- Arif bəy, Şuşanın işğalının 20 illiyində nə düşünürsünüz? Narahat deyilsiniz ki, illər keçər 20 il 30, 40 il olar və biz elə il dönümləri qeyd etməklə təskinlik taparıq? Artıq şair demişkən, ömrünün 50-sini aşırmış keçmiş döyüşçü bu barədə nə fikirləşir?
- Açığı, bu qorxunu mən bir neçə il bundan qabaq hiss etməyə başladım. Çünki savaş ümidlərinin tükəndiyini hiss etdim. Dedim deyəsən, ümiddə savaş görünmür. Mən həbsdə olanda fikirləşirdim ki, birdən müharibə başlayar və həbsdə olduğum üçün savaşa qatıla bilmərəm. Ancaq sonra vəziyyətin dəyişdiyini hiss etdim. Mənim aləmimdə artıq Şuşanın, yaxud Laçının necə işğal olunduğunu müzakirə etmək məqsədəuyğun deyil. Artıq bu şəhərlərimizi necə almaq məsələsi aktuallaşıb. Yəni keçmişlərin ifrat dərəcədə müzakirə olunması insanların gələcəklə bağlı fikirlərdən yayındırmağa xidmət edə bilər. Günahkar axtarışlarına çıxılması o anlamı verir ki, deyəsən irəli baxan yoxdur. Ona görə də mən hələ bir neçə il əvvəl dedim ki, artıq yetər, keçmişin müzakirəsi qədərindən çox oldu. Torpaqları necə azad etmək haqqında düşünmək lazımdır
- Bəs, biz bu gün nə etməli, nədən başlamalıyıq?
- Ermənistan deyir ki, biz Qarabağın Azərbaycanla hər hansı bir şaquli münasibətlərini qəbul etməyəcəyik, bu, birmənalı mövqedir. Belə olan halda mən danışıqların mənasını görmürəm. Danışıq daxili publika üçündür. Hər kəs bilir ki, danışıq yolu ilə torpaqları azad etmək mümkün deyil. Bunu mənimlə söhbətləri zamanı xarici ölkələrin diplomatik nümayəndəliklərinin təmsilçiləri də etiraf ediblər. Özümüzü qoyaq Ermənistanın yerinə. Kifayət qədər böyük itkilərin əvəzində alınmış torpaqlardır. Ermənistanda da əlillər, müharibə veteranları, həlak olanların ailə üzvləri az deyil. Özü də onlar kifayət qədər təsir gücünə malik insanlardır. Bu mənada rəsmi İrəvanın onların iradəsinə olaraq qərar verməsi mümkün deyil.
- Amma reallıq da budur ki, Azərbaycanın arxasında güclü qüvvələrin dayandığı ölkəyə qarşı, özü də beynəlxalq aləmin yalnız sülhə çağırdığı bir zamanda savaş qərarı verməsi sadə məsələ olmazdı. Gürcüstan nümunəsi ortadadır...

- Təbii ki. Torpaqların müharibə yolu ilə qaytarılması böyük itkilər, qan-qada deməkdir. Mən döyüşçüyəm, əgər qan axacaqsa, birinci mənim qanım axacaq. Amma ayrı çıxış yolu qalırmı? Fakt budur ki, biz müharibəyə cəlb olunmuşuq. Burda seçim qarşısındayıq: savaş, yoxsa qürursuzluq, milli mənliksizlik, torpaqların itkisi. Biz durduğumuz yerdə demirik ki, filankəslə savaşmaq istəyirik. Amma qarşımızda ayrı yol yoxdursa, buna getməyə məhkumuq. Əgər kimsə torpaqları sülh yolu ilə alıb bizə qaytararsa, mən onun qarşısında baş əyərəm. Amma əminəm ki, bu, mümkün deyil. İkinci tərəfdən, biz hər yolu deyəndə məhz müharibəyə başlamağı nəzərdə tutmuruq. Əgər Azərbaycan həqiqətən də hərbə hazır olacaqsa, bu, artıq qələbəmizin sığortası, rəhni deməkdir. Fakt budur ki, Qərb həm daxili münasibətlərdə, həm də xarici münasibətlərdə güclünü dəstəkləyir. Tutaq ki, nəzəri cəhətdən bizim Ermənistan üzərində qələbəmiz real olarsa, Qərb avtomatik şəkildə bizi dəstəkləyəcək. Yəni onlar bilsələr ki, biz hərb yolu ilə torpaqlarımızı qaytara bilərik, sülh yolunu dərhal işə salıb məsələnin ədalətli çözümünə çalışacaqlar.
- Yəni deyirsiniz biz hələ hərbə hazırlıq məsələsində gərəkəni etməmişik?
- Biz çox parametrlər baxımından Azərbaycan ordusu erməni ordusundan çox-çox güclüdür. Amma müharibə kompleks məsələdir. Müharibə bir çox atributların yetərincə olmasını tələb edir. Məsələn, cəmiyyətdə sosial-ədalət prinsiplərinin təmin edilməsi, mənəvi-psixoloji durumunun yüksək olması da müharibə vəziyyətində çox önəmli məsələdir. Hərbi sıralanma baxımından əsgərin mənəvi-psixoloji durumu aparıcıdır. Üstəlik, müharibə aparan xalqın öz mental dəyərlərinə sadiqliyi bitkin və tam şəkildə olanda orda uduş olur. Özü də müharibə daha çox psixoloji məsələdir. Bütün növ hərbi hazırlıqlar, üstəgəl əsgər ailəsinin sosial-mənəvi müdafiəsi məsələsi qələbədə önəm kəsb edir. Bu xalq ailəyə, kökə bağlı xalqdır. Döyüşçü, əsgər həm də arxadakı ailəsinin durumunu düşünür. Sizə bir fakt deyim, həbs olunduğum vaxt istintaq qrupunun üzvlərindən biri yataq otağımı yoxlamağa icazə verməmişdi, demişdi bu, kişiyə yaraşan iş deyil. Hesab edirəm ki, mən o insanla siyasi baxımdan müxtəlif qütblərdə olsaq da, mənəvi, əxlaqi, mərdanəlik baxımdan eyni qütbdəyik. El arasında buna kişi düşmənçiliyi deyirlər. Deyim var ki, düşmənim kişi olsa, gülləsindən ölmək xoşdur. Sözüm ondadır ki, siyasi qütblərdəki fərqlərdən asılı olmayaraq, bizim ümummilli əxlaqa və ləyaqətə söykənən bir cəmiyyətin formalaşması çox önəmlidir müharibənin aparılmasında. Təəssüf ki, şəhid ailəsinə, döyüşçüyə, veterana, əlilə münasibət gələcək döyüşlər üçün stimul yaratmır və bizim üçün çox ağrılı yerdir.
- Amma ermənilər özləri də öz ölkələrində faciəvi vəziyyətin hökm sürdüyünü etiraf edirlər. Bu mənada indiki durumda iki ölkənin üz-üzə gəlməsi hansı nəticəni vəd edir?
- Təbii ki, o ölkədə də problemlər var. Mən bu fikirdəyəm ki, Azərbaycanın Ermənistana qalib gəlmək üçün kifayət qədər, hətta müqayisə olunmaz dərəcədə resursları və imkanları var. Bizim üstünlüyümüz ondadır ki, Azərbaycan əsgəri qüdrətli əsgərdir. Bu xalq ölümün üstünə fanatikcəsinə getməyi bacarır, bu, çox nadir xüsusiyyətlərdən biridir. Mən bunu müharibədə görmüşəm. Sadəcə biz mənəvi-psixoloji durumu gücləndirməliyik. Bütün növ texnikadan, təlimlərdən güclü olan bu məsələdir. Çox ölkələrin hərb tarixində nəticəni silah-sursat, texnika yox, insanların ruhu, daxili aləmi, mənəvi-psixoloji durumu həll edib.
- Son illərdə olubmu ki, şəxsən cəbhə bölgəsinə gedəsiniz, yaxud hərbi hissələrdə olub əsgərlərin mənəvi-psixoloji durumu, yaxud hərbi hazırlığının səviyyəsi ilə tanış olasınız?

- Cəbhə bölgəsində olmuşam, kənardan əsgərlərimizin döyüş hazırlığını müşahidə etmişəm, əsgərlərlə fərdi söhbətlərim olub. Açığı, bir çox məsələlər tam olmasa da, məni qane edib. Amma bir məsələni deyim. Bir müsahibəmdə demişdim ki, Azərbaycan ordusu erməni ordusuna qalib gəlmək gücündədir. Bəzi adamlar məni hakimiyyətə satılmaqda ittiham etmişdilər. Mən də cavabında dedim ki, cənablar, bəlkə siz gözləyirdiniz Azərbaycan ordusunun erməni ordusundan zəif olduğunu deyim. Bu, ləyaqətdən, vətənsevərlikdən kənar məsələdir. Orduda qüsurlar ola bilər. Amma ordunun qüsurlarının qabardılması düşmən tərəfə əlavə psixoloji üstünlük vermək deməkdir. Yəni insanlarda bir dövlətçilik düşüncəsi, vətən sevgisi olmalıdır ki, ordu hamı üçün müqəddəsdir. Orduya iqtidar-müxalifət sevgisi ola bilməz, bu, ümummilli məsələdir.
- Amma ordudakı “dedovşina” faktlarını, intiharları gizlətməyin özü də vətənpərvərlik nümunəsi adlandırıla bilməz...
- Təbii ki. Ona görə dedim ki, ordudakı vəziyyət məni tam qane etmir. Bunlar da çox pis hadisələrdir. Əgər orduda “dedovşina”, müəyyən digər qüsurlar varsa, bu, əsgərin günahı deyil, bilavasitə hərbi rəhbərliyin günahıdır. Zabit əsgər üçün həm tərbiyəçi, həm valideyndir. Amma orduda zəhmətkeş hissə, sabah müharibəni aparacaq kəsim doğrudan normal vəziyyətdədir. Amma təəssüflər olsun ki, yuxarı hissələr haqqında eyni sözləri demək mümkün deyil. İstənilən halda ordu haqqında məlumatların mətbuatda qədərindən çox getməsinin tərəfdarı deyiləm. Hətta müsbət tərəflərdən bəhs olunsa belə. Çünki elə müsbət məsələlər var ki, onların açıq deyilməsi düşmənin işinə yarayar.
- Zamanında 1941-45-ci il müharibəsi iştirakçıları, yaxud Əfqanıstanda xidmət keçən şəxslər auditoriyalara, hərbi hissələrə gələr, gənc nəsillə görüşdə təcrübəsini aşılayar, mənəvi-psixoloji ruhun aşılanmasında öz töhfəsini verirdi. Bəs, Qarabağ döyüşçüləri niyə belə proseslərdə iştirakçı olmur?
- Şəxsən mən belə görüşlərə hazıram. Hətta bir dəfə dedim ki, imkan verin biz oyuncaq silahlardan istifadə edib məktəblərdə təlimlər keçək, mənəvi-psixoloji təbliğatla məşğul olaq. Bu, döyüşmüş insanları oyundankənar vəziyyətə salmaqdır. Mən böyük məmnuniyyətlə bütün əziyyətlərə dözərək hərbi hissələrdə olub təbliğat aparmağa hazıram. Bizim əsgərlərə, tələbə və şagirdlərə deməyə kifayət qədər sözümüz var. Müharibədə təcrübə böyük rol oynayır. Hətta vaxtilə rus ordusunda xidmət etmiş bəzi zabitlər var idi ki, onların təcrübəsinin olmadığını görürdük. Fakt budur ki, müharibə praktik məsələdir. Əgər biz qələbə istəyiriksə, müharibə görmüş, döyüşmüş insanların potensialından, təcrübəsindən istifadə etməliyik.
- Qarabağ döyüşlərində iştirak etmiş bir sıra həmvətənlərimizin səsi sonradan Pankisi dərəsindən, Əfqanıstan, Pakistandakı düşərgələrdən, “əl-Qaidə” qruplaşmasından gəldi. Sizcə, bunun səbəbi nə oldu?
- Mən dəfələrlə demişəm ki, bu insanlar vətəndən perik salınanlardır. Perik salındıqdan sonra onlar bir sıra xarici dövlətlərin xüsusi xidmətləri tərəfindən ovlanılırlar, yad təsirlərə düşürlər. Zamanında bu barədə xəbərdarlıqlarımız olub. İnsanın öz vətəni özünə vətənlik, dövləti dövlətlik eləməyəndə mümkündür ki, o gedib yad ölkədə himayə axtarsın. Bəzən bu insanların içindəki böyük sevgi böyük nifrətə çevrilir. Hərdən mənə elə gəlir ki, bu vətən vətənpərvər insanların ögey anasıdır. Bu ölkədən gedənlər konkret mövqeyi olan, vətən yolunda savaşmış, vətən, millət dərdi çəkən, bu torpağa sevgisi olan insanlardır.
- Bu gün Arif Paşanın çevrəsində keçmiş döyüşçülərdən, Qarabağın yolunu-izini tanıyanlardan nə qədər qalıb ki, savaş qərarı verilsə, bir yerə cəm ola bilər?
- Perik salınanlar çox olsa da, qalanlar da çoxdur. Çəkdikləri əziyyətə baxmayaraq, dövlət, vətən sevgisi ilə yaşayan oğlanlarımız az deyil. Mən qürurluyam ki, belə insanlarımız var. Əslində başqa cür də ola bilməz. Biz savaşanda iqtidarlar üçün savaşmadıq ki. Biz əbədi dəyərlər olan vətən və millət üçün savaşdıq.
- İşğal altındakı ərazilərin azadlığı üçün keçmiş alay komandirinin planı varmı?
- Təbii ki, bir çox orijinal döyüş əməliyyatları planları var. Sadəcə bunu açıqlamaq düzgün olmaz. Qapalı çevrədə təbii ki, müzakirə oluna bilər. Belə deyim var ki, alınmayan qala yoxdur. Sadəcə o qalanı almaq istəyi gərəkdir. İstək varsa, torpaqların qaytarılması hər zaman realdır. Üstəlik, düşmən işğalçılıq siyasətini aparır, biz isə dədə-baba yurdlarımız uğrunda savaşırıq. Deməli, ədalətli müharibəni aparmaq bizə əlavə stimul verəcək. Digər tərəfdən bizim coğrafi mövqeyimiz və ərazi quruluşumuz imkan verir ki, düşmənə son və həlledici zərbəni vura bilək. Allahın qismətindən ərazimiz elə bir şəkildədir ki, kifayət qədər böyük üstünlüklər yaradır. Mən detalları açıqlaya bilmərəm. Amma təəssüf ki, biz hələ bu imkandan istifadə etməmişik.
- Bəs, düşmənin təmas xətti boyu qurduğu istehkamları adlamaq çətin olmayacaq ki?
- Təmas xəttini möhkəmləndirmək üçün Ermənistanın nə fiziki, nə iqtisadi cəhətdən elə də imkanı yoxdur. İstər-istəməz boşluqlar, hücum etmək üçün istiqamətlər, ərazimizin bizə verdiyi istiqamətlər var. Bir çox məsələlər var ki, deyilməsi doğru olmaz. Amma bizim Ermənistan üzərində qələbə çalmaq üçün real imkanlarımız həddindən artıq böyükdür. Cəbhə xəttinin uzunluğunu və Ermənistanın resurslarını nəzərə alsaq, düşmən ölkənin cəbhəboyu Azərbaycana qarşı durmaq imkanları çox aşağıdır. Həm də dediyim kimi, müharibəyə hazırlıq məsələsi müharibənin taleyini əvvəlcədən həll edir.






