Ermənistan darmadağınla üz-üzədir. Bu barədə dünənki sayımızda Ermənistan mətbuatına istinadən xəbər vermişdik. Həmin xəbəri bu linkdən oxuya bilərsiz. https://www.musavat.com/news/ermenistan-darmadaginla-uz-uze-olkenin-3-kecmis-bas-naziri-bir-araya-geldi_708895.html
Ermənistanın keçmiş baş nazirləri Vazgen Manukyan, Hrant Baqratyan və Karen Karapetyan Ermənistanın qarşılaşdığı böhran və ekstremal vəziyyəti müzakirə etmək üçün İrəvanda bir araya gəlmişdilər. Baş nazir Nikol Paşinyanın göstərişi ilə Karen Karapetyan Rusiya Federasiyası, Hrant Baqratyan Avropa Birliyi və Vazgen Manukyan isə Çinlə Ermənistanın qarşılaşdığı böhranı aradan qaldırmaq üçün danışıqlar aparacaqlar.
Təbii ki, “Yeni Müsavat” olaraq təqdim etdiyimiz xəbərin linkini də ortaya qoyuruq. Yəni, kim istəsə həmin xəbəri ilkin mənbədən də oxuya bilər.
Ancaq hələ də bir çoxları bu kimi xəbərlərə ciddi şübhə ilə yanaşırlar. Nədənsə bəziləri elə düşünür ki, Ermənistanda vəziyyət Azərbaycanla müqayisədə xeyli yaxşıdır.
Ermənistanın “en.armradio.am” saytına istinadən növbəti xəbəri təqdim edirik. Bu xəbər özlüyündə çox şey deyir.
Sayt yazır ki, Ermənistan prezidenti Armen Sarkisyan Estoniya Respublikasının prezidenti Kersti Kalyulaydla telefon əlaqəsi saxlayıb. Müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi olub. Və Ermənistan prezidenti Estoniyaya təşəkkür edib. Çünki bu ölkə “Ermənistan Uşaqları Fondu”na 30 min avro vəsait keçirib.
Yəni, Ermənistan o gündədir ki, bu ölkənin prezidenti 30 min avroya görə kiməsə təşəkkür edir. Bir ölkə üçün 30 min avro heç “dilənçi payı” da deyil. Bir çox Afrika ölkələri belə, özlərinə sığışdırıb, hansısa ölkədən 30 min avro yardım almaz.
Bu günlərdə Azərbaycan koronavirusa görə Fələstinə 300 min dollar yardım etdi. Bu yardım Azərbaycanda çoxları tərəfindən etirazla qarşılandı. Çünki Fələstin tarixən ermənilərin yanında yer alıb, hətta bu muxtar qurumun rəhbərləri dəfələrlə Dağlıq Qarabağ məsələsində ermənilərə açıq şəkildə dəstək veriblər. Ona görə də bu yardım xalq tərəfindən xoş qarşılanmadı.
Ancaq bu məsələdə başqa bir məqama da diqqət edək. Fələstin müstəqil dövlət deyil. Buna baxmayaraq, Azərbaycan bu muxtar quruma Estoniyanın Ermənistan dövlətinə ayırdığı vəsaitdən az qala 10 dəfə artığını verib. Bu faktın özü də Ermənistanın maliyyə baxımından hansı vəziyyətdə olduğunu bütün çılpaqlığı ilə özündə əks etdirir.
Ermənistan Azərbaycan və Türkiyə ilə xoş münasibətdə olsaydı, bu ölkənin prezidenti 30 min dollara görə hansısa ölkənin prezidentinə təşəkkür edərdimi? Əminəm ki, bədnam qonşumuz türk dövlətləri ilə anlaşa bilsəydi, bundan milyardlarla dollar qazanardı.
İndi vəziyyət belədir ki, Ermənistan Dağlıq Qarabağda olan bir ovuc separatçının güdazına gedib. Ermənistanın Azərbaycan və Türkiyənin hesabına qazana biləcəyi milyardları Gürcüstan qazanır. Rəsmi Bakı Ermənistanı bütün beynəlxalq layihələrdən kənarda saxlayıb.
Ermənistanda bir beyin mərkəzi yoxdur ki, belə bir suala cavab versin: Əgər bu ölkə Azərbaycan və Türkiyə ilə 1990-cı ildən üzübəri xoş münasibətdə olsaydı, bundan nə qədər maddi və mənəvi qazanc əldə edə bilərdi? Əminəm ki, söhbət 10 milyard dollarlardan gedir. Eyni zamanda ermənilər Türkiyədə və Azərbaycanda rahat yaşaya bilərdilər.
Ermənistan dövlətinin gecə-gündüz ittiham etdiyi Türkiyədə 100 min nəfərə qədər erməni çalışırdı. Təbii ki, qeyri-qanuni şəkildə... Türkiyənin rəhbərliyi bu qanunsuzluğa bilərəkdən göz yumurdular. Elə son koronavirus dönəmində Türkiyədə işləyən Ermənistan vətəndaşları Gürcüstan üzərindən geriyə döndülər.
Türkiyədə 100 min Ermənistan vətəndaşının çalışması barədə dünya mətbuatında da dəfələrlə yazılıb. Ancaq ermənilər gedib Türkiyədə çörək qazanırlar, geri döndükdən sonra isə Türkiyəni ittiham edən Ermənistan siyasətçilərinə əl çalırlar.
Nəticə də göz qabağındadır. Ermənistan prezidenti “dilənçi payı”na görə Estoniyaya təşəkkür edir. Görəsən, ermənilər bunu milli kimliklərinə təhqir hesab etmirlərmi?
Elbəyi Həsənli, Sürix
Musavat.com






