Ermənistanın İranla iqtisadi münasibətləri və Samvel Aleksanyanın araq yüklü eşşəkləri …
Son vaxtlarda İranla iqtisadi münasibətlərin genişləndirilməsi mövzusu Ermənistanda yenidən dəbə minib. Ermənistan hakimiyyəti, xüsusilə Serj Sərkisyan komandası cənub qonşumuzdan bir çox məsələyə görə mədət umur.
Ermənistanın baş naziri Ovik Abramyan Avrasiya İqtisadi İttifaqının baş nazirlərinin Soçidəki toplantısında İran-Ermənistan azad iqtisadi zonasının yaradıldığını bəyan edib. Ovik Abramyanın sözlərinə görə, bu həm Meğri rayonunun, həm də bütövlükdə Ermənistanın inkişafı üçün yeni imkanlar açır.
Erməni mətbuatının yazdığına görə isə Abramyan əslində guya İranın Ermənistan vasitəsilə Avrasiya İttifaqına çıxış əldə edəcəyi kimi köhnəlmiş, lakin ölkə üçün heç bir xeyri olmayan, tezisi təkrarlayıb.
Erməni KİV-ləri Abramyanın elə bu şüarlarla seçkiqabağı dövrü başa vuracağını düşünür. İranla azad iqtisadi zonanın yaradılması da Ermənistan hakimiyyəti, daha doğrusu onun kriminal oliqarxiyası üçün bu cür ideyalardan sayıla bilər.
Erməni mətbuatı İranla Ermənistan arasında tək real iri iqtisadi layihənin hələ çəkilməsi planlanan qaz kəməri olduğunu yazır. Lakin bu layihə də gələcək gəlirlərin Rusiya “Qazprom”unun cibinə gedəcəyi səbəbindən olduqca səmərəsiz görünür.
Bu səbəbdən Ermənistan hökuməti İranla əlaqələrində azad iqtisadi zona ideyasından bərk yapışıb. Onların fikrincə bu vasitəylə Ermənistan Avrasiya ittifaqı üçün qapı rolu oynaya bilər.
Ermənistanın iqtisadçı analitikləri isə bununla bağlı olaraq bədbinliklə əllərini yelləməklə məşğuldurlar.
Onların fikrincə Ermənistanın bu təşkilata üzvlüyü sayəsində iqtisadi vəziyyəti nəinki düzəlməyib, hətta prosedur planda ixracatla, hətta ümumilikdə iqtisadi perspektivlərlə bağlı böyük problemlər yaranıb.
Bundan başqa, Putin Serj Sərkisyanla avqustun 10-da görüş zamanı lağ edirmişcəsinə, Ermənistanın Avrasiya İttifaqına üzv olduqdan sonra ÜDM-in 10 faiz artdığını söyləyib.
Ermənistanda isə bu sözlər başqa cür yozulur. Onların fikrincə ağır iqtisadi böhran dövrünü yaşayan Putin Rusiyası İrəvandan Avrasiya İttifaqından başqa nəsə gözləməməsini, Rusiyaya artıq xahişlərlə müraciət etməməsini və problemlərini özünün həll etməsini istəyib. Bu mənada, İranla azad iqtisadi zona haqqında saziş Ermənistanın Rusiyadan qopardığı maksimum güzəşt sayıla bilər.
Bundan başqa, öz nəhəng iqtisadi göstəricilərinə və gücünə görə Ermənistanla müqayisəyə belə gəlməyəcək İran üçün bu iqtisadi zonanın perspektivi sadəcə rişxənd doğura bilər. Ermənistanın İran üçün Avrasiya İttifaqına qapı olması məsələsi də qonşu ölkədə gülüşlə qarşılanıb: Ermənistanın heç bir Avrasiya İttifaqı ölkəsi ilə quru sərhədi yoxdur:"İrana müasir sistemləri, çağdaş düşüncə qabiliyyətinə malik, biznes strukturları olan dövlət lazımdır. Daha postsovet ölkələrin korrupsiyalaşmış sistemi üçün dam rolunu oynayan Avrasiya İttifaqı yox", - deyə 1.in.am saytında qeyd olunur.
Erməni iranşünası Armen Vardanyan da İranla iqtisadi münasibətlərdə sonuncunun Azərbaycanı daha çox tərcih etdiyini etiraf edir: “Rusiyanın Azərbaycana təqdim etdiyi bir sıra iqtisadi proqramlarda Şimal-Cənub dəhlizinin Ermənistandan deyil, Azərbaycandan keçməsi ilə bağlı təhlükə (Ermənistan üçün - red.) yaranıb”.
“İranla Azərbaycan arasında münasibətlər Ermənistan-İran münasibətlərindən bir baş yuxarıdır. Azərbaycan və İran prezidentlərinin 7 dəfə görüşməsinə rəğmən, Ermənistan və İran dövlət başçıları bir dəfə də rəsmi şəkildə görüşməyiblər. Bu isə mühüm göstəricidir”, - deyə Armen Vardanyan erməni jurnalistlərinə bildirib.
