Akif Nağı: “İrəvanı ermənilərə paytaxt olaraq biz güzəştə gedəndə şərt qoymuşduq ki, bundan sonra bizə qarşı ərazi iddiasında olmayacaqlar, ancaq...”
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun “Rəsmi olaraq Ermənistana qarşı ərazi iddiaları irəli sürməliyik” təklifinə dəstək verib. “Yeni Müsavat”a açıqlamasında Qarabağ Azadlıq Təşkilatının sədri bildirdi ki, irəli sürülən təklif, ideya tamamilə doğru mövqedir:
“Çünki əvvəla, tarix və hüquq bizim tərəfimizdədir. İndi Ermənistan deyilən ərazilər qədim dövrdən 1918-ci ilə qədər Azərbaycan ərazisi hesab olunub, Azərbaycan dövlətinin tərkib hissəsi olub. Hər kəs bilir, 1918-ci ildə İrəvanı ermənilərə paytaxt olaraq biz güzəştə gedəndə şərt qoymuşduq ki, həmin vaxtdan sonra bizə qarşı ərazi iddiasında olmayacaqlar. Ermənilər də bu şərtə razılaşmışdılar. Ondan sonra 70 il ərzində ermənilər bizə qarşı torpaq iddisında oldular, deməli, onlar müqavilənin şərtlərini pozublar, ona görə də İrəvan və digər ərazilərimizi geri tələb etməliyik. Digər tərəfdən, 1929-cu ildə Zəngilanın Nüvədi və digər kəndləri qanunsuz olaraq Ermənistana verilib. Bu məsələdə də qanun o dərəcədə kobud pozulmuşdu ki, hətta uzun müddət Azərbaycan Ali Soveti həmin aktı təsdiq etmək istəməyib. Yalnız 1969-cu ildə təsdiq olunub. Bu əraziləri də geriyə almalıyıq”.
Akif Nağı vurğuladı ki, ümumiyyətlə, qərbi Zəngəzurun ermənilərə verilməsi qeyri-qanuni akt olaraq həyata keçirilib: “Bu barədə heç bir hüquqi sənəd yoxdur, yalnız ”Nəriman Nərimanovun bəyanatı"na istinad olunur. İndi onun da saxta olması, Nərimanovun elə bəyanatla çıxış etmədiyinə dair fikirlər var. Başqa bir məsələ də ondan ibarətdir ki, İrəvanın, Zəngəzurun və digər ərazilərin ermənilərə verilməsinə dair plebisit, referendum və ya hər hansı digər səsvermə, sorğu keçirilməyib. Beynəlxalq hüquqa görə, istənilən ərazinin taleyi ilə bağlı bu formalardan biri tətbiq olunmalıdır. Beləliklə, tarix də, beynəlxalq hüquq da bizim tərəfimizdədir. Bu hüquqa söykənərək, həmin ərazilərin, bütövlükdə Ermənistan deyilən ərazilərin qanuni tarixi sahiblərinə - Azərbaycana qaytarılmasını tələb etməli, bu yöndə hüquqi prosedurlara başlamalıyıq".
Qeyd edək ki, sabiq xarici işlər naziri “Yeni Müsavat”a müsahibəsində mövqeyini belə əsaslandırıb: “Biz rəsmi olaraq Ermənistana qarşı ərazi iddiaları irəli sürməliyik. Bizim tarixi əsaslarımız var. Əgər Ermənistan bizim ərazi bütövlüyümüzü tanımırsa, 30 il ərzində bunu açıq bəyan edibsə, biz niyə onlara qarşı ərazi iddialarımızı rəsmi olaraq irəli sürməyək? Kimsə irad tutsa, biz deyəcəyik bunlar bizə qarşı ərazi iddiası irəli sürürsə, biz niyə irəli sürməməliyik? Artıq sərhədi bərpa etmişik. Ona görə vaxtı gəlib çatıb ki, Zəngəzura, digər ərazilərə aid rəsmi olaraq iddiamızı irəli sürək. Ermənistanın Türkiyəyə qarşı ərazi iddiaları konstitusiyada təsbit olunub. Biz də rəsmi olaraq onlara qarşı ərazi iddialarımızı irəli sürməliyik. Dəhlizi də bunun çərçivəsində həll edəcəyik. Əgər Ermənistan deyirsə, mən bu sərhədi tanımaq istəmirəm, biz niyə onun ərazi bütövlüyünü tanımalıyıq? Tanımaq istəmirsən, mən də istəmirəm. Gəl, araşdıraq, görək İrəvan, Zəngəzur, Göyçə mahalı kimindir? Tarixi, hüquqi sənədlər göstərəcək ki, bizimdir”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”






