İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan ifşa olunur: O raketlər Azərbaycana kimin əmri ilə atılıb?

907 18.03.2025 14:05 Siyasət A A

Vətən müharibəsi zamanı Azərbaycanın şəhər və rayon ərazilərinə təxminən 29 100 mərmi və 227 raket atılıb.

Gəncə 5 dəfə Ermənistanın terror hücumuna məruz qalıb.

Belə ki, şəhər 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya atəşinə tutulub. Ermənistan silahlı qüvvələri müharibənin 8-ci günü - 2020-ci il oktyabrın 4-u saat 10 radələrində Gəncə şəhərini raketlə vurublar.

Azərbaycanın ikinci böyük şəhəri, beş yüz mindən çox əhalisi olan, cəbhə zonasından uzaqda yerləşən Gəncə şəhərinin atəşə tutulması nəticəsində şəhər sakini Əliyev Tunar Qoşqar oğlu həlak olub, 32 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Şəhərin infrastrukturuna, yaşayış evlərinə külli miqdarda ziyan vurulub.

GENCE SON.jpg (521 KB)

Bu dəhşətli terrorlar nəticəsində 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Eyni zamanda Azərbaycanın digər böyük şəhəri olan Bərdənin 2020-ci ilin 5, 8, 27, 28 oktyabr tarixlərində və 7 noyabrda raket və ağır artilleriya silahları ilə bombalanması nəticəsində 8-i qadın, 19-u kişi, 2-i uşaq olmaqla 29 nəfər qəsdən öldürülüb. 26-sı qadın, 71-i kişi, 15-i uşaq olmaqla 112 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə, yaşayış evlərinə və digər tikililərə külli miqdarda ziyan dəyib.

Ümumilikdə, Vətən müharibəsinin gedişində Ermənistan Gəncə və Bərdə ilə yanaşı, Yevlax, Beyləqan, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və digər şəhər və rayonları da ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutub. Bu hərbi təcavüzlər nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla, 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb.

Ümumilikdə 12 292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib. Bu cinayəti edənlərin və azərbaycanlılara qarşı digər cinayətləri törədənlərin artıq bir neçəsinin Azərbaycanda məhkəməsi aparılır.

ARAYİK.jpg (84 KB)

Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arayik Harutyunyan 2020-ci ilin yayında və iyunun sonunda “Qarabağ ordusu”nun təlimlərini müşahidə etdiyini bildirərək təlimlərə Ermənistan ordusunun qərargah rəisi Onik Qasparyanın rəhbərlik etdiyini, habelə Azərbaycanın dərinliklərinə zərbələr endirilməsi barədə qərarların Ermənistanda verildiyini etiraf edib:

“Təlimlərə rəhbərliyi Ermənistan ordusunun qərargah rəisi Onik Qasparyan edirdi. Bu da gizlin proses deyil, hamının gözünün qarşısında olan bir şey idi. Yayın sonunda Qarabağa Nikol Paşinyan gəldi. Mən onu “ordu bölmələri”nə qədər müşayiət eləmişəm. O, vəziyyətlə tanış oldu. Eşidirdim, görürdüm ki, “silahlı qüvvələr”də nə baş verir. Mən “Qarabağ müdafiə komitəsi”ndən heç bir məlumat almamışdım. Situasiya barədə heç vaxt mənə heç bir məlumat verilməyib.

“Ordu” üzərində mənim heç bir səlahiyyətim olmayıb. Bu, sizə də məlumdur. İttiham aktında da bu barədə yazılıb. Ermənistan mətbuatında da bu barədə dəfələrlə qeyd olunub, deyilib ki, Qarabağda olan ermənilərin təhlükəsizliyinə görə Ermənistan məsuliyyət daşıyır. Ermənistan silahlı qüvvələri, “Qarabağ müdafiə ordusu” da ora daxil idi. Deməli, Ermənistan təhlükəsizliklə bağlı məslələrə görə məsuliyyət daşıyır.

A.Harutunyan deyib ki, “Qarabağ müdafiə ordusu”nun “komandanı” Ermənistan Respublikasının Baş Qərargah rəisinə tabe idi:

“Mən “hərbi komandanı” vəzifəyə təyin və vəzifədən azad etməmişəm, çünki mənim buna səlahiyyətim olmayıb.

Onilliklərlə “Qarabağ ordusu” ayrıca ordu kimi fəaliyyət göstərməyib. “Qarabağ ordusu”nun komandanına qarşı Ermənistanda cinayət işi başlanılıb. Əgər mənə tabe olsaydılar, ona qarşı cinayət işi Qarabağda başlanardı”.

O, 44 günlük müharibə zamanı Gəncənin raketlərlə vurulması ilə bağlı bəyanatının olduğunu və buna görə təəssüfləndiyini bildirib.

“Azərbaycan xalqında belə bir fikir var ki, bu əmri mən vermişəm. Bu qərar mənim tərəfindən verilməyib. Bəli, mənim bu hadisə ilə bağlı bir bəyanatım var idi. İndi bu bəyanata görə təəssüflənirəm, üzrxahlıq edirəm. Mənim elə bir hüququm, elə bir səlahiyyətim, rəy bildirməyə də imkanım olmayıb. Bu bəyanatı vaxtilə niyə vermişəm, onu da istintaq zamanı verdiyim ifadəmdə izah etmişəm”, - Arayik Harutyunyan əlavə edib.

Dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırarkən Arayik bildirib ki, Gənc şəhərində mülki infrastrukturun və dinc əhalinin raket atəşinə tutulması barədə Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyandan məlumat alıbmış:

“Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan idi. Mənim Baş Qərargah rəisi ilə söhbətim olub. Birinci mərhələdə mənə Gəncədə yerləşən hava limanın vurulması barədə məlumat verib. Daha sonra isə mənim onunla heç bir təmasım olmayıb”.

Martın 17-ə Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Levon Mnatsakanyan da deyib ki, Azərbaycanın işğal edilmiş ərazilərində “İskəndər M”, “Toçka U” və “Smerç” silahları olmayıb. O, dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırarkən qondarma rejimin “müdafiə naziri” olduğu vaxt, ondan əvvəl və sonra işğal altındakı ərazilərdə bu silahları görmədiyini bildirib.

MNAT.jpg (77 KB)

Göründüyü kimi, rəsmi İrəvan onilliklər boyu uydurduğu “Qarabağ müdafiə ordusu” üzərindən siyasi manipulyasiyalar etməyə çalışsa da, artıq əsl həqiqətlər ortaya çıxmağa başlayıb. Yəni Azərbaycan ərazisində terrorçuluq və vandalizmlə məşğul olan “Qarabağ müdafiə ordusu” əslində Ermənistan Müdafiə Nazirliyinin balansında olub, oradan aldığı əmrləri yerinə yetirib. Bu o deməkdir ki, Azərbaycan ərazisində törədilən hərbi cinayətlər məhz Ermənistan tərəfindən planlaşdırılıb və baş nazir Nikol Paşinyanın əmri ilə həyata keçirilib.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR