Xəbər verdiyimiz kimi, Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan yeni konstitusiyanın hazırlanmasının zəruriliyini bəyan edib.
O deyib ki, yeni konstitusiyanın mətni seçkilərə qədər hazırlana bilər.
Politoloq İlyas Hüseynov hesab edir ki, Ermənistandakı müzakirələr sanki sülhün əldə olunmasının zəruruliyini anladıqlarının göstəricisidir.
Politoloq Musavat.com-a şərhində bildirib ki, dəqiq nəticə konstitusiyanın yeni mətni açıqlandıqdan sonra bəlli olacaq:
“Belə təəssürat var ki, Ermənistan yeni konstitusiya ilə geosiyasi vektorunu hüquqi zəminə çəkəcək. Avropa İttifaqına üzvlük məsələsini də hüquqi zəminə çəkmək istəyir. Bunun üçün referendum keçiriləcək. Ümumxalq səsverməsinin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə nə dərəcədə təsir edəcəyi qarşıdakı dövrdə bəlli olacaq. Əvvəlki dövrlərdə Ermənistanın dövlət rəmzlərinin dəyişdirilməsi barədə fikirlər səslənirdi. Gerbdə Ağrı dağının təsvirinin olmasının Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına təsiri məlumdur. Eyni zamanda konstitusiyanın preambula hissəsində Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad olması Azərbaycana qarşı ərazi iddilarını ehtiva edir. Bu, yeni geosiyasi reallıqlara uyğun deyil”.
İlyas Hüseynovun fikrincə, Ermənistanda hakimiyyət dəyişərsə, konstitusiyanı əsas götürərək müharibəyə başlama riskləri mövcuddur:
“Azərbaycan tərəfi sadalanan bu tezisləri əsas gətirərək Ermənistan konstitusiyasının dəyişdirilməsinin zəruriliyini diqqətə çatdırır. Hesab edirəm ki, konstitusiya dəyişərsə, Azərbaycanın təkidli təklifləri mütləq nəzərə alınmalıdır və bunun əsasında da praktiki addımlar atımalıdır”.
Nigar HƏSƏNLİ,
Musavat.com