Bu gün Ermənistanın Eçmiəzdin şəhərində övladlarından xəbər tuta biməyən valideynlərin etiraz aksiyası keçirilib. Musavat.com Ermənistan mətbuatına əsasən xəbər verir ki, valideynlər şəhərdəki hərbi hissənin qarşısına toplaşaraq, övladlarının taleyi barədə məlumat verilməsini tələb edirlər. Aksiyada onlarla insan iştirak edir.
Valideynlərin verdikləri məlumata görə, oktyabr ayında ehtiyatda olan onlarla şəxsi orduya cəlb edib qızğın döyüşlərin getdiyi Zəngilana göndəriblər. Orada onlarla erməni mühasirəyə düşüb, indiyədək onların taleyindən xəbər yoxdur. Mühasirədən cəmi 34 nəfər sağ çıxa bilib.
Mühasirədən çıxa bilənlərdən biri olan David Katayan deyir ki, itkinlər arasında onun 1 qardaşı və 3 dostu var. Onları Mehri rayonundan Zəngilana aparıb, qızğın döyüşlərin içinə atıblar: “Komandir yox idi, bizə hara getməli olduğumuzu belə deyən olmadı. Nəticədə biz mühasirəyə düşdük. Dəstəmizdə 12 nəfər var idi. Geri çəkilmək əmri verilməmişdi, amma özümüz birtəhər çıxa bildik. Təpəliklərin arxasında hansısa generalın başçılığı ilə bizim ordumuz vardı, amma biz xahiş etsək də, kömək etmədilər”.
Etriazçılarla görüşən hərbi hissə kapitanı Kamo Malxasyan elan edib ki, sabahdan etibarən Qırmızı Xaç Komitəsinin dəstəyi ilə Zəngilan rayonunda meyitlərin axtarışına başlanacaq.
Onu da qeyd edək ki, övladlarından 42 gündür xəbər ala bilməyən erməni anaları İran, Rusiya səfirliklərinə, hətta Rusiya prezidenti Vladimir Putinə müraciət edirlər.
Dünya,
Musavat.com






