İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan və Azərbaycan jurnalistlərinin qarşılıqlı səfərləri münaqişənin həlli üçün nə vəd edir?

1285 15.11.2019 18:24 Media A A

Noyabrın 17-də Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycana 5-6 nəfərlik erməni jurnalist qrupu gələcək. “Yeni nəsil” jurnalistlər birliyinin sədri Arif Əliyev məlumatı təsdiqləyib.

Eyni zamanda noyabrın 18-19-da Azərbaycan jurnalistlərinin bir qrupunun Ermənistana səfəri planlaşdırılır.

Xatırladaq ki, bundan əvvəl Rusiya Xarici işlər naziri Sergey Lavrov Moskvada ATƏT-in Baş katibi Tomas Hermingerlə keçirdiyi brifinqdə Qarabağ münaqişəsi tərəflərinin “vəziyyəti bir az yumşaltmaq və etimad atmosferinin yaradılmasını dəstəkləmək üçün” jurnalistlərin qarşılıqlı səfərləri barədə razılıq əldə etdiklərini açıqlamışdı.

Картинки по запросу Ermənistan və Azərbaycan jurnalistlərinin qarşılıqlı səfəri

Modern.az saytı erməni jurnalistlərin Bakı səfəri ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə müraciət edib. XİN sözçüsü Leyla Abdullayeva sayta açıqlamasında məsələyə hər hansı cavabının olmadığını bildirib: “Erməni jurnalistlərin Bakı səfərinə hər hansı şərhim olmayacaq. Çünki həmin məsələ barədə hər hansı informasiyaya malik deyiləm. Yaxşı olar ki, bu haqda səfəri təşkil edənlərdən cavab alasınız”.

Qeyd  edək ki, bu günə qədər dəfələrlə jurnalistlərin, müstəqil ekspertlərin və vətəndaş cəmiyyəti nümayəndələrinin Ermənistana səfərləri olub, o cümlədən qarşı tərəfdən də oxşar səfərlər təşkil edilib. Bəs görəsən, bu səfərlərin hər hansı əhəmiyyəti, xalqlararası münasibətlərin tənzimlənməsində rolu, münaqişənin həllinə təsiri varmı? 

Картинки по запросу Elxan Şahinoğlu

“Yeni Müsavat”a açıqlamasında mövzunu şərh edən, özü də bir  neçə dəfə Ermənistanda səfərdə olan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, erməni jurnalistlər və ekspertlərlə illər uzunu müxtəlif treninq və konfranslarda fikir mübadiləsi aparıb: “Amerikada, Gürcüstanda bu görüşlər baş tutub. Beynəlxalq təşkilatların xətti ilə 2 dəfə Ermənistanda olmuşam. Bu görüşlər mənim üçün faydalı olub, erməni tərəfinin mövqeyini, onların nə istədiyini öyrənə bilmişəm. Keçmiş prezident Köçaryandan müsahibə götürmüşəm. Serj Sarkisyan Milli Təhlükəsizlik Naziri olduğu vaxt ondan da müsahibə almışam, sərt suallar vermişəm. Ancaq bu dediklərimin münaqişənin həllinə zərrə qədər də təsiri olmayıb. Bəzən deyirlər ki, jurnalistlərin görüşləri münaqişənin həllinə müsbət təsir göstərəcək. Ancaq o qədər də güclü deyil. Öncə siyasi qərarlar verilməlidir, ondan sonra xalqların yaxınlaşması istiqamətində hansısa fəaliyyət göstərmək olar. Xalq o faciələri uzun illər unutmayacaq, ancaq yenə də siyasi qərarla münaqişə həll olunarsa, torpaqlarımız qaytarılarsa, qaçqınlar geri qayıdarsa, ondan sonra jurnalistlərin qarşılıqlı səfərləri, təmaslar, danışıqlar xeyir verə bilər. İndiki məqamda mən bunun xeyir gətirəcəyinə inanmıram”.

E.Şahinoğlunun sözlərinə görə,  jurnalistlərin münaqişənin həllində hər hansı rol oynaması mümkün deyil və bu siyasi qərarla həll olunmalıdır: “Elə ermənilər var ki, mənə açı deyiblər ki, bu işğal bizə baha başa gəlir. Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin düşmənçilik səviyyəsində olması bu ölkəni bir çox böyük layihələrdən və qazanclardan məhrum edib. Ancaq bu açıq demirlər, öz aralarında deyirlər, bu adamların sayı elə də çox deyil. Çünki qorxurlar ki, cəmiyyətdən və Qarabağ klanından təpki alacaqlar. Bu günlərdə erməni jurnalistlər Bakıya gələcək, bir qrup azərbaycanlı jurnalist də Ermənistana gedəcək. Mən bunun əleyhinə deyiləm. Gəlsinlər, müsahibələr alsınlar. Hansısa erməni journalist gəlib buradakı avb-havanı öyrənib yaza bilər. Ancaq bu münaqişənin həllinə kömək etməyəcək. Xalqlararası dialoq necə qurula bilər ki, torpaqlarımız işğal altındadır. Bu dialoqdan hansı nəticə əldə etmək olar? Erməni tərəfi xoş niyyət göstərmək istəyirsə, Kəlbəcərli girovları azad etsin, biz də onların iki diversantını azad edək. Hər iki tərəf bir addım ata bilər. Münaqişənin həlli başlamalıdır ki, xalqlar arasında dialoq effekt versin. Bu olmasa təmaslar sadəcə fikir mübadiləsi xarakteri daşıyacaq ki, mən bunun da əleyhinə deyiləm”.

Картинки по запросу Azər Həsrət

Jurnalist Azər Həsrət isə hesab edir ki,  bu cür görüşlərdən, səfərlərdən öncə ictimai rəy öyrənilməlidir: “Mən bu baş tutacaq səfərlə bağlı məlumatsızam. Qeyd olunur ki, noyabrın  17-də erməni jurnalistlər gələcək. Noyabrın 18-19-da isə azərbaycanlı jurnalistlər Ermənistana səfər edəcək. Bu səfəri kimin təşkil etməsi barədə bilgisizik. Düşünürəm ki, belə bir səfərin hazırlıqsız, yetərincə ictimai rəy öyrənilmədən keçirilirsə, bu bizim işimizə neqativ təsir göstərəcək. Digər tərəfdən mən özüm erməni jurnalistlərlə bir masa arxasında danışıqlarda  iştirak etmişəm, tədbirlərdə olmuşam. Hətta uzun illər öncə, 2000-ci ildə Ermənistana da səfər etmişəm. Bu Beynəlxalq Jurnalistlər Federasiyasının tədbiri ilə bağlı bir səfər idi”.

A.Həsrət vurğuladı ki, ümumilikdə götürəndə intensiv səfərlərin tərəfdarı deyil: “Biz qapını açaq, onlar gəlsin, biz də gedək orada deyək-gülək, bunların tərəfdarı deyiləm. Sadəcə olaraq, Azərbaycan dövlətinin maraqları çərçivəsində, məqsədəuyğun bildiyi formatda və şəraitdə bu cür təmasların olmasının  tərəfdarıyam. Yəni, ümumilikdə münaqişənin həlli ilə bağlı danışıqlar bəlli bir nöqtəyə gəlib çatacağı təqdirdə, Ermənistan cəmiyyətində və Ermənistan hakimiyyətində bu münaqişənin doğrudan da ədalətli həllinə meyl yaranacağı təqdirdə, jurnalistlərin də, vətəndaş cəmiyyəti təmsilçilərinin də təmaslarını intensivləşdirmək olar. İndiki şəraitdə sıx təmaslardan söhbət gedə bilməz. İstənilən halda bu cür təmaslar həyata keçirilirsə, Azərbaycan ictimaiyyəti bu məsələlərlə bağlı öncədən xəbərdar edilməlidir”.

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat” 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR