:32 Maraqlı A A


“Ermənistan Azərbaycana qarşı assimetrik formada müharibə aparmağı planlaşdırır. Bu, bilavasitə terror vasitəsilə müharibənin aparılması metodudur. Belə ki, terroru dövlət səviyyəsində dəstəkləyən dövlətlər döyüş meydanında uğursuzluqla üzləşdiyi təqdirdə onlar assimetrik və hibrid müharibələr kimi taktikalardan istifadə edirlər. Ermənistan tərəfindən Azərbaycana qarşı bu metodun istifadə edilməsi istiqamətində müxtəlif planlar və niyyətlər var”.

414821828.jpg (96 KB)
Bu fikirlər Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə məxsusdur.

Musavat.com xəbər verir ki, daha əvvəl də Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyi ermənilərin Azərbaycanda terror aktları və digər təxribat xarakterli hadisələr törədə biləcəyi barədə məlumat vermişdi və vətəndaşları daha diqqətli olmağa çağırmışdı.
H.Hacıyev açıqlamasında ermənilərin müharibənin hibrid metodundan istifadəni planlaşdırdığını açıqlaması yəqin ki, oxucuların bir çoxunda bu savaşla bağlı müəyyən suallar yaradır.

Yəni, ən azından hibrid savaş nədir və bu savaş necə aparılır?

Hibrid savaşı haqda politoloqların, ekspertlərin bir-birinə yaxın olan müxtəlif şərhləri var.
Hibrid savaşı ifadəsi təxminən son 3-4 il ərzində siyasi gündəmdə, siyasətçilərin leksikonunda sıx-sıx işlənməyə başlayıb.

Yəqin ki, siz də hibrid savaşı haqda məlumat öyrənmək istəyən zaman ilk olaraq vikipediya məlumatlarına üz tutmusunuz.

Vikipediyada hibrid savaşı haqda yazılır:
“Təcavüzkarın klassik hərbi müdaxiləyə müraciət etmədiyi, ancaq gizli əməliyyatlar, təxribatlar, kiberhücumlar kombinasiyasından istifadə edərək düşmən bölgəsində fəaliyyət göstərən üsyançılara dəstək verən müharibə növüdür. Eyni zamanda, bu müharibə növündə hərbi əməliyyatlar ümumiyyətlə aparılmaya bilər və rəsmi nöqteyi-nəzərdən sülh dövründə hibrid müharibəsi davam edə bilər. Təcavüzkar bu hərəkətlərin strateji əlaqələndirilməsini həyata keçirir, eyni zamanda münaqişədə iştirakını inkar etmə ehtimalını saxlayır”.

Hibrid savaşına ilk nümunə olaraq Əfqanıstandakı müharibəni də göstərirlər. Həmin müharibədə xarici qüvvələr (ABŞ, Çin, Pakistan və s) Əfqanıstandakı Taliban təşkilatına qarşı mübarizə üçün ölkədəki mücahidlərə dəstək oldu. Onları silahla təmin edərək Talibana qarşı savaşa qaldırdı. Yəni, adı çəkilən ölkələr açıq şəkildə, birbaşa Talibanla savaşmadı, müharibənin hibrid adlanan metodundan istifadə edərək kənardan, digər qüvvələrin gücündən istifadə etdilər.

Hibrid savaşının asan anlaşın dildə başqa bir izahı belədir ki, düşmən səninlə üzbəüz döyüş meydanında döyüşmür.

Hibrid müharibəsində “İki ordu arasında baş tutmayan savaş” da demək olar.
Ekspertlər deyir ki, hibrid savaşı mürəkkəb struktura və aparılma mexanizminə malikdir. Bu savaş üsulu çoxlu sayda hərbi və qeyri-hərbi dövlət alətlərinin kombinasiyası kimi xarakterizə edilə bilir.

Hibrid müharibəsi özündə siyasi və iqtisadi vasitələrin tətbiqini nəzərdə tutur.
Amerika və Rusiyadan olan şərhçilər hibrid savaşının özəllikləri kimi göstərirlər ki, bu zaman nizam-intizamsız döyüş müşahidə etmək olur. Həmçinin saxta xəbərlərin tirajlanması, diplomatik danışıqlarda yalan informasiyaların gündəmə gətirilməsi də hibrid savaşın bir parçasıdır.

Yəni, göründüyü kimi hibrid savaşı təkcə düşmənin terror və ya digər fiziki təsir imkanları ilə savaşması demək deyil.

Hibrid savaşının bu kimi tərəflərini sentyabr ayının 27-dən başlayan vətən müharibəsində müşahidə edə bilirik. Ermənistan həm daxili, həm də xarici media qurumlarında savaşla bağlı həqiqətə uyğun olmayan məlumatlar yayırlar.

Məsələn, Gəncədə ermənilərin törətdiyi hərbi cinayətdə yaralanan azyaşlını guya Xankəndində “yaralanan uşaq” kimi təqdim etdilər. Elə dünən sosial şəbəkələrdə fenomen olan topçumuzun fotosunu da müxtəlif effektlər verərək öz adlarına çıxarmağa çalışdılar. Xankəndində açılışı edilməyən doğum evinin Azərbaycan ordusu tərəfindən vurulması kimi dezinformasiya yaydılar.

Siyasət meydanında Ermənistan rəsmilərinin söz oyunu, hiyləgərliyi də hibrid savaşının göstəricilərindəndir.

Hibrid savaşında tərəflərdən biri düşmənini daxildən vurmağa çalışır. Ölkə daxilində müxtəlif yollarla xaoslar yaratmağa, terror aktları törətməyə, daxildəki müxalif qüvvələri hakimiyyət əleyhinə qaldırmağa cəhd edir.  

Yuxarıda da qeyd etdiyimiz kimi, DTX, DİN və Hikmət Hacıyevin bu cür xəbərdarlığı prosesin ciddiliyindən xəbər verir. Demək ki, döyüş meydanından qaçan düşmən pusqudadır və planlar hazırlayır. Və heç şübhəsiz ki, Azərbaycan hüquq-mühafizə orqanları bu planlarla bağlı məlumatlar əldə edib və qarşısını da alacaqlar.

Hibrid müharibənin xüsusiyyətlərindən biri də təcavüzkarın uzun müddət qarşı tərəfin strateji səbrini sınamaqla uzun müddət düşmənçilik hərəkətləri etməsidir. Necə ki, 30 ilə yaxındır ki, Ermənistan bu mövqeyi Azərbaycana qarşı sərgiləyir.
İndi leksikonumuza hibrid müharibəsi adı ilə daxil olan bu savaş növündən qədim tarixdə də istifadə olunub.

Amma tarixi döyüşlərdə texnologiyalar indikindən tamamən fərqli idi. Məsələn, qədim zamanlarda quyuların zəhərlənməsi, şəhər müdafiəçilərinə rüşvət verərək qala qapılarının açdırılması kimi hibrid müharibəsini metodlarından istifadə olunub.
Bir sözlə, hibrid savaşı tarix boyu müxtəlif metodlarla, müxtəlif üsullarla ayrı-ayrı dövlətlər tərəfindən həyata keçirilib. Zaman bizə hiyləgər düşmənimizin hibrid savaşının hansı metodlarından istifadə cəhdlərini və Azərbaycanın bu planları anında necə ifşa edəcəyini göstərəcək...

İlkin Muradov
Musavat.com
 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR