İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ermənistan poliqona çevrilmək istəmirsə...” - Bakı İrəvana son dəfə barışıq əlini uzatdı

1726 10.10.2023 11:06 Siyasət A A

Bölgədə təhlükəsiz mövcudluğun tək yolu bu: qonşularla çəkişmə içində olmaqdan vaz keçib regiona inteqrasiyaya başlamaq, nəinki xarici güclərin savaş meydanı olmaq...   

Azərbaycanın Qarabağ üzərində öz suverenliyini tam bərpa eləməsi ilə Güney Qafqaz çox həssas və tarixi bir dönəmə girib. Lakin həm də tarixi şans anlamına gələn bu dönəmdə öz qonşuları ilə sülh müqaviləsi imzalamaq üçün Ermənistana kimsə yalvarmayacaq. Çünki buna ən çox elə onun özünün ehtiyacı var. İran ərazisindən keçəcək alternativ Zəngəzur yolunun təməlinin qoyulması bu xüsusda İrəvana növbəti təsirli siqnal olmalıdır. Olacaqmı? 

Ermənistana bu qəbildən başqa bir siqnalı və ya xəbərdarlığı Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstana son səfəri zamanı Tiflisdən göndərib.

Sitat: “Cənubi Qafqazda sülhü tam bərqərar etməyin artıq vaxtı çatıb. Biz Gürcüstanla ölkələrimizin ərazi bütövlüyü və suverenliyini daim dəstəkləmişik. Ərazi bütövlüyünün pozulması qəbuledilməzdir. Bu baxımdan Azərbaycanın mövqeyi birmənalıdır. Əgər Azərbaycan və Ermənistan arasında sülh sazişi bağlansa, Cənubi Qafqazda yeni bir siyasi vəziyyət yaranacaq. Bölgə ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilərlər. İndi məqam gəlib çatıb. Bu şansı əldən vermək böyük səhv olar”.

Azərbaycan lideri beləcə, bu dəfə Tiflisdən İrəvana səslənib ki, tələssin və axırıncı şansı doğru-düzgün dəyərləndirsin, tarixi səhvə yol verməsin.

Bundan da aydın mesaj, bundan da ədalətli çağırış? Görəsən, İrəvan daha nə qədər öz xalqının taleyini bölgədən uzaq məkrli güclərin, özəlliklə Fransanın dövlət maraqlarına qurban verəcək? Başqa nə baş verməlidir ki, Ermənistan, nəhayət, daşı ətəyindən töksün, sülh oyunbazlığından, “çəhrayı arzular”la, xəyallarla yaşamaqdan əl çəksin və iki əsas qonşusu - Azərbaycan və Türkiyə ilə sülh anlaşması yönündə real addımlar atsın?

Bunun üçün əlbəttə ki, Azərbaycanın ərazi bütövlüyünü hətta Qranada bəyannaməsi şəklində tanımaq da yetərli deyil. Vacibdir ki, Nikol Paşinyan öz mövqeyini ikitərəfli sülh sənədində imzası ilə təsdiqləsin. Yəni Azərbaycan Prezidentinin təbirincə desək, Paşinyan “A”dan sonra mütləq “B” söyləməlidir. Barışığın, əməkdaşlığın, təhlükəsizliyin başqa etibarlı yollu yox. Ən əsası, belə fürsət bir daha yaranmaya bilər...        

*****

Paşinyan indi sülh sazişinə niyə can atır: Bakı İrəvanı elə ən zəif  yerindən “vurdu” ki…

“Əslində qondarma ”dqr"in buraxılması Ermənistan baş naziri Nikol Paşinyanın qələbəsidir".

Bu barədə “Nyusvik” jurnalı yazıb.

Nəşr haqlı olaraq qeyd edib ki, “dqr hökuməti” 30 il ərzində siyasi problem və regional inteqrasiya üçün maneə olub: “Rusiya ilə Ermənistan arasında uzun müddətdir mövcud olan müttəfiqliyə baxmayaraq, Moskva eyni vaxtda Qarabağdan Ermənistan və Azərbaycana təzyiq vasitəsi kimi istifadə edirdi. İrəvan və ya Bakı Rusiya siyasətindən çox uzaqlaşdıqda Moskva regiona hərbi dəstəyi artırmaq və ya azaltmaqla hədələyirdi”.

Nəşrə görə, N.Paşinyan “vəziyyəti dərk edərək”, Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən Qarabağın Azərbaycan torpağı olmasını tanıyıb.

“Nyusvik” hesab edir ki, N.Paşinyan Ermənistanı münaqişədən uzaq tutmağın və ölkənin müstəqilliyinin qorunub saxlanmasının vacibliyini anlayıb: “Uzun sürən münaqişənin sonunda Ermənistanın bütün qonşuları ilə sülh münasibətləri quracağı gözlənilir. Belə sülh İrəvana Bakı və Ankara ilə əməkdaşlığı gücləndirməyə imkan verəcək ki, bu da Ermənistanın Qərbə inteqrasiyasına kömək edə bilər”.

*****

Bununla belə, Ermənistan rəhbərliyi anlamalıdır ki, Qarabağ məsələsi artıq bitib. Ərazi iddiaları, “miatsum” mövzusu qapanıb. Ancaq Ermənistanda bircə azərbaycanlının qalmamasına rəğmən, rəsmi Bakı yenə böyük humanistlik göstərərək, Qarabağdan getmiş ermənilərin qayıdaraq ölkəmizin qayda-qanunları çərçivəsində əvvəlki yerlərində qalıb yaşamasına etiraz etmir. Əlbəttə ki, böyük sülh naminə. İki xalq arasında düşmənçilik səhifəsini çevirmək naminə.

Halbuki rəsmi İrəvan da böyük sülh və tarixi ədalət naminə eyni mövqeyi qərbi azərbaycanlılara münasibətdə bəyan etməyə borcludur. Biz bunu gözləyirik. Əfsus ki, əvəzində cırtdan və kasıb Ermənistanın Fransa başda olmaqla, bəzi xarici güclərin fitnəsinə uyaraq və böyük paralar xərcləyərək hücum ordusu qurmaq istəyini müşahidə etməkdəyik. O zaman bədəninə də gərək hazır olsun.

“Biz Azərbaycan dövlətinin çox aydın xəttinin şahidi olmaqdayıq. Azərbaycan Qarabağın erməni əhalisinə qarşı hər hansı qisas cəhdini istisna edir. Həm də ona görə ki, ona Ermənistanla təzə müharibə lazım deyil. Azərbaycan Ermənistanla müharibə aparmır. O, sadəcə, öz qanuni, beynəlxalq səviyyədə tanınmış ərazilərinin yiyəsi olmaq və Ermənistanın da xeyrinə olacaq nəqliyyat əlaqələri təmin etməklə istəyir”.

“Yeni Müsavat” xəbər verir ki, bunu Minval.az-a rusiyalı siyasi analitik və tarixçi Dmitri Çernışevski bildirib.

Bakı İrəvana növbəti sarsıdıcı zərbə: ABŞ-nin son mesajı şok effekti  yaratdı » InterTv.Az

Onun sözlərinə görə, regionda sülhün bərqərar olması Azərbaycan üçün son dərəcə vacibdir: “Bu, Azərbaycan üçün olduqca faydalıdır. Azərbaycan ən uğurlu postsovet ölkələrindən biridir. O, strateji yollarda müstəsna mövqe tutan və neftə malik olmaqla, hansısa ingilis futbol klublarına pul xərcləməyib, yalnız ordusuna, ölkənin inkişafına sərmayə qoyub”.

Azərbaycanın müharibə apara-apara da öz inkişafında böyük uğurlar əldə etdiyinə diqqət çəkən tarixçi-analitik vurğulayıb ki, əgər müharibə olmasaydı, Azərbaycanın hansı nailiyyətləri olacağını təsəvvür eləmək çətin deyil. “Ona görə də Bakı regionda sülhün bərqərar olmasında son dərəcə maraqlıdır. Onun dinc yanaşı yaşamaqda, Ermənistanla normal münasibətlərdə, qonşuları ilə çəkişməyən, əksinə, onlarla əməkdaşlıq edən Ermənistan rəhbərliyində çox böyük marağı var”, - ekspert əlavə edib.

*****

Beləcə, kapitulyant ölkə üçün bundan sonra bölgədə təhlükəsiz və rifah içində var olmağın tək bir yolu qalıb - qonşularla çəkişmə içində olmaqdan vaz keçib regiona inteqrasiyaya başlamaq, nəinki uzaq məkrli güclərin poliqonuna çevrilmək ...

Siyasət şöbəsi,
“Yeni Müsavat” 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR