İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan üçün son şans ili - İrəvan “müharibə” konstitusiyasını maskalaya bilməyəcək!

1435 19.07.2024 08:50 Siyasət A A

Sülh prosesinə “inanılmaz irəliləyiş o zaman olacaq ki...; təhlilçiyə görə, bölgədə davamlı sülhdə maraqlı olan iki əsas ölkə var 

2024-cü ilin yarıdan çoxu artıq arxada qalıb. Bu il Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanıb-imzalanmaması məsələsinə böyük ölçüdə aydınlıq gəlməlidir. Daha dəqiqi, rəsmi İrəvanın belə bir niyyətinin olub-olmadığı müəyyənləşəcək. Çünki böyük anlaşma yolunda əsas problem Ermənistan konstitusiyası ilə bağlıdır və bu problemi İrəvan daha gizlədə, maskalaya bilməyəcək.  

İki ölkə arasında sülh sazişi ilə bağlı ehtimallar isə hələ ki, ehtiyatlı xarakter daşıyır və daha çox istəkləri ifadə edir, nəinki reallıqdan doğan gözləntiləri. Hərgah optimistlər az deyil. 

“Bu il Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması perspektivləri, fikrimcə, kifayət qədər yüksəkdir”.

Bunu “Moskva-Bakı”ya müsahibəsində Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib.

“Ermənistan Bakının şərtlərini qəbul etməyə hazırdır, iki ölkə arasında 12 km sərhədin demarkasiyası artıq həyata keçirilib, Ermənistan əvvəllər işğal etdiyi kəndləri Azərbaycana qaytarıb, ikitərəfli sülh prosesinin davam etdiyini deyə bilərik. O cümlədən Ermənistanın iradəsi ilə mən əminəm ki, hakimiyyət konstitusiyadan Azərbaycana qarşı bütün ərazi iddialarını çıxaracaq, Azərbaycan da bunu tələb edir”, - politoloq qeyd edib.

Markov vurğulayıb ki, Zəngəzur dəhlizi ilə bağlı vəziyyətin necə inkişaf edəcəyi hələ də sual altındadır: “Lakin Ermənistan hakimiyyəti həqiqətən də Azərbaycanla sülhə sadiqdir. Noyabrda Bakıda keçiriləcək BMT-nin iqlim konfransına qədər hər şey bu sazişin imzalanmasına doğru gedir. Ermənistan üçün Azərbaycanla sülh imzalasa, daha yaxşı olar, ölkə həyatında yeni səhifə açılar”.

Bundan bir gün öncə isə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirmişdi ki, “Azərbaycan və Ermənistan sülh danışıqlarında inanılmaz irəliləyiş əldə edib və uzun bir yol keçib”.

Doğrudanmı Bakı və İrəvan sülh danışıqlarında inanılmaz irəliləyiş əldə edib və bunun nəticəsi kimi, elə cari ildə sülh sazişi imzalana bilər? Görəsən, sülh müqaviləsində ən çox hansı dövlət maraqlıdır, onlardan hansı biri sülhə real töhfə vermək fikrindədir-ABŞ, yoxsa Rusiya? Bəs “daşları yığmaq” əvəzinə, hələ də qoltuğunda “daş gizlədən” Ermənistan?

Oqtay Qasımov: Ermənistan iqtisadiyyatının yarıdan çoxu Rusiyadan asılıdır  - (Gündəm)

Oqtay Qasımov 

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, həm Rusiyadan, həm ABŞ-dan Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı müxtəlif açıqlamalar son vaxtlar intensivləşib: “Bu açıqlamalar kifayət qədər optimist notdadır. Onlar ümid edirlər ki, ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalana bilər. Təbii ki, bu optimizmi bölüşmək kifayət qədər çətindir. Azərbaycanın sülh sazişi ilə bağlı mövqeyi tamamən aydındır. Azərbaycan hələ üç il öncədən Ermənistana 5 baza prinsipi əsasında təkliflərini təqdim eləyib. O zamandan keçən müddətdə çoxsaylı görüşlər və müzakirələr olub. Bu prosesdə vasitəçilər qismində Rusiya, Avropa İttifaqı, ABŞ iştirak ediblər və bu müddət ərzində sülh müqaviləsinin hazırlanması ilə bağlı əhəmiyyətli bir yol qət edilib deyə bilərik. 

Amma yekun sülh müqaviləsinə tərəflər bu gün hazırdırmı? Azərbaycan hazırdır. Ermənistanın hazır olub-olmadığı sualının cavabı isə kifayət qədər mürəkkəbdir. Ermənistanın hazır olduğunu söyləyə bilmərik. Bunun əsas səbəbi ondan ibarətdir ki, Ermənistana kənar təsirlər yetərincə güclüdür. Paşinyan hakimiyyətinin həm kənar, həm də daxili təzyiqlərə müqavimət gücü kifayət qədər deyil. Bu hakimiyyət əslində manipulyasiya etməklə prosesdə Ermənistanın xeyrinə müəyyən dəyişiklikləri etmək istəyir. Məhz bu səbəbə üç ildən artıqdır danışıqlar prosesi davam etməkdədir. Azərbaycanın sülh müqaviləsinin imzalanması və regionda dayanıqlı, davamlı sülhə nail olunması üçün şərtləri var. Ermənistan konstitusiyasında, qanunvericilik aktlarında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları ləğv edilməlidir. Azərbaycan hesab edir ki, bu addım atılmadan bölgədə davamlı sülhə nail olmaq mümkün deyil".

Politoloq qeyd etdi ki, Ermənistanda referendum keçirilməsi ilə bağlı müxtəlif açıqlamalar olsa da yaxın dövr üçün referendumun keçirilməsi və konstitusiya dəyişikliklərinin edilməsi real görünmür: “Rəsmi İrəvan da bunda istəkli görünmür. Bu səbəbdən Azərbaycan tərəfi Ermənistana əslində prosesi daha rahat keçmək üçün təklif təqdim edib. Bu təklif ondan ibarətdir ki, Azərbaycan Ermənistana təklif edir ki, təqdim olunmuş baza prinsipləri əsasında razılaşma əldə edilsin və bu razılaşma çərçivə sənədi şəklində qəbul edilərək paraflansın və Ermənistan öz üzərinə öhdəlik götürsün ki, konstitusiya dəyişikliyinə, qanunvericilik aktlarında dəyişikliklərə gedəcək, bu müddət ərzində də hərtərəfli sülh müaviləsinin imzalanması üçün işlər davam etdirilisin, qeyd olunan dəyişikliklərdən sonra sülh müqaviləsi imzalansın”. 

O ki qaldı Rusiya və ABŞ-ın səmimi şəkildə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını istəməsinə, Oqtay Qasımov hesab edir ki, bunu birmənalı söyləmək çətindir: “ABŞ-ın mövqeyi onunla bağlıdır ki, onlar noyabr ayında Amerikada keçiriləcək prezident seçkisinə qədər ən azı 4 illik Bayden administrasiyasının hakimiyyətdə olduğu dövrdə xarici siyasətdə əldə etdiyi hansısa uğuru təqdim etmək istəyirlər. Çünki Ukrayna-Rusiya müharibəsi, İsrail-HƏMAS savaşı ilə bağlı məsələlərdə ciddi irəliləyiş yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, sülh sənədinin imzalanması belə vəziyyətdə Bayden administrasiyasının seçki kampaniyası dövründə istifadə edə biləcəyi piar təbliğatından biri ola bilər. Ona görə də hesab edirəm ki, ABŞ-ın son dövrdə fəallığı məhz bununla bağlıdır. Bölgədə davamlı sülhdə maraqlı olan iki əsas ölkə var. Bunlar Azərbaycan və Türkiyədir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR