Azərbaycan, Ermənistan və Fransa prezidentlərinin görüşü oktyabrın 27-də Yelisey sarayında baş tutacaq. APA-nın “Frans Press” Agentliyinə istinadən yaydığı məlumata görə, sammitin məqsədi iki ay əvvəl vəziyyətin ağırlaşmasından sonra Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında dialoqu təmin etməkdir.
Məlumatda bildirilir ki, üçtərəfli görüşdən sonra prezident Fransua Olland Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla təkbətək görüşlər keçirəcək. Sammit çərçivəsində prezidentlərin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşləri də olacaq. Prezidentlərin şərəfinə veriləcək rəsmi şam yeməyində Qafqazın gələcəyi ilə bağlı daha dərin mövzuların müzakirəsi gözlənilir.
Hər halda Rusiyanın uzun müddət üzərində dominantlıq etdiyi danışıqlar prosesinə bu dəfə rəsmi Parisin arbitrliyinin hansı məntiqi sonluqla bitəcəyi əsas müzakirə mövzularındandır. Yaxın tariximizdə baş verənlərin acı təcrübəsindən çıxış edərək vurğulaya bilərik ki, Moskvanın iradəsindən kənarda aparılan Qarabağ danışıqları hansısa sürprizlərlə müşayiət olunub. 1991-ci ilin 20 noyabrında böyük bir heyətlə Xankəndinə uçan azərbaycanlı dövlət rəsmilərinin təyyarədə məhv edilməsi, 1992-ci ilin 8 mayında Tehranın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərliyinin İranda danışıqlar apardığı zaman Şuşanın işğal edilməsi, 1999-cu ilin payızında İstanbul sammitində münaqişənin tənzimlənməsi istiqamətində ciddi irəliləyişlərlə bağlı gözləntilər olduğu halda Ermənistan parlamenti gülləbaran edildi. Siyahını uzatmaq da olar.
Elə yay aylarında cəbhə xəttində qarşılıqlı itkilərlə müşayiət olunan gərginliyin də arxasında Kremlin barmağının dayandığını hətta erməni ekspertlər də təsdiqləyib. Ancaq indiki məqamda, Putinin Ukrayna böhranı ilə bağlı sıxışdırıldığı, ölkənin böyük itkilərlə üzləşdiyi bir ərəfədə Ollandın təşəbbüsünü pozmaq üçün sürpriz hazırlayacağı daha az inandırıcı görünür. Amma şübhə yoxdur ki, daxildə hakimiyyəti xeyli laxlayan Sərkisyan Putinin iradəsindən kənar hansısa anlaşmaya gedən deyil.

Qeyd edək ki, Fransanın Ermənistandakı səfiri Anri Reno Paris görüşündən dolayı gözləntiləri şərh edərkən deyib: “Diplomatik təfərrüatlara varmadan qeyd edim ki, görüş nizamlama prosesinə konfliktin həllinə yönəlik yeni impuls verəcək. Vacib olan odur ki, hər iki tərəf etimad atmosferi yarada bilsin”. Ancaq səfirin ardınca dedikləri təhlükənin anosu sayıla bilər. Onun sözlərinə görə, müzakirələrin əsasında üç prinsip duracaq: “Ərazi bütövlüyü, millətlərin öz müqəddəratını təyinetmə haqqı və güc tətbiqindən imtina”.
“Aykakan Jamanax” qəzetinin (Ermənistan) diplomatik qaynaqlara istinadən yaydığı xəbərdə “Azərbaycan və Ermənistan prezidentlərinin yaxın günlərdə Parisdə baş tutacaq danışıqlarında Dağlıq Qarabağ münaqişəsinə dair birgə bəyanatın imzalanması gözlənilir” - deyə qeyd edilir. Erməni mətbuatına istinad edən virtualaz.org-un məlumatına görə, Fransa prezidenti Əliyevlə Sərkisyanın birgə bəyannamə imzalamasına nail olmağa çalışır. Qəzetimizin yazdığı kimi, Qərb tədricən Azərbaycanı həmin 3 prinsip əsasında “şotland variantı”na hazırlamaq istəyir. “Yəni Qərb problemi Rusiyanın nəzarətindən çıxarmaq üçün Azərbaycanın köklü maraqları hesabına da olsa, öz ssenarisini işə salmaqda israrlı görünür. Buradaca əlavə edək ki, amerikalı həmsədr Ceyms Uorlikin bu ilin yayında irəli sürdüyü 6 bəndlik həll təklifi də özündə çox incə və hiyləgər şəkildə ”şotland ssenarisi"ni ehtiva edir". Nəzərlərin Parisə dikildiyi günlərdə bütün bu gözləntilər və ehtimallarla bağlı rəsmi və qeyri-rəsmi mövqeləri öyrənməyə çalışdıq.

Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə isə bildirdi ki, danışıqların predmetini təşkil edəcəyi məsələlərin hər üçü mücərrəddir: “Ərazi bütövlüyü hamı tərəfindən etiraf edilib. Üstəlik, millətlərin haqqı məsələsinə də etiraz edən yoxdur. Həmçinin güc yolu ilə məsələni həll etməməklə bağlı prinsipə qarşı çıxan da yoxdur. Elə isə Parisdə dəfələrlə müzakirə olunan məsələləri müzakirə etməyə ehtiyac varmı?”
V.Quluzadə Kazimirovun üç planından sonuncusunu, ümumi dövlət modeli planını xatırlatdı: “Bu planların hamısında ərazi bütövlüyü, millətlərin öz müqəddəratını təyinetmə hüququ və gücdən imtina məsələləri var. Amma nə olsun, ortalıqda heç bir irəliləyiş yoxdur, torpaqlar işğal altında qalıb. Məsələlər belə müzakirə olunmamalıdır, konkret qoyulmalıdır. Ermənilərə Dağlıq Qarabağın statusu lazımdır. Bizim və beynəlxalq hüququn bu məsələdə mövqeyimiz məlumdur. Beynəlxalq hüquq Dağlıq Qarabağı bizim ərazi hesab edir. Elə isə Parisdə müzakirə açmaq olar ki, Ermənistan nə etmək istəyir? Yenədəmi beynəlxalq hüquqa, BMT-nin nizamnaməsinə məhəl qoymadan işğalı davam etdirmək fikrindədir? Ondan sonra öz müqəddəratını təyinetmə ilə bağlı konkret aydınlıq yaradılmalıdır. Məlumdur ki, hər bir ölkədə kiçik azlıqlar var, amma ölkələrin ərazi bütövlüyünü pozmurlar. Yəni məsələlər konkretləşdirilməlidir. Biz əgər müzakirələrə prinsiplərdən başlayırıqsa, deməli, heç nəyə nail olmayacağıq”.
Sabiq müşavir deyir ki, əgər müzakirələr yuxarıda bəhs olunan məsələlərə həsr olunsa, Ollandın təşəbbüsü də fiaskoya uğrayacaq: “Gərək Ollandın ermənilərlə razılığı olsun ki, onlar Rusiyanın diktəsindən çıxsınlar və beynəlxalq hüquqa məhəl qoysunlar. Onda Azərbaycanla sülh mümkündür. Yoxsa ki, ermənilər Rusiyanın əsgəri müttəfiqi kimi qalırlar, üstəlik, Gömrük İttifaqına da daxil olur, bundan sonra büynəlxalq aləm istəyir ki, Azərbaycanla Ermənistan arasında irəliləyiş olsun”.
V.Quluzadənin fikrincə, Rusiya yüz faiz əmindir ki, Parisdə heç bir irəliləyiş olmayacaq: “Əgər Sərkisyan Ollandın bütün təkliflərinə ”hə" desə, sülhə razılaşsa, onda ölkəsinə qayıda bilməyəcək, Rusiyanın tapşırığı ilə ermənilər onu hakimiyyətdən qovacaq". Ekspert deyir ki, Parisdə böyük bir sabun köpüyü şişirdiləcək: “Fransa bu sabun köpüyünü böyük irəliləyiş kimi qələbə verməyə çalışacaq. Ancaq həmin 3 əsas prinsipin razılaşdırılması söhbəti o anlamı verir ki, 2 dəfə 2 dörd edir”.
“Azərbaycan və Ermənistan prezidentlərinin gələn həftə Parisdə Fransanın dövlət başçısı Fransua Olandın vasitəçiliyi ilə keçirəcəyi görüş Dağlıq Qarabağ danışıqlarında irəliləyişə gətirə bilərmi”- sualına cavabında politoloqlar Elman Nəsirli və Elxan Mehdiyev də “Media forum”a münasibət bildirib. E.Nəsirov deyib ki, danışıqlara bəri başdan kölgə salan hadisələr baş verir: “Ermənistan öz ampluasındadır. Danışıqlar prosesini pozmaq üçün İrəvan hər zaman ya atəşkəs rejimini kəskin şəkildə pozur, ya da prezident, xarici işlər naziri, müdafiə naziri hərbi ritorikaya söykənən bəyanatlar verir, görüş mənasız olur. Bu dəfə əsir götürülmüş azərbaycanlılara qondarma məhkəmə prosesi qurmaq istəyirlər. Oktyabrın 27-də prezidentlərin görüşü təşkil olunur, həmin gün Xankəndidə girov azərbaycanlılara qeyri-qanuni məhkəmə qurulursa, deməli, Ermənistan narazılıq üçün yeni əsaslar yaradır.
Ermənistanın bütün gedişləri danışıqları nəticəsiz etmək və status-kvonu qoruyub saxlamağa hesablanıb. Ona görə bu hadisələr fonunda danışıqların pozitiv nəticələrinə xüsusi bir ümid yoxdur. Dünya, o cümlədən Rusiya mətbuatı bir fikri önə çəkir ki, Vladimir Putin avqustda prezidentlərin görüşünü təşkil edərkən prosesin payızda davam edəcəyini bəyan edib. Bu baxımdan daha çox maraq doğuran Rusiya prezidentinin yeni görüş təşkil edəcəyi, hansısa nəticələrin əldə olunacağıdır".
Elxan Mehdiyev isə deyib ki, Paris görüşü haqda daha çox erməni tərəfə baxaraq fikir söyləyə bilir: “Qarşı tərəf üçün bu görüş sadəcə danışıqları, işğalı uzatmaq, vaxt qazanmaq, məsələni 2015-ci ilə keçirmək üçün yeni mərhələdir. Gələn il qondarma erməni genosidinin 100 illiyidir, niyyət dünyanın bütün liderlərini İrəvana yığmaq və ermənilərin tarixdə genosidə məruz qaldıqlarını göstərmək, rəğbət qazanmaqdır. Növbəti ildə də onlar danışıqlar mərhələsini daha asan aşmağa çalışacaq, prosesi 2016-cı ilə keçirəcəklər.
Ermənistanın strategiyası məsələni uzatmaqdır. Fransa tərəflər arasında inam yaratmağa çalışacağını deyir. İşğal kənarda qalıb, vasitəçilərin, Fransanın təşəbbüsü ona yönəlib ki, işğalı uzatmaq üçün təmas xəttində inam yaradan tədbirlər görülsün. Bu kimə lazımdır: Azərbaycan xalqına? Bizə torpaqları işğaldan azad etmək lazımdır, yoxsa təmas xəttində ermənilərə sakitlik yaratmaq? Paradoksal vəziyyət yaranıb".
Hazırda Dağlıq Qarabağ danışıqları Madrid prinsipləri üzrə aparılır. Madrid sənədinə görə, Ermənistan qoşunları ilk mərhələdə Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilandan çıxmalı, Laçın və Kəlbəcər ikinci mərhələdə boşaldılmalıdır. Prinsiplər Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılmasını, Dağlıq Qarabağın yekun statusunu həmin bölgədə keçiriləcək referendumda müəyyən etməyi də nəzərdə tutur.
XİN-in mətbuat katibi Hikmət Hacıyev isə “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, söhbət ölkə prezidentinin görüşündən getdiyi üçün nazirlik hadisələri qabaqlayıb hansısa fikir bildirə bilməz: “Hansısa yenilik olsa, prezidentin mətbuat xidməti məlumat verəcək. İndiki halda isə biz prosesləri qabaqlamaq istəməzdik”.
XİN başçısı Elmar Məmmədyarovun Böyük Sülh Sazişi ilə bağlı anonsuna gəldikdə, H.Hacıyev bunları bildirdi: “Cənab Məmmədyarov tərəfindən qeyd edilib ki, danışıqlar prosesində artıq Böyük Sülh Sazişi üzərində iş aparmaq lazımdır. Ermənistan tərəfi münaqişənin sülh yolu həll edilməsi istiqamətində müəyyən fikirlər söyləsə də, konkret müstəviyə gəldikdə, biz görürük ki, Ermənistan müxtəlif bəhanələrlə, o cümlədən təxribatçı əməlləri ilə prosesin əsl mahiyyətindən yayınmağa çalışır. Ona görə də Azərbaycanın mövqeyi budur ki, artıq danışıqlar prosesi danışıqlar naminə deyil, konkret müstəvidə aparılmalıdır.
Bizim tərəfimizdən artıq hərtərəfli sülh sazişi üzərində iş aparılması nəzərdə tutulur. Xarici işlər naziri Elmar Məmmədyarov onu da qeyd edib ki, hərtərəfli sülh sazişi bir çox elementlərdən ibarət ola bilər. Odur ki, artıq onun alt elementləri və strukturları üzrə bir strukturlaşmış danışıqlara başlamağın vaxtıdır. Amma təəssüf ki, Ermənistan tərəfi yenə də ənənəsinə sadiq qalaraq bu müstəvidə danışıqları davam etditmək əvəzinə, müxtəlif bəhanələri, mahiyyətə aid olmayan məsələləri gündəmə gətirməklə əsl mövzudan, danışıqların predmetli və praktiki müstəvidə aparılmasından yayınmağa çalışır”. H.Hacıyev “şotland variantı” barədə iddialara da münasibət bildirdi: “Danışıqlar prosesində Azərbaycanın mövqeyi qətidir. Bu, bütün səviyyələrdə dəfələrlə bəyan olunub. Danışıqlar prosesinin əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır”.