Onu da qeyd edək ki, Ermənistan iqtisadi planda böyük investisiya layihələrini cəlb etməyi düşünür.
Erməni saytlarının yazdığına görə, bu ilin oktyabrın 10-u və 11-də Nyu -York şəhərində Ermənistan iqtisadiyyatına investisiyaların cəlb edilməsi ilə bağlı forum keçiriləcək. Bu barədə Ermənistanın inkişaf fondunun rəhbəri Karen Mkrtçyan"Amerikanın səsi" radiosuna məlumat verib.
Onun sözlərinə görə forumda Ermənistan prezidenti Serj Sərkisyanın, habelə Dünya bankı, Asiya İnkişaf Bankının və müxtəlif şirkətlərin rəhbərlərinin iştirak edəcəyi gözlənilir: “Bu son 15 ildə ilk belə tədbirdir və bizdə hələ investorların siyahısı yoxdur”, deyə Mkrtçyan qeyd edib.
Forumun təşkilatçıları Ermənistan hökuməti və Asiya İnkişaf Bankıdır.
Forumda Ermənistan iqtisadiyyatının 8 sahəsi və onların dəstəklənməsinə yönəlik dövlət proqramları təqdim olunacaq.
İnvestorlara təqdim olunacaq layihələrin içərisində dəmiryol yük daşımaları, kənd təsərrüfatı, o cümlədən Şimal-Cənub yolunun tikintisi də yer alıb.
Mkrtçyan iqtisadiyyatın korrupsiya içərisində olduğunu etiraf etməklə bərabər, bir sıra Avropa və ABŞ şirkətlərinin öz mallarını heç bir rüsum ödəmədən Rusiyaya və Avrasiya İttifaqının digər ölkələrinə satması üçün Ermənistanın platforma rolu oynaya biləcəyini söyləyib.
Maraqlıdır ki, həmin şirkətlərin öz mallarını Rusiyaya nə üçün birbaşa deyil, məhz Ermənistan vasitəsilə satmaq istəyəcəklərinə müsahib aydınlıq gətirməyib.
Bununla belə, Ermənistanın Avrasiya İttifaqında “topdan satış bazar” olması perspektivindən dəm vuran Karen Mkrtçyan Ermənistanın məhz elə həmin ittifaqa qoşulduqdan sonra ölkəyə qoyulan sərmayə həcminin azaldığını etiraf etməyə məcbur olub: “Əgər Ermənistan üçün təşkil edilən beynəlxalq forumların, konfransların, investisiya müzakirələrinin praktiki plan və addımlar halında heç olmasa 25 faizi reallaşdırıla bilsəydi Ermənistan müstəqil olduğu 25 ilə ərzində tamamilə başqa siyasi, sosial-iqtisadi mənzərəyə malik olardı” deyə, 1in.m saytının analitiki Aram Amatuni yazır: “Ermənistana 25 ildir hakim kəsilən indiki mənzərə isə bu cür forumların işıqlı perspektivinə kölgə salır”, yazaraq, müəllif davam edir.
“Ermənistanın daxili idarəsi kriminal-oliqarxik əxlaqla həyata keçirildiyinə görə, dünyanın sərmayə potensiyalına müvafiq gəlmir. Ermənistanın xarici siyasəti dünyadakı proseslərə və vektorlara tərs istiqamətdə, küləyin əksinə həyata keçirilir. Bu isə beynəlxalq investorlarda heç bir inam təlqin edə bilməz”, deyə müəllif qeyd edib.
Sonda qeyd edək ki, Ermənistan mətbuatında prezident Serj Sərkisyana yaxın erməni oliqarxlarının İraq Kürdüstanında biznesi barədə maraqlı məlumatlar dolaşmaqdadır.
Erməni KİV-lərində hakim “Respublika” partiyasının deputatı, oliqarx Samvel Aleksanyanın İraqda öz spirtli içkilər biznesini genişləndirdiyi barədə xəbərlər çıxıb.
Ermənistan mətbuatının yaydığı xəbərə əsasən Aleksanyan indi özünün qaçaqmal içkilərini İraq Kürdüstanına göndərməklə məşğuldur.
Qeyd olunur ki, Ermənistanda istehsal olunan, lakin keyfiyyətcə aşağı sayılan araq və viskilərin İraqa ixracatı üçün Aleksanyan hər konteynerə görə 20 min dollar ödəyirmiş.
Bu səbəbdən erməni oliqarx İraqda kürdlərin nəzarət etdiyi bölgədə, Ərbil şəhərində araq zavodu tikdirməklə məşğuldur.
Erməni KİV-lərinin verdiyi xəbərə görə, Samvel Aleksanyan həmin içkiləri islam dövləti sayılan İrana qaçaqmal yolu ilə nəql etmək məqsədilə 2000 eşşək alıb.
Kim bilir, İranla əlaqələrin bəlkə də elə bu eşşəklər vasitəsilə qurulması planlaşdırılır...
Vaqif HÜSEYN






