İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Türkiyəyə niyə naz edir - rəy

697 13.08.2022 10:23 Siyasət A A

Rəsmi İrəvan Türkiyə ilə normallaşma prosesinə qarşı sabotaj həyata keçirir. Aylardır davam edən proses məhz bu sabotajın ucbatından İrəvan-Ankara arasında gedən normallaşma danışıqlarını ləngidir.

Əslində Türkiyə ilə normallaşma Ermənistana hava-su kimi lazımdır. Bu baxımdan, onun hər vasitə ilə sabotaj olunması, ləngidilməsi anlaşılan deyil. Buna görə də ortaya suallar çıxır. Əcəba, bu prosesin ləngidilməsinin əsas səbəbi ona Kremlin tormozlayıcı müdaxiləsi ilə bağlı ola bilərmi? 

Bu mövzuda son gəlişmələrə nəzər salaq. Türkiyə mediası diplomatik mənbələrə istinadən Türkiyə və Ermənistanın xüsusi nümayəndələri - Sərdar Kılıç və Ruben Rubinyan arasında növbəti görüşün sentyabrda keçiriləcəyinə dair açıqlama yayıb.

Nəzərə çatdıraq ki, indiyədək Ankaranın təmsilçisi səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan 4 dəfə görüş keçirib.

Hazırkı dönəmdə - Ermənistanın boğazının ilgəkdə olduğu bir vaxtda onun Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün bütün şərtlərə əməl etməkdən başqa yolu qalmadığı sirr deyil.

Ancaq sanki Ermənistanda bunu “anlamayan” və ya naz etməkdə maraqlı olan dairələr var. Türkiyə mediası növbəti görüş haqda xəbər yayan kimi, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan açıqlama verdi ki, Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələr arasında hazırda növbəti görüş barədə hər hansı razılıq yoxdur. O, Türkiyə təmsilçisi səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan arasında növbəti görüş barədə məlumatı ictimaiyyətə öncədən açıqlayacaqlarını əlavə edib.

Yuxarıda qeyd etdiyimiz Kreml amili ilə yanaşı, burada erməni diasporunun da təsirləri ola bilər. Çünki diasporun əsas ideologiyası antitürk baza üzərində bərqərardır və Türkiyə ilə Ermənistanın normallaşma sürəcinə girməsi onu heç şübhəsiz ki, zədələyəcək. Ona görə də ABŞ-dakı, Moskva və Parisdəki erməni diasporları Türkiyə ilə yaxınlaşma prosesinin sürətli getməsində, hansısa ciddi nəticələrə nail olunmasında maraqlı görünmürlər. Onlar artıq Ermənistanı düşünmürlər, erməni dövlətinin deyil, diasporunun maraqlarından hərəkət edirlər. Çünki mümkün deyil ki, Ermənistan XİN-in mətbuat katibi gedən proseslərdən, planlaşdırılan görüşlərdən xəbərsiz olsun. Demək ki, Paşinyan iqtidarında Türkiyə-Ermənistan normallaşma sürəcinə dirəniş göstərmək istəyən güclər var. Üstəlik, onlara kənardan təsir edən xarici amillər onların özündən daha güclüdürlər. Belə bir durumda Paşinyan bu cəbhədə müqaviməti sındıra biləcəkmi? Əslində Ermənistanın xeyrinə olan bir prosesə qarşı Moskvanın və diasporun sabotajını zərərsizləşdirməyi, daha doğrusu, onlara qarşı getməyi bacaracaqmı? Ekspertlər bunu necə izah edir?

Qarabağda nə baş verir - Mühüm AÇIQLAMA Manset.az

 Murad Sadəddinov

Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a deyib ki, regionda Ermənistanın yürütdüyü siyasət məntiqdən kənardır: “44 günlük müharibədən sonra Ermənistanın imzaladığı sülh müqaviləsi, kommunikasiyaların açılmasına dair öhdəliklərə rəğmən atdığı addımlar belə nəticəyə gəlməyə əsas verir. Ermənistanın addımlarında heç bir məntiq görünmür. Nümunə kimi Laçın dəhlizi ilə bağlı prosesdə bunu görmək olar. Razılaşmaya görə, Laçından kənar yolu Azərbaycan tərəfi Ermənistan sərhədinə qədər çəkməli idi. Yolun qalan hissəsini isə Ermənistan tərəfi çəkib yekunlaşdırmalı idi. Azərbaycan üzərinə düşəni etdi, yolu Ermənistan sərhədinə qədər çəkdi. Ermənistan isə vaxtı uzada-uzada yolun çəkilişindən yayındı. İndi iş o yerə çatıb ki, əl-ayağa düşüblər, təcili şəkildə yol çəkməyə hazırlaşırlar. Nəticə etibarı ilə Ermənistan Azərbaycanın çəkdiyi təzə yoldan istifadə etməkdə çətinlik çəkəcək. İndi məcburdurlar ki, Ermənistan ərazisində kələ-kötür yoldan istifadə etsinlər”.

Politoloq deyir ki, Ermənistan bir deyil, bir neçə ölkənin diqtəsi ilə hərəkət edir deyə çox çətin vəziyyətdədir: “Ermənistanda Rusiya ilə yanaşı ABŞ-ın da çox böyük maraqları var. Vaxtilə Sürix protokolları imzalanarkən dünyanın gücləri Avropa Birliyinin, ABŞ-ın, Rusiyanın və s. dövlətlərin rəhbərliyi Türkiyəyə təzyiq edirdi ki, Ermənistanla sərhədləri açsınlar. İndiki mərhələdə də Türkiyə Ermənistanla sərhədlərin açılmasının Ermənistanın Azərbaycanın irəli sürdüyü Cənubi Qafqazda sülh gündəliyinin həyata keçirilməsi ilə koordinasiya şəklində gerçəkləşəcəyini bəyan edib. Amma ABŞ-ın Ermənistandakı səfiri bəyan edir ki, təmsil etdiyi ölkə Ermənistanla Türkiyə arasında danışıqları dəstəkləyir. Əlaqələrin bərpa olunmasını istəyir. Bununla belə, hər hansı bir şərt qoyulmamasını da diqqətə çatdırır. Bunlar yenə də istəyirlər ki, Türkiyə ilə Ermənistan münasibətləri bərpa olunmasın. Azərbaycanla Ermənistanın münasibətləri də Türkiyəyə bağlı olmasın. Rusiya maraqlarını elan etmədən diplomatik nümayəndəlikləri vasitəsilə bildiriblər ki, Türkiyə ilə Ermənistan münasibətlərinin bərpa olunmasını dəstəkləyirlər. Bununla belə, Ermənistanda Rusiyaya bağlı olan müxalif qüvvələr bunun əleyhinə çıxış edirlər. Vaxtilə Köçəryan Rusiya televiziyasına müsahibəsində açıq-aydın bildirmişdi ki, biz sərhədlərin açılmasının, münasibətlərin yaxşılaşmasının əleyhinəyik. Bu gün Cənubi Qafqazda Türkiyə Rusiyaya müəyyən güzəştə gedir. Müharibədən sonra Azərbaycanın yaratdığı yeni reallıqlar Azərbaycanla Türkiyənin qarşıya qoyduqları məqsədlərə çatmalarında Ermənistan kimi kvazidövlət maneçilik törədə bilməz. Bunu Ermənistan siyasi hakimiyyəti də çox gözəl bilir”.

Politoloq deyir ki, Ermənistanın Cənubi Qafqazda forpost kimi istifadə edilməsi əhəmiyyətini itirib: “44 günlük müharibə regionda yeni reallıqlar yaradıb. Türkiyənin güclənən mövqeləri fonunda Ermənistanın forpost mövqeyi əhəmiyyətini itirir. Ermənistan üçün ən yaxşı yol Türkiyə və Azərbaycanla münasibətləri bərpa etmək, özünü saldığı kor dalandan çıxarmaqdır. Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmadan Ermənistanda iqtisadi-siyasi durum düşdüyü bataqlıqdan çıxmayacaq. Ermənistanın bir dövlət kimi perspektivi sual altındadır. Kommunikasiyaların açılması, iqtisadiyyatına nəfəs verilməsi Ermənistanın ancaq xeyrinədir”.

Politoloq bildirdi ki, bu gün Ermənistanın düşdüyü vəziyyətdən çıxmasına mane olan yüz illərlə türklərə, azərbaycanlılara qarşı apardıqları xəstə təbliğatdır: “Həmin xəstə təbliğat Ermənistanı məntiqsiz addımlara sürükləyir, yaranmış yeni reallıqlardan irəli gələn müsbət dəyişikliklərə adekvat reaksiyasını əngəlləyir. Məsələ bu qədər sadədir”.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR