İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Parlamentində fikirlər haçalandı - Müxalifət hakimiyyəti Avrasiya İttifaqını tərk etməyə çağırdı

3529 28.11.2017 01:00 Dünya A A

Ermənistan müxalifəti Serj Sərkisyan iqtidarını Rusiyanın yaratdığı hərbi-siyasi və iqtisadi blokları tərk etməyə çağırıb

 

Musavat.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə fikirlər parlamentin dünənki iclasında müxalif deputatlarının dilindən səsləndirilib.

Erməni siyasətçilər Ermənistanın Avrasiya İttifaqına daxil olandan bəri iqtisadi göstəricilərinin pisləşməyə doğru getdiyini, ölkəyə birbaşa sərmayə qoyuluşunun 7 dəfə azaldığını qeyd ediblər.

Onların bu dəlillərinə hakim Ermənistan Respublika Partiyasının (ERP) deputatları etiraz edərək, hazırkı anda Rusiyaya qarşı gəlməyin təhlükəli olduğunu çatdırıblar.

Qeyd olunur ki, parlamentdəki debatlar Ermənistanın bu ilin noyabrın 24-də Avropa Birliyi ilə imzaladığı assosiasiya haqqında sazişdən sonrakı dövrə təsadüf etdiyi üçün əsasən onun yaradacağı siyasi nəticələrə həsr edilib. Elə parlamentdəki müzakirələrin təşəbbüskarı da parlamentdəki müxalif “Yelk” (Çıxış) blokunun nümayəndələri olub.

 

edmon marukyan.jpg (82 KB)

Edmon Marukyan

 

Fraksiyanın deputatı Edmon Marukyan Ermənistanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) üzvlüyünün heç bir iqtisadi fayda gətirmədiyini, hətta milli təhlükəsizliyinə təhdid törətdiyini deyib.

Marukyanın sözlərinə görə, İttifaqa daxil olduqdan sonra Ermənistanın ÜDM-i (ümumdaxili məhsul) 8%-ə düşüb, valyuta ehtiyatları 40% azalıb, xarici borc isə 10% artıb.

“Avrasiya İqtisadi İttifaqına üzvlük ilkin ehtiyac mallarından 900-nün qiymətinin artmasına gətirib çıxarıb. Onlardan 798-nin qiyməti yanvardan bu yana durmadan yüksəlməkdə davam edir. Ermənistanın 3-cü ölkələrlə, o cümlədən yaxın qonşuları İran və Gürcüstanla iqtisadi əlaqələr qurmaq hüququ ciddi şəkildə məhdudaşdırılıb”, - Marukyan qeyd edib.

Erməni deputat Avrasiya İttifaqına üzv olan ölkələri Qarabağ münaqişəsində tutduqları mövqeyə görə də tənqid edib: “Ermənistanın strateji müttəfiqi sayılan dövlət Azərbaycanı silahlandırmaqda davam edir. Rusiya Azərbaycanın hücum silahlarının 85%-nin tədarükçüsüdür. İttifaqın bir sıra dövlətləri isə ümumiyyətlə 2016-cı ilin aprelində Azərbaycanın hücum əməliyyatını müdafiə ediblər”.

 

aram sarkisyan.jpg (32 KB)

Aram Sərkisyan

 

Blokun digər nümayəndəsi Aram Sərkisyan Rusiyaya qarşı tətbiq olunan sanksiyaların Ermənistanın da iqtisadi göstəricilərində mənfi təsir doğurduğunu iddia edib. Onun sözlərinə görə, Avrasiya İqtisadi İttifaqına daxil olmazdan qabaq Ermənistana qoyulan birbaşa investisiyalar 597 milyon dollar təşkil edirdisə, hazırda bu göstərici 81 milyon dolları ötmür.

Ermənistanın hakim Respublika partiyasının deputatı, parlamentin xarici əlaqələr üzrə daimi komissiyasının sədri Armen Aşotyan isə Qarabağ məsələsini Avrasiya İqtisadi İttifaqından çıxmaqla bağlamağın doğru olmadığını söyləyib.

 

armen-ashotyan-472x265.jpg (23 KB)

Armen Aşotyan

 

“Qarabağ probleminin nizamlanması məsələsində Avraisya İttifaqı ölkələrinin heç də hamısının Ermənistanın mövqeyini müdafiə etmədiyi doğrudur. Lakin Avrasiya İttifaqını bu ölkələr deyil, Rusiya yaradıb. Rusiya Minsk qrupunun həmsədri olaraq münaqişənin nizamlanmasında mühüm rol oynayır. Onun bu məsələdə yürütdüyü siyasətdəki ardıcıllıq isə heç kimdə şübhə oyandırmamalıdır”, - Aşotyan söyləyib.

Hakim partiyanın nümayəndəsi Ermənistanın vahid iqtisadi məkana qoşulmasının onun xarici siyasi maraqlarına tam olaraq cavab verdiyini sözlərinə əlavə edib.

Digər respublikaçı deputat Ayk Babuxanyan isə Rusiya ilə kəllə-kəlləyə gəlməyin Ermənistan üçün təhlükə olduğunu vurğulayıb. O, müxtəlif bölgələrdə başqa ölkələrin də öz mövqelərini Rusiya ilə razılaşdırmağa məcbur qaldığını diqqətə çatdırıb.

 

ayk babuxanyan.jpg (37 KB)

Ayk Babuxanyan

 

ERP-nin parlament fraksiyasının katibi Qagik Məlikyan isə Ermənstanın həm Rusiya, həm də Avropa Birliyi ilə münasibətləri inkişaf etdirməsinin mümkün olduğunu bildirib. “Əgər Avropa Birliyinin özü etiraz etmirsə, Avrasiya İqtisadi İttifaqından niyə vaz keçməliyik?”, - Məlikyan qeyd edib.

Ermənistanda formal olaraq müxalifət hesab edilən “Tsarukyan bloku”nun deputatı Naira Zöhrabyan isə Ermənistanın Avrasiya İttifaqındakı üzvlüyünün problemə çevrilməsini hökumətin səriştəsizliyinə bağlayıb.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR