İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan niyə ard-arda təxribatlar törədir- Sərhəddə baş verənlərin gizli tərəfləri

1912 15.06.2023 18:07 Siyasət A A

Bu gün Ermənistan yenə də silsilə təxribatlara əl ataraq sərhəd bölgələrimizdə Azərbaycan Ordusunun mövqelərini atəşə tutdu.

Bu, Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı məqsədyönlü təxribatıdır. Laçında Sərhəd Buraxılış Məntəqəsində Ermənistanın təxribatları nəticəsində bir hərbçimiz yaralandı.

Daha dəqiq- iyunun 15-i saat 8 radələrində Ermənistan Respublikası hərbi qulluqçularının Ermənistan Respublikası ərazisində yerləşən mövqelərindən Azərbaycan Respublikası Laçın rayonunun ərazisində yerləşən Laçın Sərhəd Nəzarət Məntəqəsində xidmət göstərən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına qarşı müxtəlif çaplı odlu silahlardan açdıqları atəşlər nəticəsində DSX-nin hərbi qulluqçusu, gizir Elşən Rüstəmov güllə yarası xəsarətləri aldı.

Düşmən ardınca Füzulidə, Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz istiqamətdə yerləşən mövqelərini atəşə tutdu.

Düşmənin bütün təxribatlarının qarşısı Ordumuz tərəfindən alındı və ermənilər bu dəfə də layiqli cavablarını aldılar. "Caliber" məlumat yayıb ki, bu gün Ermənistan silahlı qüvvələrinin 2 snayperi zərərsizləşdirilib.

Bildirilib ki, bu gün səhər saatlarında Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinə atəş açaraq hərbi qulluqçumuzu yaralamış Ermənistan ordusunun iki snayperi Azərbaycan Silahlı Qüvvələrinin keçirdikləri cavab tədbirləri nəticəsində məhv ediliblər.

Bütün bu hadisələrdən görünən budur ki, Ermənistan yenə də pozucu əməllərindən, təxribatlarından əl çəkmir, regionda sülhün pozulması, qarışıqlığın yaranması üçün var gücü ilə çalışır. Azərbaycan tərəfi ermənilərdən fərqli olaraq hər zaman sülhün tərəfdarı olub və bölgədə sabitliyin qorunması üçün əlindən gələni edir.

Bəs Ermənistan nə üçün ard-arda bu cür təxribatlara əl atır?

Aydın məsələdir ki, hazırda Azərbaycanla Ermənistan arasında  sülh danışıqları gedir. Azərbaycan öz tələblərini irəli sürür və haqlı istəklərinin üzərində dayanır. Ermənistan isə bütün bunların fonunda öz pozucu fəaliyyətinə davam edir. Ermənistanda hazırda danışıqlara müxalif, xüsusilə də ruspərəst qüvvələr sülh danışıqlarının baş tutmaması üçün təxribatlar törədirlər.

Bundan əlavə Qarabağda yaşayan ermənilərin də cəmiyyətimizə inteqrasiyası üçün işlər aparılır. Azərbaycan açıq şəkildə bəyan edib ki, həmin ermənilər bizim dediklərimizi edərlərsə, onların təhlükəsizliyi, normal yaşayışı üçün zəmanət verilir. Qarabağ ermənilərinin də artıq gözləri açılıb. Başa düşürlər ki, terrorçu ermənilərdən onlara rəhbər olmaz. Başlarında duran qondarma liderlər yalnız öz çıxarlarını düşünür, onları isə təhlükəyə atırlar.

Hazırda cərəyan edən proseslər Qarabağda yaşayan ermənilərin cəmiyyətimizə inteqrasiyası üçün yaxşı zəmin yaradıb və qarşıdan gələn dövrdə bu istiqamətdə irəliləyiş olması qaçılmazdır. Təbii ki, vəziyyətin bu istiqamətdə inkişafı Ermənistandakı rusiyapərəstlərin maraqları ilə üst-üstə düşmür.

Ermənistanın müxtəlif strukturlarında, o cümlədən hərbi sahədə mövqeləri güclü olan bu qrup hər vəchlə sülhün bərqərar edilməsinə, ermənilərin inteqrasiyasına,  bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunmasına zərbə vurmağa çalışırlar.

Ancaq onlar istəklərinə nail ola bilməyəcəklər. Ermənistan bu kimi təxribatlarla özünü uçuruma çəkir. Problemin tez həlli Ermənistanın həyatda qalması üçün vacibdir. Bunu başa düşən ermənilər də çoxdur. Ancaq eyni zamanda bu kimi təxribatlar törədərək özlərini ölümə, dövlətlərini məhvə çəkənlər də az deyil.

Onu da qeyd edək ki, bugünkü təxribatdan sonra Azərbaycanın müvafiq orqanları məsələ ilə bağlı cinayət işi qaldırıblar və Laçın nəzarət-buraxılış məntəqəsindən keçid dayandırılıb.

Biz bu materialı hazırlayan zaman Ermənistanın Zəngilan istiqamətində də hücuma keçməsi ilə bağlı xəbərlər yayıldı.

“Caliber” yazıb ki, düşmən tərəfi artilleriya və zərbə PUA-larından istifadə edir. Həmin istiqamətdə ağır döyüşlər gedir...

Azərbaycan Ordusu düşmənin layiqli cavabını verir.

Azərbaycan baş vermiş terrorda əli olanların tapılması və məsuliyyətə cəlb olunması üçün bütün müvafiq tədbirləri görəcək.

Artıq Baş prokurorluqda bununla bağlı cinayət işi də başlanılıb.

Musavat.com

 

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR