Ermənistanın “Vətəndaş qərarı” partiyasının katibi Suren Saakyan Milli Assambleyanın sədri Ararat Mirzəyana məktub göndərərək, parlamentdə ikinci böyük siyasi qrup sayılan “Çiçəklənən Ermənistan” partiyasının sədri Qagik Sarukyanın deputat mandatına son verilməsi üçün konstitusiya məhkəməsinə müraciət olunmasını tələb edib.
Suren Saakyan bununla bərabər baş prokuror Artur Davtyana da müraciət edərək Qagik Sarukyana qarşı konstitusiyanın müvafiq maddələrinə əsasən cinayət işinin başlanmasını istəyib.
“Ermənistanda biznes dövlətdən ayrı olmalıdır, vəssalam”,- deyə partiyanın bəyanatında göstərilib. Hakim “Mənim addımım” partiyasının parlament fraksiyasının rəhbəri Lilit Makunts Ararat Mirzəyanın bu müraciəti diqqətə alacağını deyib.
“Joxovurd” qəzetinin yazdığına görə, Q.Sarukyanın liderlik etdiyi əsas müxalifət partiyası “Çiçəklənən Ermənistan”da buna görə ciddi gərginlik yaranıb. Partiya nümayəndələri hakimiyyətin artıq Qagik Sarukyanı neytrallaşdırmaq siyasətinə başladığını düşünür.
Lakin müxalifət funksionerləri hələ ki, kəskin bəyanatlar verməkdən çəkinirlər. “Çiçəklənən Emrənistan” partiyasının parlament fraksiyasının katibi Arman Abovyan qəzetlə söhbətində Qagik Sarukyanı siyasi cəhətdən bitirlmək planları ilə bağlı rəsmi bəyanat verilənədək heç bir söz söyləməyəcəklərini deyib.
Ümumiyyətlə, son vaxtlarda Qagik Sarukyanla bağlı prokurorluq da ciddi maraqlanmağa başlayıb.
Belə ki, bu yaxınlarda baş prokurorluq Milli Olimpiya Komitəsinin Saxadzordakı kanat yolunun istismarı ilə bağlı vergi qaçırıldığını bildirərək bununla əlaqədar cinayət işi açıb.
Məsələ burasındadır ki, Ermənistan MOK-u həmin kanat yolundan 2004-cü ildən bu yana istifadə edir. Kanat yolunun əsas idarəcisi “Lernatur” şirkətidir ki, onun da yarısı Qagik Sarukyana məxsusdur. İşi maraqlı edən əsas cəhət Erməistan Milli Olimpiya Komitəsinin prezidentinin də Qagik Sarukyanın özünün olmasıdır.
Musavat.com






