İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ermənistan böhran içərisindədir, güc strukturları isə istefa verir" - RƏY

1461 14.06.2020 16:47 Qarabağ xəbərləri A A

"Ermənistan hökuməti son dövrlər böhran içərisindədir və hakimiyyət uğrunda mübarizə hədsiz dərəcədə gərginləşib. Bu, bir reallıqdır. Baxmayaraq ki, biz bu məsələləri Paşinyan hakimiyyətə gələndən dəfələrlə qaldırmışıq və bildirmişik, amma bu, indi daha çox nəzərə çarpır".

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

Deputat Ermənistanda baş verən böhranın səbəblərindən də danışıb:

"Bu böhranın səbəbi odur ki, Ermənistan hökuməti pandemiyaya qarşı mübarizədə istədiyi nəticələri ala bilmir və iyunun 8-də daha bir əlamətdar hadisə ilə toqquşub. Milli Təhlükəsizlik Xidmətinin direktoru Eduard Martirosyan, Ermənistan ordusunun baş qərargah rəisi, general-leytenant Artak Davtyan və polis rəisi Arman Sarkisyan eyni gündə istefa məktubları ilə prezident Armen Sarksyana müraciət ediblər. Bu, çox ciddi bir məsələdir. Elə buna görə də burada bir sual meydana gəlir ki, faktiki hakimiyyət baş nazirin, hökumətin əlində olduğu təqdirdə bəs hökumətin bu istefalara münasibəti necədir? Adını çəkdiyim adamlar bildiyimiz kimi, elə Paşinyan tərəfindən vəzifəyə təyin olunublar və onlar güc strukturlarıdır. 

Buna görə də istefaların bir gündə verilməsi Nikol Paşinyanın özünə ciddi bir xəbərdarlıqdır. Nəzərə almaq lazımdır ki, Milli Təhlükəsizlik Xidmətinin direktoru Eduard Martirosyan cəmi 3 ay bundan əvvəl vəzifəyə təyin olunmuşdu. Bu, onun göstəricisidir ki, Paşinyan hökumətinə olduqca ciddi təzyiqlər var. Hami bilir ki, bu hökumət monolit deyil və bu təzyiqlər heç də Ermənistanın daxili siyasəti ilə də bağlı deyil. Yəqin ki, bu istefaların ən əsas səbəbini ölkədən xaricdə axtarmaq lazımdır".

"Eyni zamanda biz görürük ki, burada Ermənistan müxalifəti olduqca aktiv yer tutur. Bilirsiniz ki, Ermənistanda ən böyük oliqarxlardan biri Çiçəklənən Ermənistam Partiyasının sədri Qaqik Tsarukyandır. Bu partiya həm də parlamentdə ikinci böyük fraksiyadır və bu fraksiya birmənalı şəkildə Paşinyanın bütün komandası ilə birlikdə istefaya getməsini açıq-aşkar tələb edir. Demək olar ki, Paşinyana hər fürsətdə meydan oxuyur. Paşinyanın da Tsarukyanın bu təhlükəsini aradan qaldırmaq və neytrallaşdırmaq imkanı yoxdur. Çünki bundan ötrü gərək növbədənkənar parlament seçkisi keçirilsin və o, öz mövqeyini qorusun. Pandemiya şəraitində də hər kəs də başa düşür ki, bu, mümkün deyil", - deyə, deputat bildirib.

T.Kərimli bildirib ki, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan Paşinyanı müdafiə edib:

"O da pandemiya dövründə sosial-iqtisadi və siyasi cəhətdən ciddi problemlərə qarşı mübarizə aparan hökuməti tənqid etməyin xəyanət olduğunu bildirir. Onu da deyək ki, Paşinyan 90-cı illərdə Petrosyanın lideri olduğu Erməni Milli Hərəkatının şinelindən çıxıb və hamıya məlumdur ki, Petrosyana yaxınlığı ilə tanınır. Bu bəyanatdan sonra Petrosyanın 90-cı illərin ikinci yarısında Dağlıq Qarabağ münaqişəsində Azərbaycan güzəşt getmək planı yarımçıq qalması və bunu Paşinyanın davam etməsi haqqında müxtəlif fikirlər səsləndirirlər. Bilirsiniz ki, məhz Petrosyanın dövründə Qarabağa güzəştlərdən danışılırdı, BMT məlum qətnamələri qəbul etmişdi. Paşinyan hiyləgərdir, əslində sələfinin bu siyasətini davam etdirmək istəyir, lakin qorxur və ona görə də Qarabağa dair yalançı sərt bəyanatlar verir. Bu, çox ciddi bir mübahisə predmetidir".

T.Kərimli vurğulayıb ki, digər tərəfdən Ermənistanın keçmiş prezidenti Serj Sarksyanın da mövqeyi zəifləyib:

"Bunun da əsas səbəbi 2016-cı ildə baş verən dörd günlük müharibə idi. Bunu Ermənistan hökuməti də, müxalifəti də, cəmiyyəti də dəqiqliklə bilir. Hamıya məlumdur ki, Paşinyan nə qədər Dağlıq Qarabağ məsələsində güzəştə getməyəcəyini bildirsə də, onun Dağlıq Qarabağda Azərbaycan güzəşt gedəcəyi planının olduğu barədə məlumatlar dövriyyədən çıxmır".

T.Kərimlinin sözlərinə görə, Ermənistanın ictimai-siyasi həyatında Paşinyanın qarşılaşdığı problemləri təkcə ölkənin daxilində deyil, daha çox Rusiya ilə bağlayırlar:

"Yəni kənar müdaxilə ilə əlaqələndirirlər. Ekspertlər arasında vahid bir mövqe var ki, Rusiya səhv güclə, kobudluqla deyil, yumşaq gücdən istifadə etməklə Ermənistanda hakimiyyəti dəyişdirmək və tamamilə Rusiyayönümlü bir hakimiyyət qurmaq istəyir.

Əlbəttə ki, Ermənistanın daxili ictimai-siyasi həyatının gərginləşməsi, iqtidar-müxalifət münasibətlərinin kəskinləşməsi, sosial-iqtisadi problemlərin həll edilməməsi və pandemiya zamanı hökumətin bunun öhdəsindən gələ bilməməsi Azərbaycan dövlətinin maraqlarına tamamilə cavab verir. Hesab edirik ki, Azərbaycan Ermənistandakı bu vəziyyətdən maksimum şəkildə faydalanmalıdır. Koronavirus problemi ilə ciddi şəkildə üzləşən Ermənistanda güc strukturlarının istefa verməsi son iki ildə hökumətin yeni tərkibdə qurula bilməsi ehtimalını göstərir. Amma bunu da bilirik ki, Paşinyan əvvəlki gücdə deyil və Ermənistan xaosa sürüklənə bilər".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR