Erməni siyasətçi buna qarşı aclıq aksiyasına başlayıb
Ermənistanın “Milli razılıq” Partiyasının sədri Aram Arutunyan İrəvanın Azadlıq meydanında aclıq aksiyasına başlayıb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Arutunyan bunu hakim Ermənistan Respublika Partiyasının keçmiş prezident Serj Sarkisyanı baş nazirlik postuna gətirmək istəyinə etiraz məqsədilə həyata keçirdiyini deyib.
Qeyd edək ki, bu il aprelin 17-də Ermənistan parlamenti yeni konstitusiyaya müvafiq olaraq baş nazir və hökumətin tərkibini seçməlidir. Artıq bu posta partiyanın indiki sədri Serj Sərkisyanın gətiriləcəyi heç kimdə şübhə doğurmur. Bununla bağlı gedən söz-söhbətləri indiki baş nazir Karen Karapetyan da demək olar ki, rəsmiyyətə qovuşdurub.
Aram Arutunyan aclıq aksiyasını elə həmin günə, yəni aprelin 17-nə qədər davam etdiricəyini söyləyib. Erməni siyasəçti bir neçə tərəfdarı ilə birlikdə Azadlıq meydanının oturacaqlarının birində bütün gün ərzində oturacağını bildirib. “Axşamlar isə meydanda çadır qurub yatacağıq”, - Arutunyan jurnalistlərə bəyan edib.
![]()
Bundan başqa Aram Arutunyan bütün siyasi gücləri və ictimaiyyəti Serj Sərkisyanın namizədliyinə qarşı birləşməyə çağırıb. “Müxalifətin toparlanması minlərlə insanın küçələrə tökülməsinə gətirib çıxarar. Serj Sərkisyan 9-17 aprel aralığında siyasi cəhətdən “klinik ölüm” vəziyyətində olacaq. Onun faktiki olaraq ölkədə hakimiyyət rıçaqlarına təsir etmək imkanı olmayacaq. Siyasi qüvvələr bu situasiyadan yararlanmağı bacarmalıdır”, - partiya sədri bildirib.
Onu da qeyd edək ki, Aram Arutunyan 2003-cü il seçkilərində Robert Köçəryanın, 2008-ci il seçkilərində isə Serj Sərkisyanın rəqibi olub. Hər iki seçkidə o, 1 faizdən artıq səs toplamayıb. 2013-cü ildə isə o, öz namizədliyini geri çəkərək hər kəsi Serj Sərkisyana real rəqib ola biləcək namizədin ərafında birləşməyə çağırıb.
Ermənistan parlamentindəki tək müxalifət fraksiyası sayılan “Yelk”in lideri Nikol Paşinyan isə Serj Sərkisyanın namzidliyinə qarşı ölkə ərazisi boyu “Mənim addımım” adlı kampaniyaya başlayıb.
![]()
Aprelin 2-də Gümrüdə başlayan bu aksiya 14 gün sürməli və İrəvanda bitməlidir. Paşinyana, o cümlədən Zarui Postancyan, Raffi Ovannisyan, Paruyr Ayrikyan kimi ölkənin bir çox müxalifətçisi dəstək verir.
Hakim Respublika Partiyasının parlamentdəki fraksyasının rəhbəri Vaqram Baqdasaryan isə Paşinyanın təşəbbüsünü ələ salıb. “Yürümək sağlamlıq üçün çox faydalıdır”, - Baqdasaryan jurnalistlərə bildirib.
![]()
Vaqram Baqdasaryan N.Paşinyanın aprelin 19-da parlamentə gedən yolları qapamaqla bağlı xalqa yönəlik çağırışına münasibət bildirirək hər kəsi qanuna riayət etməyə çağırıb.
Bu isə həmin günlərdə İrəvanda siyasi müxalifətlə hüquq-mühafizə orqanları arasında küçə toqquşmalarının olacağını göstərir.
Musavat.com






