Ermənistanın cəbhədə kimyəvi silah istifadəsinə ABŞ səfirliyindən reaksiya
Ötən sutka da cəbhədə silahlar susmayıb. Azərbaycanın Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 60 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 142 dəfə pozub.
Mövqelərimizə atəş açan düşmənin mövqeləri və səngərlərinə cavab zərbəsi endirilib.
Mayın 11-də isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Goranboy rayonu Tapqaraqoyunlu kəndinin qərbindən keçən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
ATƏT nümayəndələri Tərtər rayonunun Əskipara kəndində ermənilərin atdığı, istifadəsi qadağan edilmiş top mərmisinin düşdüyü əraziyə gedərək erməni vandallarının törətdiyi cinayətləri şəxsən müşahidə ediblər. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Saymon Tiller və ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Günter Baxler Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə birgə əraziyə baxış keçirirlər. APA-nin xəbərinə görə, Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərin cəbhənin Tərtər rayonu istiqamətinə səfəri də başlayıb. Azərbaycan Xarici İşlər və Müdafiə nazirliklərinin birgə təşkilatçılığı ilə baş tutan səfər Ermənistan silahı qüvvələrinin Əskipara kəndinə fosfor təyinatlı hərbi sursat atması faktı ilə bağlıdır. Hərbi attaşelər beynəlxalq konvensiyalarla qadağan olunmuş təhlükəli hərbi sursatdan istifadə faktı ilə tanış olurlar. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Goranboy rayonu Tapqaraqoyunlu kəndinin qərbindən keçən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirən ATƏT nümayəndələri monitorinq başa çatandan sonra Tərtər rayonuna gediblər.
Qeyd edək ki, təkcə Tərtər rayonunun 17 yaşayış məntəqəsinə 280-dən çox ağır artilleriya qurğularından atılan mərmi düşüb. Bunu Tərtər Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Müstəqim Məmmədov Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələrinə cəbhədə son vəziyyətlə bağlı məlumat verərkən deyib. (report.az) İcra başçısı bildirib ki, həmin ərazilərdə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları tərəfindən 59 ədəd partlamamış hərbi silah-sursat tapılaraq zərərsizləşdirilib. M.Məmmədov həmçinin vurğulayıb ki, Ermənistan hərbi birləşmələri dinc vətəndaşları hədəfə alıb. Icra başçısı da düşmənin kimyəvi silahdan istifadəsini təsdiqləyib: “Ermənilər cəbhəboyu kəndləri və yaşayış məntəqələrini, əkin-biçin və suvarılma vaxtı kənd təsərrüfatı sahələrini mütəmadi atəşə məruz qoyurlar. Onlar ağır artilleriya qurğuları ilə yanaşı beynəlxalq səviyyədə qadağan olunan, zəhərli silahlardan da istifadə edirlər. Ötən gün ermənilərin ağ fosfor mərmisindən istifadə etməsi bir daha göstərdi ki, ermənilər yalnız dinc sakinlərə ziyan vurmaq və onların kütləvi qırılmasına çalışır”.
Ermənistanın azğınlığı artıq həmsədr ölkələri də hövsələdən çıxarmaqdadır. Rusiyanın vasitəçiliyi ilə əldə olunan atəşkəs razılaşmasını hər gün pozan işğalçı Azərbaycanın mövqelərini vurmaq üçün hətta kimyəvi silahlardan da istifadə edir. Bundan əvvəl atom silahına da malik olduqlarını iddia edən düşmən ölkənin rəsmiləri artıq kimyəvi silahların tətbiqinə başlayıb. Düşmən ölkənin nümayəndələri və Qarabağ separatçıları müxtəlif bəhanələrlə bu məlumatları art-basdır etməyə çalışsa da, Bakının əlində təkzibolunmaz faktlar var. Düşmənin Qarabağ cəbhəsindəki azğınlığı Azərbaycanı hər an hərbi əməliyyat qərarı verməyə vadar edə bilər. Ermənistan həm mülki əhalimizi atəş altında saxlayır, həm də kimyəvi silaha əl atır. Hansı ki, İraqa qarşı beynəlxalq koalisiya elə Səddam Hüseynin kimyəvi silahdan istifadə qərarına görə sərt qərar verdi, sonda İraq dövlət olaraq silinmək təhlükəsi ilə üz-üzə qaldı, Səddam isə asıldı. Sərkisyan bu kimi addımları ilə özünü Haaqa Tribunalına xeyli yaxınlaşdırıb. Yəqin ki, Azərbaycanın rəsmi qurumları faktları toplayıb beynəlxalq məhkəməyə müraciət edəcək. Artıq məsələyə reaksiyalar gəlməkdədir.
“ABŞ kütləvi qırğın silahlarının yayılması və tətbiqinin qəti əleyhinədir, o cümlədən də nüvə silahının”. "Trend"in məlumatına görə, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta İrəvanın nüvə silahının yaradılması haqqında bəyanatını şərh edərkən deyib. Onun sözlərinə görə, 31 mart-1 aprel tarixində ABŞ-da keçirilmiş nüvə sammitində həm Prezident İlham Əliyev, həm də Serj Sərkisyan iştirak edib: “Bu sammitdə Barak Obamanın diqqət ayırdığı əsas məqam nüvə silahlarının yayılmasının qarşısının alınması idi. Sammitdəki mövqeyimiz bir daha göstərir ki, biz harada olmasına baxmayaraq, nüvə silahının tətbiqinin əleyhinəyik. Bu bizim rəsmi mövqeyimizdir”. R.Sekuta əlavə edib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsi tərəflərini yenidən danışıqlar masası arxasına oturmağa çağırır: “Mən, eləcə də həmsədr (Ceyms) Uorlik dəfələrlə bəyan etmişik ki, tərəflər yenidən danışıqlar masası arxasına oturmalıdırlar və biz onları geniş hərtərəfli sülh müqaviləsini bağlamağa çağırırıq. Biz hesab edirik ki, bu vacibdir”.
Bu arada amerikalı həmsədr vəziyyətin gərginliyini nəzərə alaraq həyəcanlı açıqlama ilə çıxış edib. “Danışıqlar prosesində uğur əldə edilməsi proses hər hansı ilkin şərt olmadan başlayacağı halda mümkündür”. Bunu həmsədr Ceysm Uorlik Ermənistanın “Aykakan Jamanak” qəzetinə müsahibəsində deyib. (APA) O bildirib ki, tez bir zamanda danışıqların başlanacağına ümid edir: “Qarabağ münaqişəsinin ədalətli və qərəzsiz həllinin əsasında hərbi gücdən istifadə etməmək, dövlətlərin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etməsi prinsipləri dayanacaq”. C.Uorlik qeyd edib ki, Dağlıq Qarabağın yekun statusu münaqişənin hərtərəfli tənzimlənməsi kontekstində müəyyənləşdiriləcək ki, bura Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılması da daxildir. Diplomatın sözlərinə görə, həmsədrlər münaqişə tərəfləri ilə ən yüksək səviyyədə daimi təmasları dəstəkləyir: “Hazırda münaqişənin həlli istiqamətində konkret planlar yoxdur, lakin biz istənilən vaxt münaqişənin tənzimlənməsi ilə bağlı növbəti addımların konkretləşdirilməsi məqsədilə regiona səfər etməyə hazırıq. Hazırkı mərhələdə bizim prioritetimiz uzunmüddətli atəşkəs rejiminə əməl edilməsidir”. Qeyd edək ki, iki gün əvvəl ABŞ Dövlət Departamenti Qarabağın müstəqilliyinin heç bir ölkə tərəfindən tanınmadığını ermənilərə təkrar xatırlatmışdı. Həmsədrin son açıqlaması isə danışıqları davam etdirmək üçün bəzi şərtlər irəli sürən Ermənistana cavabdır.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı isə “Yeni Müsavat”a açıqlamasında dedi ki, Müdafiə və Xarici İşlər nazirliklərinin birgə təşkilatçılığı ilə Azərbaycanda akkreditə olunmuş səfirliklərin hərbi atteşeləri və nümayəndələri, o cümlədən KİV təmsilçiləri cəbhə bölgəsində, ermənilərin kimyəvi silahdan istifadə etdiyi ərazidə olub. Nazirlik təmsilçisinin dediyinə görə, atılan mərmilərdən biri partlamamış halda tapılıb: “Bütün gələn qonaqların hamısına kimyəvi tərkibli B-4 mərmisinin xüsusiyyətləri, nə kimi ziyan verəcəyi barədə məlumatlar verildi. Hərbi atteşelər də məsələni nəzarətdə saxlayacaqlarını dedilər. Sonda ermənilərin Azərbaycanın yaşayış məntəqələri istiqamətinə atdığı həmin mərminin zərərsizləşdirilməsi prosesi həyata keçirildi”. Nazirlik rəsmisi dedi ki, Ermənistan qadağan olunmuş mərmidən istifadə etməklə beynəlxalq konvensiyaları, beynəlxalq hüquq normalarını pozub. Özü də bu, mülki əhaliyə qarşı istifadə olunub. O əraziyə atıblar ki, orada mülki əhali yaşayır.
Elşad PAŞASOY






